Bazar ertəsi , 17 İyun 2024
Drone Cameras

Samir Adıgözəlli “İclasda iştirak edib əl qaldırmaqla işlərini bitmiş hesab edirlər”

Bakının o qədər problemləri var ki, bir-bir sadalamaqla qurtarmaz. Paytaxtda qanunsuz tikililərdən, tıxaclardan, məhəllələrin bərbad vəziyyətdə olmasından tutmuş başqa neqativ hallara qədər insanları, vətəndaşları narahat edən çox məsələlər var. Bakı rayonlarının icra hakimiyyətlərinin, bələdiyyələrin, “JEK”lərin və başqa qurumların “ala başına, kül başına” gördüyü işlər insanların rahatlığını təmin etməyə yox, onlara çətinliklər yaratmağa yarayır. Bir sözlə, hər gün sosial şəbəkələrdə, KİV-də vətəndaş narazılıqlarına rast gəlirik, giley-güzarları da məlumdur.

Çox təəssüflər olsun ki, parlament seçkiləri zamanı az qala gecəni də sakinlərlə keçirmək istəyən deputatlar gözə dəymir, 99 faiz deputatlar indiyə qədər həll olmayan, əhalini narahat edən məsələləri dilə gətirməyib, parlamentdə qaldırmayıb ki, bəlkə icra başçısı, digər qurumlar problemi həll etdi. Deputatların hərəsi bir mandat alıb parlamentdə oturublar, camaatın köklü problemləri isə qalır bir yanda. Deputatların camaatın problemlərinə biganə olduğu məlumdur və onları öz şəxsi işlərindən başqa heç nə maraqlandırmır.

Bəzi ekspertlər deyir ki, vətəndaşları ən çox narahat edən məsələlərdən biri qanunsuz tikintilər zamanı ərazinin infrastrukturunun bərbad vəziyyətə salınmasıdır. Onların sözlərinə görə, indiyə qədər bir deputat bu məsələni qaldırmayıb ki, ay tikinti şirkətinin rəhbəri, ay icra başçıları, əhalini niyə incidirsiz? Ekspertlər deyir ki, deputatların bəziləri öz mandat aldıqları rayonlarda biznes şəbəkəsi qurub, hətta tikinti də aparırlar, belə baxanda əhaliyə problem yaradanlar içində parlamentdə oturanlar da var.

  • “Bu deputatlar hesab edir ki, xalq onların nəyinə lazımdır, sabah icra başçılarından, MTK rəhbərindən işləri keçə bilər, ona görə də “kor”, “kar” olurlar”

İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində bildirdi ki, deputatların bir çoxu öz vəzifələrini anlamır. “Deputatların əksəriyyəti belə başa düşür ki, deputatlıq parlamentdə oturmaq, düyməni basmaq və əl qaldırıb səs verməkdən ibarətdir. Onlar bunun üçün seçildiklərini düşünürlər. Təbii, bizim beş-on deputatımız var ki, mən onların əməyinə xələl gəlməsini istəmirəm, onlar həqiqətən də camaatla işləyirlər, çox aktivdirlər. Bu deputatlar seçildikləri rayonun vəziyyəti ilə bağlı məsələ qaldırırlar, yaxud vətəndaşlarla görüşüb onların problemləri ilə maraqlanırlar. Amma Azərbaycan parlamenti beş-on deputatdan ibarət deyil. Sadə vətəndaş bu beş-on deputatı tanıyır, başqalarını tanımır. Mən özüm uzun illərdir ictimai-siyasi fəaliyyətlə məşğulam, amma bir də görürsən ki, elə adamın millət vəkili olduğunu deyirlər, məəttəl qalıram. Bu adam neçə ildir deputatdır, amma bunu tanımıram. Deyirlər ki, Milli Məclis qərarverici orqandır və deputatlar qərar verir. Biz çox gözəl bilirik ki, o qərarlar, qanunlar necə hazırlanır. Daha doğrusu, bu qanunların hazırlanmasında deputatların böyük əksəriyyətinin heç bir iştirakı yoxdur. Onların çoxunun bu qanunların hazırlanmasından xəbəri yoxdur. Qarşılarını anidən kəsib sonuncu qəbul olunmuş qanunu həmin deputatlardan soruşun. Əgər bu deputatların, həmin qanunun bəndlərini demirəm, girişindən xəbəri olsa adımı dəyişərəm. Söhbət məlum deputatlardan gedir ki, onları yalnız öz biznesləri maraqlandırır. Onlar xalqın qeydinə qalmaq üçün deputat olmurlar, deputat olurlar ki, öz bizneslərini rahat şəkildə qursunlar. Bu deputatlar nə üçün mandat aldıqları dairənin vəziyyətini bilmir, orada rayon icra hakimiyyətlərinin apardığı qanunsuz işləri ifşa etmirlər, camaatın problemləri ilə maraqlanmırlar? Onlar heç maraqlanmağı ağıllarına belə gətirmirlər.

Əsas məqsədləri öz bizneslərini genişdirmək, övladlarını, qohum-əqrabalarını vəzifələrə çəkməkdir. Deputat mandatı bir çox deputatlar üçün bir “krışadır”. Özlərinin vəziyyəti, sabahı ilə bağlı işlərlə məşğuldular. Bakının bu qədər problemi var, sadalamaqla qurtarmaz, amma heç bir deputatın səsi çıxmır. Bunlar özlərini xalqa görə oda-alova atmaq, işbaz tikinti şirkətləri, onlara meydan verən icra başçıları ilə üz-üzə gəlmək istəmirlər. Xalqın dar günündə xalqın yanında olmaq onları maraqlandırmır.  Bu deputatlar hesab edir ki, xalq onların nəyinə lazımdır, sabah icra başçılarından, MTK rəhbərindən işləri keçə bilər, ona görə də “kor”, “kar” olurlar”.

Bu deputatların 44 günlük Vətən müharibəsində də səslərinin eşidilmədiyini, onların camaatla görüşlər keçirmədiyini deyən S.Adıgözəlli qeyd etdi ki, müharibə dövründə bütün istiqamətlər üzrə ölkə başçısı İlham Əliyev sanki təkbaşına mübarizə aparıb, xalqın lideri, sərkərdəsi olaraq meydanda olub. Lakin parlamentin beş-on deputatından başqa qalanlarının ortada görünmədiyini deyən S.Adıgözəllinin sözlərinə görə, onlar nə üçün xalqın, şəhid ailələrinin, qazilərin yanında, şəhidlərin dəfnində deyildilər?  Milli Məclisdə kifayət qədər yerndə olmayan, deputat mandatı daşımağa layiq olmayan insanlar var. “Bir çox deputatlar seçildikləri rayonların əhalisinin problemlərindən xəbərsizdir. Onların çoxu Bakının rayonlarının icra başçıları ilə dostluq edir, bəzilərinin şərikli biznesi də olmamış deyil. Bəzi deputatlarla bəzi icra başçıları bir-birinin paxırını örtürlər, bu da hər iksinin marağına xidmət edir. Bütün bu məsələlər cəmiyyətə açıq şəkildə çatdırılmalıdır ki, qaranlıq heç nə qalmasın. Bu açıqlamanı nə parlamentin nüfuzuna xələl gətirmək üçün veririk, nə də parlamentə hörmətsizlik gətirmək məqsədi güdürük. Əgər bizim parlamentin işində beş-on deputatın fəaliyyəti hiss olunusa o biriləri nəyə lazımdır? Əgər 125 deputatın çoxu özünü düşünəcəksə, xalqın qeydinə qalmayacaqsa onda parlament 125 yox, 25 deputatdan ibarət olsun. Mən parlamentdəki bir çox deputatların fəaliyyətindən razı deyiləm. Onların bəziləri heç öz missiyasını, vəzifə borcunu bilmir. Ancaq və ancaq bunlar elə bil növbətçi rolunu oynayır. İclaslarda iştirak edib əl qaldırmaqla işlərini bitmiş hesab edirlər. Bunların bir çoxuna kvorum deputatı kimi baxıram”- deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib

COP29 Könüllülük Proqramının üzvlərinin iştirakı ilə Şıx çimərliyində sahil boyu “Cleanmob” təmizlik aksiyası təşkil edilib. …