Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “İki dövlət qurumu birləşib bir-iki nəfər də sahəvi ekspert dəvət edib daxildə müsabiqə keçirirsə, bu halda kim iddia edə bilər ki, burada hər şey düzgündür?”

Məlum olduğu kimi, bu ilin fevral ayında Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Qeyd edək ki, iyunun 6-dan etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsillə bağlı müraciətlərin qəbuluna başlanılıb, sənəd qəbulu 26 iyun tarixində başa çatıb.

Təhsil Nazirliyinin 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri bir müddət əvvəl bildirirdi ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bu il həm bakalavr, həm də magistratura səviyyəsi üzrə 400 tələbənin xaricdə təhsilinin maliyyələşdirilməsi imkanı yaradılacaq.

Bildiyimiz kimi, Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq gənclərin seçimi Dövlət Neft Fondu, Təhsil Nazirliyi və sahəvi ekspetlər tərəfindən aparılır.

Bu seçimlərin obyektivliyinə nə dərəcədə inanmaq olar? O ekspetlər kimlərdir? Niyə Media Agentliyinə müraciət edilmir, nə üçün media təmsilçiləri də  bu prosesə cəlb edilmir? Bu, şəffaflığın təmin edilməsi üçün daha yaxsi olmazdımı?

Ekspertlər hesab edir ki, xaricdə təhsil məsələsi milli məsələ olduğu üçün seçimdə ictimaiyyətin, xüsusən də medianın iştirakı təmin edilməlidir. Ekspertlərin sözlərinə görə, sahəvi ekspertlərin kimliyi məlum deyil və onların adları açıqlanmırsa, bu da seçimin obyektivliyinə kölgə salır. Ekspertlər qeyd edir ki,  əvvəlki dövrlərdə də bu istiqamətdə seçimlərdə qeyri-şəffaflığın müşahidə edildiyi barədə söz-söhbətlər, şübhələr mövcuddur.

  • “Medianın iştirakı olmadan hər hansı bir şəffaflıqdan, obyektiv seçimdən danışmağa dəyməz”

İSBAM sədri Samir Adıgözəlli hesab edir ki, xaricdə təhsil məsələsi sıradan bir hadisə deyil, xaricdə təhsil alacaq gənclər xalqımızı, dövlətimizi təmsil etdiyi üçün xüsusi həssaslıqla seçilməlidir. Bu məsələdə şəffaflın birmənalı olaraq təmin olunmalı olduğunu vurğulayan S.Adıgözəllinin sözlərinə görə, seçim məsələsində əsasən Azərbaycanın ehtiyacı olan sahələr üzrə mütəxəssislər yetişdirilməsinə diqqət yetirilməlidir. “Prezidentin bu istiqamətdə imzaladığı dövlət proqramını alqışlayıram. Çox arzu edərdim ki, bu proqramın icrasında hər hansı bir qüsura, nöqsana yol verilməsin. Bu proqram üzrə Azərbaycanın ehtiyac duyduğu sahələr üzrə kadrların yetişdirilməsinə ciddi fikir vermək lazımdır. Xaricə göndəriləcək gənclərin seçimində şəffaflığın gözlənilməsi çox vacibdir. Çox təəssüflər olsun ki, bu prosesdə qeyri-şəffaflıq halları ilə daha çox rastlaşmışıq. Azərbaycana fayda verəcək, savadlı-bilikli, təhsilini başa vurduqdan sonra həqiqətən də ölkəmizə qayıdıb işləmək arzusunda olan gənclərin əksəriyyətinin bu imtahanlardan “kəsildiyinin”, xaricə göndərilmədiyinin şahidi olmuşuq. Bir sıra hallarda görmüşük ki, hanısa bir istedadlı gəncin əvəzinə bir məmur balası dövlət hesabına xaricdə oxumağa göndərildi. O məmur balasına ölkədən çıxmaq, xaricdə yaşamaq lazımıdır, onu Azərbaycana qayıtmaq düşündürmür. Bu problem var və bunu da doğuran məqamlar bu semim prosesinə ictimai nəzarətin olmaması, medianın burada iştirak etməməsidir. Seçimdə obyektivliyin, şəffaflığın təmin olunması üçün burada medianın, vətəndaş cəmiyyəti institutunun təmsilçilərindən ibarət bitərəf ekspertlərin, müstəqil mütəxəssislərin iştirakı vacibdir. Təəssüflər olsun bizə Təhsil Nazirliyi və digər nazirliklər, dövlət qurumları istiqamətində bu kimi seçimlərdə şəffaflıq olmur. Çox təəssüf ki, heç yarı-yarıya da şəffaflıq müşahidə edilmir. Nəticədə haqqı olan, sabah ölkəmiz üçün böyük xeyir, fayda verəcək beyinli uşaqlarımız kənarda qalır. Təbii əgər onlar gedib Dövlət Proqramı çərçivəsində, bizim üçün vacib olan istiqamətlər üzrə xarici ali məktəblərdə öz biliklərini daha da yüksək səviyyəyə çatdırması ölkəmiz üçün çox faydalı olacaq.

Hesab edirəm ki, medianın iştirakının təmin olunmadığı seçimdən hər hansısa şəffaflıq gözləmək olmaz. Çünki iki dövlət qurumu birləşib bir-iki nəfər də sahəvi ekspert dəvət edib daxildə müsabiqə keçirirsə, bu halda kim iddia edə bilər ki, burada hər şey düzgündür. Təhsil Nazirliyi və digər əlaqədar qurumlar şəffaf seçim etdiklərini təsdiqləmək üçün medianın iştirakına maraq göstərməlidir. Təhsil Nazirliyi və Neft Fondu prosesdə medianın iştirakının təmin edilməsi üçün MEDİA-ya müraciət edə bilər. Bunun yalnız işə xeyri dəyə bilər”.

S.Adıgözəlli onu da vurğuladı ki, dövlət böyük vəsait xərcləyib o gəncləri təhsil almaq, mütəxəssis kimi yetişmək üçün xarici ali məktəblərə göndərirsə, onlar xaricdə qalmamalıdır, ölkəyə qayıtmalıdırlar. S.Adıgözəlli təəssüflə qeyd etdi ki, burada müxtəlif qrupların maraqları da özünü göstərir, çox zaman ayrı-ayrı nazirlərin, rektorların, generalların, başqa-başqa vəzifə sahiblərinin, millət vəkillərinin, oliqarxların adamları, səfirlərin tanış-bilşləri seçimlərdə “qalib” gəlir. “Bunların gözünə də beş-on nəfər adamsız gəncləri qatıb xaricə göndərirlər, amma belə olmalı deyil. Bu həm ölkənin gələcəyinə xəyanətdir, qəsddir, eyni zamanda sosial ədalətsizlikdir. Ona görə də, bu məsələdə medianın və ictiami təşkilatların təmsilçilərini rolu bütün mənalarda vacibdir. Medianın iştirakı olmadan hər hansı bir şəffaflıqdan, obyektiv seçimdən danışmağa dəyməz”- deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …