Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “İlkin addımlar göstərir ki, istiqamət hərbi və strateji müttəfiqliyə doğru gedir”

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib ki, Azərbaycan onlar üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır: “Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı danışdıq.

Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə ürəkdən sevinirik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyada tanınır. Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir. Biz bu nəcib işə öz töhfəmizi verməyə şad olarıq, bu barədə də məhdud tərkibdə keçirilən görüşdə danışdıq”.

Azərbaycan Prezidenti ilə ikitərəfli münasibətlərin bütün məsələləri barədə çox açıq və səmimi söhbət etdiklərini vurğulayan Şavkat Mirziyoyev deyib: “Hətta hansı istiqamətlər üzrə real nəticə olması üçün nə etməli və necə etməli olmağımız barədə danışdıq. Əlbəttə, son illər biz etimada əsaslanan dialoqumuzu və praktiki əlaqələrimizi əhəmiyyətli dərəcədə fəallaşdırmışıq. Bu gün mühüm siyasi sənəd – Strateji tərəfdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlığın artırılması haqqında Bəyannamə qəbul olunacaq”.

Azərbaycan Prezidentinin Özbəkistanda keçirdiyi görüşlərin mahiyyəti və səsləndirdiyi bəyanatların məzmunu ölkələrimiz arasındakı münasibıtlərin ən yüksək səviyyədə olduğunu göstərir.

Özbəkistanla Azərbaycan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi və hərbi sahədə əməkdaşlığa dair sənədlərin imzalanması iki ölkə arasındakı münasibətlərin strteji tərəfdaşlıqdan strateji müttəfiqliyə çevrilməsi perspektivinə necə təsir edə bilər?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin ( İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,

Prezident İlham Əliyevin hazırda Özbəkistana davam edən rəsmi səfəri adi protokol səfəri deyil: “Bu, dünyada yeni yaranmış geosiyasi hadisələr fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir.

Bu səfər təkcə Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni və strateji tərəfəfdaşlıq mərhələsinə yüksəltmir, eyni zamanda türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar yaradır. Səfər zamanı çox mühüm razılaşmalar imzalandı. Bunlardan hərbi sahədə əməkdaşlıq haqqında sazişi, Xarici İşlər nazirlikləri arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq proqramını, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının artırılması, iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında razılaşmanı xüsusi qeyd etmək lazımdır. Bir faktı nəzərinizə çatdırım ki, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir. Bu fakt xalqlarımızın nə qədər yaxın olmasından xəbər verir. Bu mənada türk dövlətləri arasında əlaqələrin inkişafı, o cümlədən Azərbaycan və Özbəkistan arasında inteqrasiya cəmiyyətin sifarişidir.

Hər iki ölkənin əməkdaşlıq sahəsində yetərincə təcrübəsi var. Bu təcrübələrin qarşılıqlı şəkildə bölüşdürülməsi, öyrənilməsi lazımdır. Hələlik ilkin addımlar göstərir ki, istiqamət hərbi və strateji müttəfiqliyə doğru gedir. Bu isə o deməkdir ki, gələcəkdə Azərbaycanla Özbəkistanın hərbi və strateji müttəfiq olmaları tamamilə mümkündür.

Çox istərdik ki, Mərkəzi Asiyanın digər qardaş dövlətləri də Özbəkistandan nümunə götürərək, belə mövqe sərgiləsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …