Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Prezident tərəfindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin azad torpaqlara dəvət edilməsinin böyük tarixi əhəmiyyəti və mənası var”.

Samir Adıgözəlli: “…beynəlxalq səviyyədə silsilə tədbirlər keçirilməsinə şərait yaradır”

“Ümid edirəm ki, pandemiyadan sonra mərkəzin növbəti tədbirində, həmçinin, mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir…”.

Bunu Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən bildirib.

  • “Prezident tərəfindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin azad torpaqlara dəvət edilməsinin böyük tarixi əhəmiyyəti və mənası var”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman, xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. “Ümumiyyətlə, bilirsiniz ki, beynəlxalq aləmdə Azərbaycana yaxından dəstək verən, ölkəmizin ədalətli mövqeyini təbliğ edən qurumlardan biri də məhz Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Cənab Prezidentin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan olunub. Dünya ədəbiyyatının dahi simalarından və Azərbaycanın qüdrətli söz ustadlarından olan mütəfəkkir şairimiz Nizami Gəncəvinin yubileyinin ən yüksək səviyyədə keçirilməsi bizim xalqımızın mənəvi zənginliyinin bir daha bütün dünyaya sübutudur.

Ölkə başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçilərini azad olunmuş ərazilərə rəsmən dəvət etməsinin çox mühüm əhəmiyyəti var. Fikrimcə, bu, mərkəz tərəfindən azad olunmuş ərazilərimizdə “Nizami Gəncəvi İli” çərçivəsində beynəlxalq səviyyədə silsilə tədbirlər keçirilməsinə şərait yaradır. Düşünürəm ki, mərkəz Prezidentin dəvəti əsasında çox qısa müddətdə öz tədbirlər planını təqdim edəcək. Təsəvvür edin ki, işğaldan azad edilən Şuşa şəhərində Nizami Gəncəvi ilə bağlı beynəlxalq bir tədbir keçirilərsə, bütün dünyanın diqqəti Azərbaycanın bu tarixi şəhərinə yönələcək. Bütün bunlar çox mühüm əhəmiyyat daşıyır. Azərbaycan xalqının tükənməz mənəvi zənginliyə, böyük ədəbiyyata və mədəniyyətə sahib olduğu mesajının məhz azad olunmuş ərazilərimizdən, Şuşadan dünyaya çatdırılmasının xüsusi əhəmiyyəti olacaq. Təbii ki, hazırda azad olunmuş torpaqlarımızda tikinti-quruculuq işləri, minalardan təmizləmə və sair həyata keçirilir. Bilirsiniz ki, erməni vandalları torpaqlarımızda vəhşiliklər törədiblər”.

S.Adıgözəlli hesab edir ki, mərkəz azad olunmuş ərazilərimizdə keçirəcəyi ilk tədbirlərini Nizami Gəncəviyə həsr etsə və bu tədbirlərin Suqovuşandan başlayıb Şuşaya, Kəlbəcərə qədər davam etdirilməsi çox maraqlı olardı. “Prezident tərəfindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin azad torpaqlara dəvət edilməsinin böyük tarixi əhəmiyyəti və mənası var” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …