“Rusiya oyundan kənarda qalmaq təhlükəsi ilə üz-üzədir, bu səbəbdən də sülhməramlılar separatçılara bu dəfə dəstək verməyib”
Son günlərə qədər Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti separatçıların keçirdikləri bütün qanunsuz aksiyalara dəstək olduqlarını açıq ifadə edirdilər, hətta Xankəndinin mərkəzində keçirilən aksiyalarda yaxından iştirakda da bulunurdular.
Bir sözlə, onlar separatçıların araxasında “dağ” kimi dayandıqlarını büruzə verirdilər. Amma bu dəfə sülhməramlılar separatçılara dəstək verməkdən boyun qaçırıb. Yayılan məlumata görə, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) “aksiyası”nı müşayiət etməkdən imtina edib. Sülhməramlıların bu addımı erməni mediasında hiddətlə qarşılanıb, onlar hələ də baş verənləri həzm edə bilmirlər.
Mətbuata görə, sülhməramlıların komandanlığı bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobillərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmur.
Qeyd edilir ki, dövlət başçılarının 6-cı Brüssel görüşü (15 iyul) ərəfəsində Qarabağda separatçıların “təşkilatçılığı” ilə başlayan “etiraz” şousunu Rusiya sülhməramlıları bu zamana kimi müşaiyət edirdilər. Etirazçıların narazılıqlarının əsas “səbəbi” kimi, guya Azərbaycanın Laçın Sərhəd Buraxılış Məntəqəsini bağlayaraq Qarabağ ermənilərinə qarşı humanitar böhran yaratdığı qeyd edilsə də, bu addımların sadəcə əsassız, qarayaxma kampaniyasından başqa bir şey olmadığı hər kəsə məlum oldu. Çünki Azərbaycan Qarabağ ermənilərinin Laçın postundan gediş-gəlişinə heç bir maneə yaratmadığını faktlarla, videomateriallarla dəfələrlə sübuta yetirib. Hətta rəsmi Bakı Qarabağ ermənilərinə humanitar yardım çatdırmaq istəyən Ermənistana daha uyğun, daha səmərəli olan Ağdam-Xankəndi yolunu təklif etsə də, qarşı tərəf bu təklifdən imtina edərək, öz əsl məqsədlərini növbəti dəfə ortaya qoydu. Beləcə məlum olur ki, nə Ermənistan hakimiyyətinin, nə də Qarabağdakı qondarma rejim qalıqlarının fikri-zikri Qarabağ ermənilərinin gələcək taleyi deyil. Onları elə ən yaxşı düşünən, onların təhlükəsizliyini təmin etməyi üzərinə götürən səmimi bir tərəf var – Azərbaycan. Qalanları sadəcə öz maraqları naminə Qarabağ erməniləri üzərindən növbəti planlarını həyata keçirməyə can atırlar.
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığının bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) “aksiyası”nı müşayiət etməkdən imtina etməsinin çox ilginc səbəbi var. Məlumdur ki, iyulun 15-də keçirilən 6-cı Brüssel görüşünə qədər sülhməramlılar ermənilərinin bu tip “aksiya”larını müşaiyət edirdilər. Amma indi bundan imtina ediblər, imtina da səbəbsiz deyil, açıq bildirirlər ki, erməniləri müşaiyət etmək 10 noyabr sənədində yoxdur. Əgər yox idisə, nə üçün iyulun 15-nə qədər bütün “aksiya”larda erməniləri müşaiyət edirdilər? Əlbəttə, bu gün belə yazmaqları təsadüfi deyil, onun mütləq bir səbəbi var. Bu gün sülhməramlıların bu məsələdə düzgün mövqe tutmağa başlaması nəyin nəticəsidir?
- “2020-ci ilin 10 noyabrından son Brüssel görüşünə qədər üçtərəfli bəyanatın heç bir bəndinə məhəl qoymayan Rusiya sülhməramlılarının birdən-birə bəyanatın şərtlərini yada salması, ona əməl etmək istəyi təəccüblü görsənir”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiya sülhməramlılarının bu addımlarının arxasında konkret məsələ durur. O bildirdi ki, görünür sonuncu Brüssel görüşündə Rusiyaya lazımı mesajlar verilib və bu səbəbdən də o, üçtərəfli bəyanatdakı öhtəliklərini yada salıb. “Sonuncu Brüssel görüşündə Ermənistan Azərbaycanın, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Almatı razılaşmasına əsasən Ermənistanın ərazisinin 29.800 km2, Azərbaycanın isə 86.600 km2 olduğunu təsdiqləyiblər.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də açıqlamışdı ki, delimitasiya və başqa məsələlərlə bağlı razılaşma əldə olunub. Payızda Almaniya və Fransanın da iştirakı ilə Avropa İttifaqının siyasi sammitində beşliyin görüşü keçiriləcək. Brüssel görüşündə əldə olunan nəticə Azərbaycanın növbəti diplomatik uğuru idi. Eyni zamanda da bu, sülhün əldə olunmasına yaxınlaşmaq anlamı daşıyır. Rusiya sülhməramlılarının bu dəfə erməni təxribatçılarına arxa çıxmamasının əsas səbəblərindən biri Rusiyanın prosesdən uzaqlaşdırılması ilə bağlıdır. Rusiya sülhməramlılarının mövqe dəyişikliyinə səbəb 10 noyabr bəyanatı deyil, məhz Rusiyanın vasitəçilikdən, bütövlükdə bu prosesdən get-gedə tamamilə təcrid olunmasıdır. Rusiya da bu təcridi görür. Onu da deyim ki, sonuncu Brüssel görüşündə Rusiyaya lazımı mesajlar ötürülüb. Hesab edirəm ki, hətta müəyyən təzyiqlər də edilib. Rusiya oyundan kənarda qalmaq təhlükəsi ilə üz-üzədir, bu səbəbdən də sülhməramlılar separatçılara bu dəfə dəstək verməyib”.
S.Adıgözəlli qeyd etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində Avropa İttifaqının addımları, Şarl Mişelin “Dağlıq Qarabağ” ifadəsini işlətməsi, separatçılara ümid verən hər hansı bir fikri dilə gətirməməsi Rusiyanı narahat etməyə bilmir. “2020-ci ilin 10 noyabrından son Brüssel görüşünə qədər üçtərəfli bəyanatın heç bir bəndinə məhəl qoymayan Rusiya sülhməramlılarının birdən-birə bəyanatın şərtlərini yada salması, ona əməl etmək istəyi təəccüblü görsənir, eyni zamanda da suallar yaradır. Rusiya özünə qarşı hər hansı bir hərəkət görməsəydi, çətin ki, separatçıları dəstəkləməkdən əl çəkərdi. Rusiya indi yeni dərk edib ki, bu 10 noyabr bəyanatında yoxdur? Qətiyyən. Rusiya bunu edirsə, demək özünün artıq prosesdən təcrid edildiyini görür. Rusiyaya təzyiqlər artacaq. Rusiya isə Ermənistan daxilindəki revanşistləri təxribatlara təhrik edə bilər. O, prosesdən təcrid edildikcə daha çox təxribatlara meyl edəcək”-deyə D. Adıgözəlli qeyd etdi.
Leyla QARAXANLI