Paşinyan hakimiyyətinin Ermənistanın gələcək taleyi ilə bağlı verdiyi qərarda Rusiya ilə qarşılıqlı münasibətlərə yenidən baxılması nəzərdə tutulur. Ən əsası isə, Rusiyadan uzaqlaşıb, birdəfəlik Qərbə inteqrasiyanın yolları axtarılır. Ermənistanda nəşr olunan qəzetlərdən biri sensasiya sayıla biləcək bir məlumat yayıb.
Həmin məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə təmsil olunmayan siyasi qüvvələrin təmsilçiləri ilə görüşüb. Həmin görüşdə erməni baş nazir Qarabağ klanına aid olmayan siyasi qüvvələrdən bir neçə məsələdə Ermənistan hökumətinə dəstək verilməsini istəyib. Müzakirə olunan məsələlərin gündəliyi kifayət qədər genişdir. İlk sırada Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi dayanır. Erməni baş nazir bu məsələnin nizamlanması prosesinin Rusiyanın vasitəçiliyindən çıxarılıb, Qərb siyasi dairələrinə həvalə olunmasının vacibliyini vurğulayıb. Paşinyan Ermənistanın xarici siyasət kursuna yenidən baxılmasına, ona ciddi düzəlişlər edilməsinə cəmiyyətin hazır olmasının vacibliyini vurğulayıb. Məsələ ondadır ki, erməni baş nazir Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından çıxmasının qaçılmaz olduğunu iddia edib. Onun fikrincə, Ermənistan cəmiyyəti dəstək verərsə, belə bir radikal addımın atılmasının sonrakı nəticələrindən yayınmaq mümkün ola bilər. Və o, Rusiyanın patronajlığı altında olan hər iki qurumun da Ermənistan üçün alternativsiz olmadığını əsaslandırmağa çalışıb.
Paşinyan həqiqətin KTMT-ni tərk etmək qərarına gəlib, yoxsa siyasi blef edir?
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Soçi görüşü zamanı Paşinyanın davranışlarından onun necə gərgin atmosferdə olduğu aydın hiss edildi: “Sanki bu görüşə məcbur ediblər kimi davranırdı. Bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə təşkil olunan iki görüşdən müxtəlif bəhanələrlə boyun qaçıran Ermənistanın baş naziri bu dəfə də özünəməxsus səbəblər uydurmağa çalışdı. Lakin son anda görüşdən yayına bilmədi. Ölkə liderlərinin görüşü hələ müharibənin sona çatmasının birinci ilində, yəni noyabrın 9-da nəzərdə tutulmuşdu. Hər üç ölkə də buna razılıq vermişdi. Lakin son anda Ermənistanın baş naziri heç bir səbəb göstərmədən bu görüşdən imtina etdi. Paşinyan zaman-zaman Rusiyanın vasitəçilik missiyasını Qərbin sifarişi ilə sabotaj edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə yalvararaq, onun dekabrda nəzərdə tutulan görüşə vasitəçilik etməsini istəyib. Görüş öncəsi erməni liderin açıqlamaları, 2020-ci il 10 noyabr bəyanatının müddəalarını təhrif etməyə çalışması da onun ənənəvi qeyri-konstruktiv mövqeyinin davamıdır. Bir sözlə, Paşinyan əlindən gələni edir ki, Rusiyanın vasitəçiliyi ilə Soçi görüşünün mümkün nəticələri kölgə altına düşsün. Paşinyanın üçtərəfli görüş üçün Soçiyə səfər etdiyi bir vaxtda İrvanda revanşist qüvvələr etiraz aksiyaları keçirir. Bəzi ictimai təşkilatlar Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasına dair müzakirə olunan məsələləri ictimaiyyətə açıqlamaq tələbi ilə paytaxtda etiraz aksiyaları keçiriblər.
Bütün bunlar onu göstərir ki, hakimiyyət dairələrində Ermənistanın “Rus NATO-su” adlandırılan KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə müzakirələrin olduğunu iddia edən məlumatlar qətiyyən ehtimal və ya şayiələrdən ibarət deyil. Baş nazir Nikol Paşinyan artıq bu mövzuları qapalı toplantılarda da müzakirə edib, Rusiyaya sadiq Qarabağ klanına aid olmayan siyasi qüvvələrdən dəstək istəmək mərhələsinə start verib. Və bu, yaxın vaxtlarda Rusiyanın öz regional forpostu Ermənistanla ciddi problemlər yaşayacağı anlamına gəlir. Kreml artıq rəsmi İrəvanın avantürist planlarından məlumatsız deyil. Rusiya siyasi dairələrində Paşinyan hakimiyyətinin növbəti xəyanət ssenarisi içərisində olduğunu anlayırlar. Bu baxımdan, rəsmi İrəvanın KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxaraq Qərbə inteqrasiya niyyətlərinin cavabsız buraxılmayacağı qətiyyən şübhə doğurmur. Sadəcə, Paşinyanın bununla bağlı konkret qərar verməyə gücü çatmır. Bilir ki, Rusiya onu birdəfəlik məhv edər”.
Məhəmmədəli QƏRİBLİ