Elmira Axundova Ukraynada azərbaycanlıları tək qoyduğu üçün özü də “tək buraxıldı”…
Prezident İlham Əliyev Elmira Hüseyn qızı Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması ilə bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev bu ölkəyə səfir təyin edilib. O, bundan əvvəl Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində işləyib. Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edərək Bakıya qayıdıb və həmin vaxtdan Ukraynaya getməyib. Onun səlahiyyətlərini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev yerinə yetirib.
E.Axundovanın çətin günlərdə Ukraynanı tərk etməsi, oradakı soydaşlarımızı və əməkdaşları taleyin ümidinə buraxması Azərbaycanda ciddi etirazlara səbəb olmuşdu. Maraqlıdır ki, Elmira Axundova gizlənməyinin səbəbini qadın olması ilə izah etməyə çalışırdı. Elmira Axundovanın yaşadığı tale və ona verilən qiymət digər diplomatlarımız üçün də bir örnək olmalıdırmı?
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısı tərəfindən Ukraynaya yeni səfir təyin olunmasının bizə faydalı olacağına inanır: “Güman edirəm ki, bu səfir digərlərindən, xüsusilə son səfirdən özünün çevikliyi, diplomatlıq keyfiyyətlərinin yüksək olması, milli məsələlərə layiqli yanaşması ilə seçiləcək. Ukrayna, bilirsiz ki, həm azərbaycanlıların Rusiyadan sonra çox yaşadığı, həm də son bir iki ildə müharibəyə, regional, beynəlxalq faktorlara görə dünyanın gözü olan bir ölkədir. Bu baxımdan da Azərbaycanın diplomatik missiyasının başında hər mənada lazımlı bir şəxs olmalıdır. Keçmiş səfir Elmira Axundova ilə bağlı, çox təəssüflər olsun ki, xoş sözlər deyə bilməyəcəm. Mən öz praktikama əsaslanaraq qeyd etmək istəyirəm ki, Kiyev şəhərində iki mühüm tədbir keçirmişəm. Hər iki tədbirlə bağlı Xarici İşlər Nazirliyinin, səfirliyimizin məlumatlanmasına baxmayaraq, səfirliyin adi nümayəndəsi belə orda iştirak etməyib. Bu iki tədbir çox vacib olub. Biri Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq konfrans, digəri də mühüm tədbirlərdən biri olub. Bunları qeyd etməkdə məqsədim odur ki, bu adam səfir işlədiyi müddətdə ancaq öz şəxsi işləri ilə məşğul olub. Bundan başqa, çox ciddi qaranlıq söhbətlərin olması, oğluna biznes dairələri ilə bağlı dəstək göstərməsi, Ukraynadan müəyyən pul kütləsini İraqa köçürməsi kimi məsələlər də var. Təbii ki, indi bunlar iddilardı. Amma belə bir iddiaların Azərbaycan diplomatı barəsində səslənməsi vahiməli bir şeydir. Bundan başqa, müharibə başlayan dövrdə səfir bir neçə gün ondan əvvəl ölkəni tərk edib. Çünki müharibənin başlanması ehtimalı diplomatik mənbələr tərəfindən təsdiqlənməkdə idi. Ona görə də, səfir kimi vəzifə yerini tərk edib və sonra da deyir ki, mən qadınam, məni başa düşün. Bu çox pis bir nümunədir. Qadın müdafiə naziri də, daxili işlər naziri də ola bilər. Bu gün Azərbaycanda Milli Məclisin sədri qadındır. Hər hansı stiuasiyada qadın vəzifə borcunu qoyub qaça bilməz.
Sən unutmamalısan ki, qadın olmaqla bərabər, həm də bir ölkənin səfirisən. Unutmamalısan ki, burda bu qədər insanın taleyindən söhbət gedir. Ona görə də, Azərbaycan səfirliyinin fəaliyyəti müharibə dönəmində mənfi xal qazandı. Mən özüm şahidi oldum ki, təkcə Xarkov vilayətindən nə qədər azərbaycanlının təxliyə olunmasında, onların sağ-salamat Moldova və Polşa istiqamətinə, ölkəmizə göndərilməsində Xarkovdakı Fəxri Konsulluğumuzun çox böyük fəaliyyəti oldu. Həmin Konsulluqda bir həftəyə yaxın mən də oldum. Ukrayna dəmir yollarından pulsuz qatarlar alındı və həmin qatarlar Xarkov vilayətindən azərbaycanlıların çıxarılmasında iştirak etdi. Belə səfirlik fəaliyyətləri, belə diplomatların xarici siyasətimizdə olması informasiya mübarizəmizdə, ideoloji işimizdə bizi çox geriyə atıb. Belə səfirlərimiz vəzifələrinə xəyanət edib. Bəziləri ancaq boş-boş vəzifədə oturub maaşlarını alıblar, öz şəxsi kanallarını genişləndiriblər. Belə olmaz. Bu baxımdan mən inanıram ki, yeni təyin olunan səfirin müsbət nəticələrini görəcəyik. Xüsusilə Azərbaycan-Ukrayna münasibətlərinin hər zaman inkişaf xəttində olmasını nəzərə alsaq, Ukrayna kimi bir ölkədə bizim fəal səfirə çox ehtiyacımız var”.
Məhəmmədəli QƏRİBLİ