Cümə , 5 Dekabr 2025
Drone Cameras

Samir Aşurova tənbeh verilib, Afiəddin Məmmədov “kars”a salınıb

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi fəal Samir Aşurova tənbeh verilib, işçi hüquqları fəalı Afiəddin Məmmədov isə cərimə kamerasına (“kars”) salınıb.

Bu barədə Meydan TV-yə Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova məlumat verib.

“Başqa bir məhbusun ailəsi vasitəsilə mənə məlumat verildi ki, Samiri noyabrın 26-da Cəzaçəkmə Müəssisəsinin rəisi Vüsal Aslanov yanına çağırb və onu hədələyib, rəsmi şəkildə tənbeh verib. Afiəddin Məmmədova qarşı isə təxribat hazırlanıb. Sonra da  onu karsa salıblar. Onların belə cəzalandırılmasının səbəbi Siyasi Məhbusların Müdafiə Komitəsini yaratdıqlarına görədir”, – Nuranə Aşurova bildirib.

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar – Hafiz Babalı, Fazil Qasımov, Afiəddin Məmmədov, Samir Aşurov, Laçın Vəliyev və Mehman Əliyev noyabrın 24-də Siyasi Məhbusların Müdafiə Komitəsini yaratdıqları barədə bəyanat veriblər.

Komitənin bəyanatından deyilir ki, qurumun yaranma məqsədi yerli mediada siyasi məhbuslar əleyhinə aparılan sifarişli qarayaxma kampaniyalarına qarşı adekvat mübarizə aparmaq; siyasi məhbusların azadlığa buraxılması üçün yerli və beynəlxalq təşkilatlarla əlaqələr qurmaqdır.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov qanunsuz silah saxlama, silahla xuliqanlıq maddəsi ittihamı ilə 8 il, siyasi fəal Samir Aşurov isə silah tətbiq etməklə xuliqanlıq ittihamı ilə 6,5 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Əliyev narkotik maddələri istehsal etmə, əldə etmə, saxlama və daşıma maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Hafiz Babalı “Abzas Media işi” çərçivəsində qaçaqmalçılıq və çirkli pulların leqallaşdırılması ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İqtisadçı Fazil Qasımov saxta pul və qiymətli kağızların hazırlanması, əldə edilməsi və satılmasında mütəşəkkil dəstənin tərkibində iştirak ittihamı ilə 9 il müddətinə həbs olunub.

Müsavat Partiyasının sabiq üzvü Laçın Vəliyev isə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə maddəsi ilə ittiham olunub və ona 7,5 il azadlıqdan məhrumetmə cəzası verilib.

Onlar özlərini təqsirli bilmir və həbslərinin  siyasi motivli və ya əsassız olduğunu bildirirlər.

Check Also

Azərbaycana idxal olunan energetik içkilərdə təhlükəli maddə aşkarlanıb

Azərbaycana idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə …