“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflər və tövsiyələr hökumət tərəfindən ətraflı təhlil edilib.
AZƏRTAC xəbər verir ki, bu fikri maliyyə naziri Samir Şərifov dekabrın 16-da Milli Məclisin plenar iclasında bildirib.
Nazir deyib: “Ümumi büdcə konstruksiyasına xələl gətirmədən bəzi məsələlərin həlli üçün maliyyə təminatının artırılması mümkün olub. Mədəniyyət xərclərinin artırılması ilə bağlı əlavə 3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, Milli Məclisin saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulur. Bəzi deputatlar Gənclər Fondunun vəsaitinin digər illərə nisbətən 2017-ci ildə kəskin azalması ilə bağlı narahatlıqlarını bildirmiş, həmin vəsaitin cari ildəki səviyyədə saxlanılmasını təklif etmişdilər. Qeyd edim ki, 2012-2016-cı illərdə dövlət büdcəsindən məqsədli olaraq Gənclər Fonduna 24,6 milyon manat, yəni, bir ilə orta hesabla 4,9 milyon manat vəsait ayrılıb. Bundan əlavə, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatını yaxşılaşdırmaq üçün həmin illərin dövlət büdcəsindən üst-üstə 74 milyon manat vəsait ayrılıb. 2017-ci ilin dövlət büdcəsində gənclər siyasətinə aid olan xərclər cari ildəki səviyyədə yəni, 11,5 milyon manat səviyyəsində saxlanılır. Bunları nəzərə alaraq, deyə bilərəm ki, dövlət büdcəsi layihəsindən Gənclər Fonduna nəzərdə tutulan vəsait düzgün qərardır. Əlavə vəsaitin ayrılması məqsədəuyğun hesab edilmir”.