Bazar , 22 Sentyabr 2024
Drone Cameras

Satılan və satılmayanlar…

Bir il öncə real həyatda da çoxdan tanıdığım indi isə bir “Facebook” dostumun bu paylaşımı oxumuşdum. Screen-shotunu çəkdiyim postda gördüyünüz cümlələr yazılmışdı: “Alınıb-satılmayan kimsə yoxdur. Hərənin sadəcə bir qiyməti var. Sinan Oğan da belə getdi… İndi bildim ki, adam əsl azərbaycanlıdır…”

Başıma sanki yekə bir qazan qaynar su tökdülər. Amma bu söhbəti açmaqda məqsədim Türkiyədə keçən ilin seçkisinə və Sinan Oğanın ona verilən səsləri Ərdoğana vermək çağırışına qayıtmaq deyil.

“Siyasətə qarışmayan” zəlil Azərbaycan toplumunun namus-qeyrət anlayışlarında bir daha gəzişmək də deyi, iki tam başqa məsələdir. Əlbəttə, çoxdan sadəlövh və idealist gənc deyiləm və bir çox toplumda, xalqda və millətlərdə konformistlərin, əqidəsizlərin, zülmə boyun əyənlərin, yaltaqlanmaqla, zülmə və şərə xidmət etməklə faydalananların, sadə dillə desək, satılanların çoxluq təşkil etdiyini bilirəm. Dünya tarixindən və çağdaş Azərbaycandan nə qədər desən, misal gətirmək olar:

  1. Milli natamamlıq kompleksi

Məncə, bu paylaşımdakı “İndi bildim ki, adam əsl azərbaycanlıdır” cümləsindəki fikir bir zarafat, provokativ, epataj məqsədli deyilsə, müəllifin milli natamamlıq kompleksi olduğuna, savadının azlığına, məlumatsızlığına və çox halda vətən sevgisinin azlığına və olmamasına dəlalət edir.

Postun altındakı şərhlərə baxıb, müəllifiylə danışıb əmin oldum ki, provokasion və epataj deyil, beləcə düşünür. Belə düşüncə adamın milli natamamlıq kompleksinin olduğuna, məlumatsızlığına və çox halda vətən sevgisinin olmamasını göstərir. Çox halda, amma həmişə yox. Bu sayaq düşünən adamların bəziləri vətənini çox sevir, amma sanki yarasını qaşıyıb qanatmaqdan həzz alırlar. Belə milli kompleksi olanlar özünə, ətrafındakı adamlara, millətinə xor baxan adamlardır, amma bu ayrı, çox uzun və qəliz bir söhbətin mövzusudur, bu barədə ilk dəfə hələ 1992-də tarixi-siyasi-psixoloji-etnik araşdırma yazmışam, veriliş və çıxışlar eləmişəm, film kimi bir veriliş çəkmişəm, “Facebook”da dəfələrlə söhbət açmışam.

  1. Mühakimənin məntiqi səhvi

“Alınıb satılmayan kimsə yoxdur” mühakiməsi ciddi düşüncə, mühakimə və məntiq səhvidir, nadan adamların AzTV, Real TV və başqa telekanalizasialardan eşitdiyi və tutuquşu kimi təkrarladığı “Almania dağılır!”, “Avropada pedofillər və ya LGBT məkanıdır” sözləri kimi…

Satılan adamların çoxluğu və hətta kütləviliyi bu mühakiməni təsdiqləmir, çünki bir milyon, on milyon satılanın yanında bircə nəfər satılmayanın olması bu mühakimə və fikri yalanlayır. Bəli, bircə nəfər satılmayan varsa, “Alınıb satılmayan kimsə yoxdur” demək yanlış və yalandır. Azərbaycanda isə satılmayanlar bir-iki deyil, onlarla, yüzlərlədir, ən azı. Bu hələ tanıdıqlarım. Normal ali məktəb savadı olan, məntiqi düşünməyi bacaran hər bir adam bu fikrimi anlayar təsdiqləyər.

  1. Mühakimənin əxlaqi qüsuru/səhvi

Müəllim və təhsil eksperti, dostum Nabatəli Qulamoğlu demişkən, “Alınıb satılmayan kimsə yoxdur. Hərənin sadəcə bir qiyməti var” cümlələrini yazan adam əxlaqı qüsurlu bir adamdır. Ola bilsin ki, yaşadığı məhrumiyyət və kasıbçılıqla dolu həyatından bezib, tükəndiyi üçün, satılmaq istəyən, amma alıcı tapmayan bir zavallı…

“Satılmayan kimsə yox” düşüncəsi yalnız yanlış deyil, həm də xəstə bir düşüncədir. Axı bu fikir əsassız bir mühakimə, bir fərziyyə, ehtimaldır, amma belə düşünənlər onu fakt kimi təqdim edir. Hansı əsaslarla, sübutlarla? Belə bir sübut var? Hanı o?

İnsanların satılma misalı çoxdur, bilirəm. Amma belə misalların çoxluğu hamının satılmasının ya satılmağa hazır olduğunun sübutu deyil axı? Ən pis halda, hətta Azərbaycan Respublikasının 10 000 000 vətəndaşı satılıbsa, bu artıq təsdiq olunmuş bir faktdırsa, hələ 10 000 001-cinin satılmağının ya satılacağının sübutu deyil.
Ola da bilməz!

On beş dəfə dalbadal şeşqoşa…

Kim deyirsə ki, on milyonu satılıbsa, on milyon birinci də də satılacaq, yalan deyir. Bu ehtimaldır, fakt deyil. Bəli, on milyon satılandan sonra on milyon birincinin satılma ehtimalı yetərincə böyükdür, amma bu ehtimaldır, ehtimal olaraq qalır, hələ fakt deyil.

İstəniləm misal qüsurludur və tezisi sübut eləmir, amma fikrimi daha aydın çatdırmaq üçün misal çəkim. Nərd oyununda on dəfə, lap on beş dəfə dalbadal şeşqoşa atmısınızsa, on altıncə dəfə də şeşqoşa düşəcəyini necə iddia etmək olar? Hətta bu zərin şeşi çoxdursa?..

Satılan çoxalıb, əlbəttə, yaxşı bilirəm. Toplumun mənəvi dəyərləri aşınanda, alıcıların sayı və pulu çoxalanda, bazar-hərrac qurulanda satılanların da sayı artar. Bu təbiidir. XXI yüzillikdə Azərbaycanda bəlli səbəblərdən satılanların, öz dəyərlərinə, əqidəsinə dönük çıxanların sayı da önəmli dərəcədə artıb.

Bu tendensiya bazarın tələb və təklif münasibətlərindən irəli gəlir. Amma satılmayanlar da var axı! Niyə belə düşünən və yazanlar onları görməzdən gəlir? Niyə yalan danışır?

Hamı satılsaydı, Azərbaycan da, dünya da başqa cür olardı. Hamı satılsaydı, dünyada nəinki ülvi dəyərlər, anlayışları – sevgi və məhəbbət, vəfa, dostluq, etibar, şərəf, vicdan, namus, qeyrət, inanc, Allah sevgisi və qorxusu da olmazdı. Quranda yazılıb ki, pul Allaha inamdan və inancdan üstündür?

Bəlkə, İncildə, Tövratda belə yazılıb?

Ateistlərlə mübahisə etmirəm, amma İslam dini və təfəkkürü Azərbaycan xalqının tarixi və mədəniyyəti, milli təfəkkürü və o mentalitet deyilən nəsnənin dərin qatlarına yeriyib, onu sovet hakimiyyətinin 70 ili, Stalin və stalinizm repressiaları belə qəlblərdən və beyinlərdən silə bilmədi.

Bax o silinməz, yenilməz izlərə və dəyərlərə istinad edib deyirəm:

Quranda yazılıb ki, “Alınıb-satılmayan kimsə yoxdur. Hərənin, sadəcə, bir qiyməti var?”

Yazılmayıbsa belə sözləri və fikirləri yazmağa və yaymağa tələsməyin, ehtiyatla və düşünərək yanaşın, sonra yazın və yayın. Heç yaymasanız yaxşıdır, çünki kobub səhv və yalandır.

Təkrar edirəm, naiv deyiləm, insanlara və bəşəriyyətə sadəlövh gənclik inamım çoxdan aşınıb. Elə təkcə dünyanın və ölkəmizin çağdaş reallıqları, satılan siyasətçilər, vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər, sıravi vətəndaşlar dayaz düşüncəli, gerizəkalı, dəyərləri və prinsipləri səbatsız adamda inamı dağıtmağa ya sarsıtmağa yetər. Amma topluma haçandan dayaz düşüncəli, gerizəkalı adamlar doğru yol göstərib? Niyə mən ağıllı-savadlı, əqidəli və təmiz adamları qoyub satqın gerizəkalıların sözü və düşüncəsiylə oturub durmalıyam?

Bəli, bu gün yalan, böhtan və şər haqqın üstünə yeriyir, “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” atalar sözünə tam uyğun olaraq. Bu bir faktdır. Amma bu o deməkdirmi ki, mən, siz, özünə hörmət edən, ləyaqətini qoruyan adamlar, demokratik toplum üzvləri xeyrin yox, şərin yanında olmalıyıq? Yox, əlbəttə.
Mən gəncliyimdən, şərə yox, xeyirə, onun qələbəsinə, satılmayan kimsələrin varlığına və hətta çoxluğuna inanmışam. Bu əqidədə də qalıram…

Satılmayan adamlar…

İnanmaq nədi, guya real həyatda tanımıram belələrini? Dəfələrlə demişəm, bir daha deyim – Tofiq Qasımov, Vurğun Əyyub, Həsən Kərimli, Hikmət Hacızadə satılmayan insan örnəyi deyil? Vəzifədə də olublar, itiriblər də, maddi sıxıntılarla dolu həyat yaşayıblar, amma satılmayıblar, əyilməyiblər.

Satılmayan tək dünyadan köçən bu işıqlı isimlər deyil, sağ qalan, bizimlə birlikdə yaşayanları da var: Tofiq Yaqublu, Saleh Rüstəmli, Əlzamin Salayev, İntiqam Əliyev satılmayan insan örnəyi deyillər?

Bəs gənc nəslin nümayəndələri – “Abzas Media”, “ToplumTV”, “Kana-13-ün əməkdaları, təsisçiləri və nə qədər başqa əqidəli adamlar, o cümlədən əqidələrinin bölüşməsəm də inanclı adamlar. Onların da “öz qiyməti” var? Ağ yalandır! Onların öz qiymətləri olsaydı, çoxdan satılar, həbsxanadan çıxıb pullarını alar və firavan yaşayardılar. Belə adamlar bir deyil, beş deyil, əlli-yüz əlli də deyil, çoxdular. Bir dəfə “Hüseyn Cavidin ölüm öncəki rəqsi” adlı köşəmda yazmışam, təkrarlamaq istəmirəm, oxumayanlar linklə keçib baxsın. Amma satılmayanlar nə qədər çox olsalar da, çoxluq deyillər, təbii. Bu, məlumdur…

Çoxluq olsaydılar, ölkə bu gündə olmazdı ki? Bu yazının mövzusu olan posta altmışa qədər adam reaksiya verib, yalnız üçü razılaşmayıb, o da qismən, qalanları razıdır, bu mövzuda zarafat edir, fikir mübadiləsi aparır, gülüşürlər…

Deyimin səhvinin daha bir sübutu…

Həmin paylaşımın altında böyük etiraz şərhi yazmışdım. Müəllifi etirazımla razılaşıb: “İstisnalar var, doğrudur. Amma təəssüf ki, bizim cəmiyyətdəki istisnalar ümumi qaydanı pozmur”, – deyə yazdı. Hə, pozmur, poza bilmir. Amma post müəllifinin bu sözləri də fikrimi bir daha təsdiq etmirmi? Hətta bizim pozulmuş, eybəcərləşmiş cəmiyyətdə də istisnalar varsa, “Alınıb-satılmayan kimsə yoxdur” fikrinin yanlışlığı bir daha sübut olunur – deməli, belə kimsələr var. Bu mühakimənin səhv olduğunun daha bir sübutudur.

“Hərənin sadəcə bir qiyməti var” fikrinin fakt deyil, sadəcə, bir mühakimə, fərziyyə olduğunu və yanlış təsəvvürlər üzərində qurulduğunu əvvəldə sübut etmişəm artıq, müəllifin etirafı daha bir sübutdur.

Deməli, elə adamlar var ki, onların qiyməti yoxdur, pulla ölçüyəqəlməz, qiymətsiz, misilsizdilər və onları pulla, sərvətlə, başqa maddiyyatla satın almaq mümkün deyil…

Eybəcərlik, yerdəki qaranlıq çirkab içində çabalayaraq yuxarı baxan, göydə ulduz kimi parlayan bu gözəl həqiqəti görən normal, bəşəri dəyərləri olan insan bu həqiqətdən güclənər, güclənməyə, ruhlanmaya bilməz.

Şəxsən məni çox ruhlandırır, yaşamağa və haqqı yazmağa yeni stimul, ümid və nəfəs verir. Hər şeyin, hamının satıldığı iyrənc mühitdə və dünyada yaşamaq olarmı? Yaşasan da, ona insan həyatı demək olar? Amma çoxluq başqa cür düşünür, o postun altındakı layklar, ürəklər, zarafatlar bunun sübutudur. Yeniyetmə, gənc də deyillər ki, sözlərin alçaq, dəhşətli mənasını anlamasınlar.

Əslində isə bunu satılan adamlar satılmayanlara çamur ataraq öz satqınlığına bəraət qazandırmaq üçün uydurublar, məncə…

Toplumu idarə etmək üçün hakimiyyət ideologemləri…

Məncə, “satılmayan kimsə yox. Hərənin qiyməti var” yalnız köhnə, sinik və yanlış düşüncə deyil. Bu hakimiyyət kabinetlərində düşünülüb topluma ötürülmüş ideoloji silahın daha bir, yeni müddəası, yeni ideologemdir. “Bunlar yeyib doyublar”, “Hər bir xalq öz hakimiyyətinə layiqdir”, “Zamanla hər şey tədricən düzələcək” deyim və yalançı ideologemlərindəki kimi…

Bunların hamısı “Doğrudanmı xalq hökumətinə layiqdir?!”, “Bir millət, iki dövlət – Koreya” , “Drezin və ya analoqu olmayan inkişaf perspektivi”, “Olimpiada: avtoritarizmin demokratları aldatdığı məqam” , “Millətimiz pisdir!”Niyə?!” məqalələrimdə təhlil və təkzib olunub, yalanlanıb və təmizə çıxarılıb.

Bütün bu ideoloğemlərin uydurululmasının və yaılmasının məqasədi satılanların mövqeyini gücləndirmək, satılmayanlara qara yaxıb satılmaq istəyən, amma istədiyini ala bilməyən luzerlər kimi göstərmək, bununla da gözdən salmaq, artan nüfuzlarını zəiflətmək.

Əlbəttə, təəssüf, çox təəssüf ki, ki, bizim cəmiyyətdəki çoxsaylı stisnalar ümumi qaydanı pozmur. Əslində, bu söz tək Azərbaycan cəmiyyətinə aid olan həqiqət deyil, bütün dünyada satılan adamlar satılmayanlardan çoxdur, təbii. Sadəcə, Azərbaycanda, başqa avtoritar və korrupsioner rejimli dövlətlərdəki kimi idarəetmə korrupsiya və rüşvət, satılmaq, alqı-satqı üzərində qurulduğu, mühit toksik, zəhərli olduğu üçün satılanların sayı, faizi çox artıb. Amma o da var ki, indiki ümumi qayda əbədi deyil, satılmayan və onlara qoşulan bütün narazılarını sayı və gücü yetərincə olanda, çox şey yaxşılığa doğru dəyişəcək, həyatımız başqa olacaq!

P.S. Screen-shotu paylaşmaq üçün sahibindən icazə almışam. Hətta açıq paylaşıma da icazə verdi, amma adını kəsdim, üzünü bağladım…

Çingiz Sultansoy

Check Also

Dilçiyimizin keşiyində dayanan nadir tədqiqatçı

Azərbaycanda dilçilik elmi sahəsində mühüm xidmətləri olan görkəmli alimlərimizdən biri də professor Nadir Məmmədlidir. Sentyabrın …