Cümə , 22 Noyabr 2024
Drone Cameras

Seçki, yoxsa erməni ehtirası? – Elməddin Behbud yazır

20 iyun seçkilərinə qalan müddət bitdikcə ABŞ-ın Ermənistandakı səfirliyinin bir neçə gün öncə “növbəti iki həftə ərzində İrəvanda və Ermənistanın başqa vilayətlərində seçkilərlə bağlı baş verə biləcək yürüş və ya nümayişlərə görə vətəndaşlarını ayıq olmağa” çağırmasının nə qədər ciddi əsaslara söykəndiyi daha aydın şəkildə görünməkdədir.Ermənistanda parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin başa çatması ilə siyasi mübarizə prosesi öz apogeyinə yaxınlaşır. Rəsmi məlumata görə proporsional sistem üzrə keçiriləcək seçkidə 2 milyon 581 min nəfərin səsvermə hüququ var. İyunun 17-də baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyası, dünən isə keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” seçki bloku İrəvanın “Respublika” meydanında seçicilərlə son görüşlərini keçirərək “əzələ” nümayiş etdirib.

Seçki kampaniyası boyu qisasçılıqdan qaynaqlanan revanşist mesajlarla və populist bəyanatlarla ermənilərin rəğbətini qazanmağa çalışan “Ermənistan” blokunun 18 iyunda keçirdiyi İrəvan mitinqi gözləntilərin əksinə olaraq daha çoxsaylı və coşğulu keçib. Hər halda hər iki mitinqin video görüntülərinə baxmaqla bunu aydın sezmək mümkündür.

Sosioloji sorğular da Ermənistandakı bu seçkinin kəskin rəqabət şəraitində keçəcəyini və mövcud iqtidarın 3 il öncəki “inqilabi” nəticəni təkrarlaya bilməyəcəyini göstərir.

“Gallup”un son sorğusu ölkənin “təhlükəsizliyini və Qarabağı” ən ümdə məsələ elan edən R. Koçaryanın seçici dəstəyinin artıq N. Paşinyanın tərəfdarlarından sayından çox olduğunu göstərir. Belə ki, resopandentlərin 28,7 faizi Koçaryanın başçılıq etdiyi “Ermənistan” blokuna, 25,2 faiz isə Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasına səs verəcəyini deyib.

Koçaryan dünənki izdihamlı İrəvan mitinqindəki çıxışında xalqı səsvermə günü seçki məntəqələri önündə səhərə qədər növbə çəkməyə çağırması 20 iyun günü və sabahısından etibarən Ermənistanın hakimiyyət uğrunda ölüm-dirim savaşı səhnəsinə sevrilməsinin qaçılmaz olduğunu göstərir.

Ermənistanın ən təcrübəli siyasətçilərindən olan eks-prezident Levon Ter-Petrosyan isə televiziya çıxışında Koçaryan və Serj Sərkisyanın başçılığı ilə seçkinin səhəri günü bütün ölkədə ixtişaş və küçə davalarının başlanacağını bəyan edib.

Sosial şəbəkələrdə isə vəziyyət Paşinyanın xeyrinədir. İnqilabçı baş nazirin virtual izləyiciləri Koçaryanla müqayisə olunmaz sayda çoxdur. Elə seçki kampaniyasının İrəvandakı yekun mitinqlərinə sosial şəbəkə istifadəçilərinin diqqəti də bunu göstərir. Əgər Koçaryanın rəsmi fb səhifəsində onun seçki blokunun İrəvan mitinqi videosunu 5 minə qədər izləyici bəyənibsə, Paşinyanın analoji məkandakı 17 iyun mitinqinin canlı yayım videosunu 35 min izləyici bəyənib. Meydanlarda və sosial şəbəkələrdə özünü göstərən şərti elektorat bölgüsünün və qüvvələr nisbətinin seçki qutularından çıxacaq nəticə ilə nə qədər üst-üstə düşəcəyinin bilinməsinə isə cəmi 1 gün qalıb.

Beləliklə hazırkı siyasi mənzərə onu göstərir ki, əgər N.Paşinyan iyunun 20-də seçki məntəqələrində seçici rəyinə “əl gəzdirə” bilməsə seçicilərin 1/3 hissəsinin səsi ilə kifayətlənməyə məcbur olacaq.

Robert Koçaryanın başçılıq etdiyi seçki bloku isə Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyasının birləşdiyi “Şərəfim var” bloku və Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası (hər iki siyasi qüvvənin seçki barajını aşıb parlamentdə mandat qazanması realdır) ilə koalisiya yaradaraq ölkənin yeni hökumətini təşkil etmək şansı qazanacaq.

Bütün hallarda N.Paşinyanın bu ilin əvvəlindən başlayaraq seçici dəstəyinin azalan xətt üzrə getməsi və vaxtı ilə Azərbaycandakı siyasi böhrandan istifadə edərək Qarabağı işğal edənlərin, revanşistlərin cəmləşdiyi siyasi qüvvənin önə çıxması sürpris sayılmamalıdır.

Əgər 20 iyun axşamı bu ssenari gerçəkləşsə ayrı bir reallıq da yaranacaq. Bu, daha bir seçkini zərurət kimi meydana çıxaracaq. Çünki hələ 90-cı illərin “havası” ilə yaşayan və dinc əhalini qətlə yetirməklə özünü qəhrəman sayan Koçaryan və tərəfdarları hökumət qursa da xalqa verdiyi vədləri yerinə yetirə bilməyəcək. Çünki iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclü olan Azərbaycan Vətən müharibəsindən sonra həm də böyük psixoloji üstünlüyə sahibdir. “Şuşa Bəyannaməsi” ilə ərazi bütövlüyün qorunmasını Türkiyə kimi qlobal güclə birgə həyata keçirəcək Azərbaycanla artıq əski dillə danışmaq mümkün deyil. Ermənistan nəinki Şuşa və Hadrutu yenidən işğal etmək, heç hazırda “sülhməramlıların” nəzarət sahəsinə aid olan ərazilərdə də suverentetimizi tamlıqla bərpa etməyimizin qarşısını almaqda acizdir. Ona görə də ümidlərinin suya düşdüyünü görən vətəndaşların səs verdikləri revanşistlərdən
tələbləri Ermənistanda 2018-ci il inqilabının fərqli formada təkrarını qaçılmaz edəcək.

Görünür ki, qısa müddət ərzində Ermənistan cəmiyyətini onillərin çürük “Miatsum” ideyasından, daha doğrusu faşizm infeksiyasından müalicə etmək mümkün deyil. Hər halda N.Paşinyanın Qərbin dəstəyi ilə ötən müddət ərzində bacardığı bu qədər oldu. Bu məsələdə digər bir mühüm faktoru da unuda bilmərik. Erməni xalqına hələ ki, yalnız bədbəxtlik gətirmiş bu xəstə siyasi və ideoloji təmayüllərin başlıca xarici himayədarı da erməni toplumunun və dövlətinin sivil dünya standartlarına uyğunlaşaraq forpostluqdan xilas olub müasir inkişaf yoluna qədəm qoymasını qəbul etmir…

Check Also

Rəsulzadənin baxımsız vəziyyətdə olan heykəli hansı rayondadır? (FOTO/AÇIQLAMA)

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin bərbad vəziyyətdə olan heykəlinin fotoları yayılıb. …