Bir etnosu etnik təmizlənməyə məruz qoyaraq, işğal olunmuş ərazilərdə “referendum” keçirmək məntiqə və beynəlxalq hüquq normalarına zidd hərəkətdir.
Bunu Gununsesi.info-ya açıqlamasında ATƏT Parlament Assambleyasının ( PA) vitse-prezidenti Azay Quliyev Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin “referendum” keçriməsinə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub və orada yaşayan azərbaycanlılar etnik təmizləmə siyasətinə məruz qalıblar.
“Dünyanın heç bir ölkəsində belə bir praktika yoxdur ki, bir bölgə etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra orada referendum keçirilsin. O baxımdan da, separatçıların Dağlıq Qarabağda keçirdiyi “referendum” qanunsuz və beynəlxalq hüquqa ziddir. Elə məhz buna görə də ATƏT belə bir separatçı rejimi tanımadığı üçün “referendum”u rədd edib. Bunu təkcə ATƏT deyil, digər beynəlxalq təşkilatlar, Avropa İttifaqı da tanımır”- deyə, vitse-prezident vurğulayıb.
A.Quliyev əlavə edib ki, bu, Ermənistanın növbəti təxribatıdır:
“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki düşünülmüş təxribat xarakterli hərəkətləri, heç şübhəsiz ki, danışıqlar prosesinə böyük zərbədir. Bu, bir daha Ermənistanın münaqişənin həllində nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin göstəricisidir”.
ATƏT PA-nın vitse-prezidenti bildirib ki, Ermənistan da nə etdiyinin fərqindədir və onlar nə etdiklərini çox gözəl anlayırlar:
“Onlar sadəcə, bununla imitasiya edirlər. Ermənistan hakimiyyətinin bu hərəkəti daxili ictimayi rəyi sakitləşdirməyə yönəlik hərəkətidir. Onlar bununla qısamüddətli də olsa, daxildə cəmiyyəti ovundurmaqla divident əldə etmək istəyirlər. Bir daha deyirəm ki, bunların hamısı qanunsuz fəaliyyətdir və bunun heç bir hüquqi qüvvəsi yoxdur”.
A.Quliyev onu da bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində hazırda ATƏT Minsk qrupu həmsədrləri səviyyəsində danışıqları davam etdirir:
“Aparılan danışıqlarda da adıçəkilən “referendum” danışıqlar predmeti olmadığından, Ermənistanın bu hərəkəti təxribatdır və beynəlxalq hüquqa ziddir”.