Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Simpoziumda regional məsələlər müzakirə edildi – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Regionun gələcəyi: geosiyasi çağırışlar, perspektivlər” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.

Simpozium Azərbaycan Türkiyə Evi (ATEV), “Yeni çağ” Media Qrup və Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə keçirilir.

Simpoiziumda Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Şimali Kipr analitikləri iştirak edərək, bölgənin gələcəyini həm siyasi, həm də iqtisadi yöndən təhlil ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb. Daha sonra isə çıxış edən ATEV sədri Tənzilə Rüstəmxanlı gələn qonaqları salamlayıb. O bildirib ki, simpoziumun keçirilməsində məqsəd region ölkələri arasında iqtisadi əlaqələrin perspektivləri, geosiyasi məsələlərin müzakirəsidir:

“Bura toplaşan dəyərli elm adamları, siyasi şərhçilər, qəzetçilər, araşdırmaçılar, hər biriniz xoş gəlmisiniz. Düşünürəm ki, burada çox maraqlı və regionda yaşayan millətlərin, dövlətlərin taleyi ilə bağlı müzakirələr olacaq. 20-ci əsrin ortaları və 21-ci əsrin əvvəllərində şahid olduğumuz, bölgəmizdə baş verən münaqişələr və bunu yaradanlar, separatizmə dəstək verənlər, terror qruplaşmalarını yaradanlara qarşı dövlətlər olaraq nələri etməli olduğumuzu danışacağıq”.

Daha sonra isə söz Türkiyə -Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Büyükfırata verilib. O da tədbir iştirakçılarını salamlayaraq, belə tədbirlərin təşkilinin, təqdirəlayiq hal olduğunu söyləyib.

Büyükfırat Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini deyərək, ölkəmizin dünya birliyində dayanıqlı mövqe tutduğunu vurğulayıb. 
Simpoziumun təşkilatçılarından olan “Yeni Çağ” media qrupunun rəhbəri Aqil Ələsgər tədbirin təşkil olunmasının məqsədindən danışıb. O qeyd edib ki, simpoziumu keçirtməyimizin məqsədi odur ki, bu regionda hansısa bir xəritə çəkiləcəksə, bölgənin taleyi həll olunacaqsa, məhz bu ölkələr buna qərar verməlidir.

Simpoziumda çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov təşkil olunan tədbirin çox ciddi məsələləri əhatə etdiyini vurğulayıb.

Deputat regiondakı siyasi-iqtisadi proseslərdə media və QHT-lərin rolunu önə çəkərək, simpoziumun əsas məqsədinin gerçəkləşməsində mətbuatın potensialından maksimum istifadə olunmasının vacibliyini bildirib.

Əflatun Amaşovun sözlərinə görə, regionda cərəyan edən proseslərə, mövcud konfliktlərə, o cümlədən Qarabağ münaqişəsinə yönəlik mövqenin ifadə olunmasında medianın rolu böyükdür:

“Kataloniyada keçirilən referendum dünyanı yenidən düşünməyə vadar edib. Regionda stabilliyin olması həm də mediadan, medianın məsələlərə yanaşmasından asılıdır”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə çıxışında simpoziumun əsas məqsədinin gələcəyə baxış olduğunu vurğulayaraq, tədbirdə regionda baş verən və gözlənilən proseslərin ciddi və faydalı surətdə müzakirə ediləcəyi qənaətində olduğunu deyib. Səfir BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qəbul etdiyi qətnamənin əhəmiyyətindən də danışıb.

“Böyüdükcə də düşünürdüm ki, görəsən, mən də tarixi hadisələrin şahidi olacağammı? Məhz belə də oldu, bir mərhələnin sona çatmasının şahidi olduq. Sovet İttifaqı dağıldı və biz qardaşlarımıza qovuşduq.

Bu tarixi hadisələrdən biri də bir neçə gün əvvəl BMT-də Qüds məsələsinin müzakirəsi zamanı səsvermənin nəticələrinə əsasən 128 dövlət sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb. Bu, onu göstərdi ki, ədalətsizlik gec-tez aradan qalxacaq. Bu, tarixi bir səsvermə idi. Bütün ölkələr ABŞ tərəfindən təhdid olunmuşdu. Ancaq nəticə onun istədiyi kimi olmadı.

Gələcəyi anlamaq hamımız üçün çox vacibdir. Getdikcə əlaqələr daha da güclənir, texnologiya inkiaf edir. Bu, bizə necə imkanlar açırsa, eyni zamanda terrorçular da təəssüf ki, bundan faydalanır.

İnsanlığın həyatını formalaşdıran ən təməl prinsip ədalət prinsipidir. Bu gün Azərbaycan böyük bir ədalətsizliklə qarşı-qarşıyadır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının zamanı çoxdan çatıb. Biz hər zaman Azərbaycanın yanında olmuşuq və olacağıq da. Ancaq bu ədalətsizlik tezliklə həll olunmalıdır”.

Səfirin ardınca çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bildirib ki, regiondakı problemlərin media aspektini nəzərə alaraq, bu istiqamətdə müzakirələrin aparılması çox vacibdir:
“Bu cür müzakirələri “beyin fırtınası” da adlandırırlar. Regional geosiyasi məsələləri müzakirə etmək üçün əvvəlcə qlobal məsələləri ümumi şəkildə nəzərdən keçirtməliyik”.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner simpoziumdakı çıxışı zamanı söyləyib ki, Şimali Kiprin hələ ki, yalnız Türkiyə tərəfindən tanınır. O, ölkəsinin böyük ədalətsizliklə üzləşdiyini deyib. Ufuk Turqaner dünya birliyinin Şimali Kiprə qarşı daha diqqətcil olmasının zəruriliyini qeyd edib.

Çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, dünyanı böyük dövlətlər, böyük güclər idarə edir: “Güclü dövlətlər öz siyasətlərini həyata keçirir. Zəif dövlətlər isə “haqq, ədalət” deyib haray salırlar. Türkiyənin səfiri hörmətli Erkan Özoral BMT Baş Assambleyasının qərarının əhəmiyyətindən danışdı. BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil. Biz, bunu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaşanan proseslərdə görmüşük”.

Deputat həmçinin qeyd edib ki, hazırda dinlərarası, sivilizasiyalararası toqquşmalar yoxdur:
“Sadəcə böyük dövlətlərə lazım olanda bunlardan istifadə edirlər. Biz qlobal, sivilizasiyalar, dinlərarası toqquşmalardan danışsaq, heç nəyə nail olmayacağıq. Ermənistana lazım olanda, deyir Dağlıq Qarabağ dinlərarası münaqişədir. Hansı ki, Ermənistanın ən yaxın müttəfiqi müsəlman İrandır. Dünyanın siyasi xəritəsini xristian dövlətləri, Qərb çəkir. Biz bu gün qardaş Türkiyə ilə ABŞ və Avropa İttifaqı arasında yaşanan xoşagəlməz hadisələri ürəkağrısı ilə izləyirik. Qərb dövlətləri başqalarına qarşı nə qədər ədalətsizlik etsələr də, onlar öz daxili quruluşuna görə daha demokratikdirlər. Buna görə də Qərbi hədəf seçib, münasibətləri korlamaq səhvdir”.

İctimai Televiziya və Radio Yayımları ŞirkətininYayım Şurasının üzvü Azər Həsrət də hər kəsi salamlayaraq bildirib ki, bu müzakirələrin bütövlükdə bölgə üçün yol xəritəsi cızmağa yardımçı olacağına ümid edir:
“Azərbaycan elə bir coğrafiyada yerləşir ki, biz istəməsək belə bizimlə məşğul olacaqlar. Ona görə də məcburuq ki, bu cür qlobal məsələlərlə məşğul olacaq”.

Çıxışlar bitdikdən sonra xarici ekspertlərin də iştirakı ilə müzakirələr başladı. Müzakirələr zamanı bir sıra məsələlərə toxunuldu. Rusiyanın tanınmış politoloqu Maksim Şevçenko bildirdi ki, Rusiyada çox çətin ərəfədir:
“Bizdə gözlənilməz ssenari əsasında seçkilər keçiriləcək. Başa düşürəm ki, Azərbaycan Qarabağ problemindən yorulub. Amma əminəm ki, yaxın 2 il ərzində Qafqazdakı siyasi vəziyyət dəyişəcək”.

Politoloqun sözlərinə görə, dünya yeni dəyişikliklərin astanasındadır:
“Qarşımızda seçim var: Zaqafqaziyada müharibə, yoxsa münaqişənin sülh yolu ilə həllini istəyirik? Mənim fikrimcə, Moskva, Tehran, Ankara və onların yaxınlaşması bu münaqişələrin həllidir”.

Rusiyalı politoloq İvan Starodubtsev isə Rusiya-Türkiyə münasibətlərindən danışaraq bildirdi ki, səfir Karlova açılan atəş əslində, Türkiyə-Rusiya münasibətlərinə yönəlmişdi:

“Hazırda Rusiya ilə Türkiyə arasındakı münasibətlər 2015-ci il böhranından əvvəlki səviyyəni də üstələyib:
“2015-ci il noyabrın 24-də SU-24 hərbi təyyarəsinin vurulması Türkiyə-Rusiya münasibətlərində böhrana səbəb olsa da, tərəflər bu problemi yoluna qoydular və əlaqələr bərpa olundu.

Münasibətlərin normallaşdırılması mərhələsində Rusiyanın Türkiyədəki səfiri cənab Karlovun qətlə yetirilməsi qarşılıqlı əlaqələr üçün ciddi sınaq oldu. Lakin iki ölkənin siyasi rəhbərliyi gərginliyin yaranmasına imkan vermədilər.

Ümumiyyətlə, iki ölkənin prezidentləri arasında münasibətlər çox intensiv surətdə dərinləşir. Hətta prezident Putinlə Ərdoğanın son bir ildə keçirtdikləri görüşlərin dəqiq sayını da xatırlamaq çətindir”.

Digər analtiklər də regiondakı müxtəlif məsələlərlə bağlı fikirlər bildirdilər.

Qeyd edək ki, simpozium 24 dekabrda yekunlaşacaq.

Simpoziumda regional məsələlər müzakirə edildi - FOTO

 

Simpoziumda regional məsələlər müzakirə edildi - FOTO

 

Simpoziumda regional məsələlər müzakirə edildi - FOTO

 

Simpoziumda regional məsələlər müzakirə edildi - FOTO

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir