Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Nəzrin Mahu yazır: Sirli Loi haqqında poema

O səhnəyə kəpənək kimi qondu. Ötüb keçən və sirli ruh kimi insanların qəlbinə toxundu. Həm səhnənin, həm də insanların muzasına çevrilib sənətdə öz adını bəmbəyaz zərif ipək parça ilə yazdı.

Bu sözlər amerikalı aktrisa, rəqqasə və modern rəqsinin əsasını qoyan və Loi Fuller təxəllüsü ilə tanınan Mariya Luiza Fullerə aiddir.

Kiçik yaşlarından səhnədə çıxış etmək, gurultulu alqışlar eşitmək və tanınmış ulduza çevrilmək Fullerin ən böyük xəyalı idi. Lakin o, gələcəkdə milyonlarla insanın qəlbini fəth edən müasir, qeyri-adi rəqsin təməlini qoyan rəqqasə olmağı ağlının ucundan belə keçirmirdi. Onun istədiyi yalnız və yalnız səhnəyə çıxıb öz aktyorluq istedadını insanlara nümayiş etdirmək və onların zövqünü oxşamaq idi. Kim bilə bilərdi ki, Fullerin səhnədə qəfil xaotik hərəkəti böyük bir ixtiraya səbəb olacaq? Söhbət yalnız qabiliyyət və bacarıqdan getmir.

Burada həmçinin daha dərin məhfum, “qismət” məhfumu ortalığa çıxır. Sənət platformasında modern axını inkişafının zirvəsində Loi Fullerin adı da Tuluz Lotrek, Jül Şere, Rut Sen Deni, Ogüst Roden, Lümyer qardaşları kimi görkəmli sənətkarlar ilə bir cərgədə çəkilirdi. Hətta Loi özü sənətkarların muzasına çevrilmiş, onlar Fullerin maraqlı obrazlarını yaratmışdı.

Stefani di Justo məşhur aktrisa və rəqqasənin bioqrafiyasını tamamilə fərqli və eyni zamanda çox cəlbedici çalarlarda təqdim etmişdi. Qeyd edim ki, bu film rejissorun tammetrajlı debütudur.

Ən gənc dövrünü atası ilə birgə keçirən Loi şəhərdən kənarda yaşayır, insanları əyləndirir və daim öz düşüncələri və ümidləri ilə təmasda olurdu. Əslində isə, o atasının qucağından və qayğısından ayrılıb, kobud kişi və qadınların əhatəsindən uzaqlaşıb daha mədəni və dünyagörmüş cəmiyyətə çıxmaq arzusunda idi. Çünki onun həyata keçirmək istədiyi çox böyük xəyalları var idi.

Nə qədər qərarsız olsa da, Fuller nəhayət, bu xətti də ötüb keçir. İlk addımı atmaq həmişə çətin olur. Gərək nəyinsə son həddinə çatasan, nəyisə qurban verəsən və yaxud ən qorxulu hadisə baş versin. Fullerin vəziyyətində bu, atasının ölümü idi. Və yalnız atasının ölümündən sonra o anlayır ki, qaldığı yer ilə onu heç nə bağlamır və yollanır Bruklinə. Filmin rejissoru ilk kadrlardan Fullerin çevikliyinə baxmayaraq onun bir o qədər də həssas və incə ruhlu, qətiyyətsiz olduğunu vurğulamışdı. Belə ki, bu qərarı sevən, dəstəkləyən atanın sağ olduğu zamanda da vermək olardı axı… Demək ki, Fulleri saxlayan qərarsızlığından irəli gələn bir qüvvə idi… Film boyu qəhərmanın acizliyi gözə çarpacaq.

Fuller üçün savadlı, bu peşədə təhsili olan gənc qızlar arasında özünü təqdim etmək ən çətin mərhələlərdən biri idi. Lakin səhnəyə çıxmaq onun üçün hər şeydən vacib idi. Səhnə onun təbii ünsürü idi sanki. Həyəcan, təlaş, müvəffəqiyyətsizlik qorxusu Fulleri daxildən boğsa da, çərxi-fələk ona sarı döndü. Səhnədə rolunu ifa edən zaman Fullerin uzun ətəyi dolaşır və nəticədə o, özünü itirmədən ilişib yıxılmamağa çalışaraq çox maraqlı bir hərəkət edir. Bu tarixi bir “fiasko” idi. Və bu “fiaskonu” gənc qız tamdəyərli rəqsə çevirmək qərarına gəlir. İki uzun qamışdan olan taxtaları bəyaz parçadan tikilmiş çox uzun paltarın qolları altına keçirərək kəpənək təqlidini yaradır və rəqs etməyə başlayır.
Filmdə rəqqasənin bir neçə parlaq çıxışı nümayiş olunub. Və bu nümayişlərdən biri Foli-Berjerdə baş tutur.

Bruklində Loini dəyərləndirməsələr də, o, ruhdan düşmür və sənət ocaqlarından biri olan romantik Fransaya yollanır. Radikal səhnə eksperimentlərinə hazırlaşan Fuller Fransada öz minnətdar izləyicisini nəhayət tapır. Ən vacib məqamlardan biri odur ki, çıxışlarının hər bir detalı məhz Fullerin özünə məxsus idi. Paltarın parçasının seçilməsindən, tikilməsindən tutmuş projektorların yerləşməsinə kimi olan məsələlər müəllif ideyası idi. Projektorları idarə edən şəxslərin səhnədə görünməməsi və səhnənin estetik görünüşünün pozulmaması üçün Fuller maraqlı priyoma əl atır. İşçilərdən qara geyinməklərini xahiş edir. Rəqqasə üçün estetik görünüş, tamaşaçı zövqü, bir sözlə işin hərtərəfli peşəkarlığı vacib əhəmiyyət kəsb edirdi. Bununla belə, Loi Fuller eksperimentlərə əl atmağı çox sevirdi. Rəqs zamanı paltarın rənginin dəyişməsi üçün projektorların üzərinə xüsusi filterlər təşkil etmişdi. Eyni zamanda rəqqasə işıqdan tamamilə imtina etmişdi. Bu da bir dramaturji priyom idi. Cüzi hərəkət zamanı paltar yayılıb uçmağa başlayır, beləliklə, Fuller kəpənək və ya alovlar təqlidini yaradır.

Triumfal çıxışlarından sonra xalq ona müxtəlif təxəllüslər fikirləşmişdi: “Kəpənək”, “Zanbaq”. Ən yaddaqalan təxəllüs isə “Elektrik pəri” olmuşdu.
Qeyd:Pyer və Mariya Kyüri radium üzərində işlərinə görə fizika üzrə Nobel mükafatı aldıqda, mətbuat radioaktiv elementlərin flüoresan xüsusiyyətləri haqqında yazmağa başladı və bu, rəqqasənin diqqətini dərhal cəlb etdi. O, fiziklərlə əlaqə saxlamağa başlayır, öz ideyalarını onarla bölüşür. Lakin onlar Fulleri bu fikirdən daşındırmaq istəyirdilər. Buna baxmayaraq Fuller öz şəxsi laboratoriyasında fluoressensiya turşusu ilə eksperimnetlər aparır. Və nəticədə nümayiş zamanı libaslarının fosfor işığı ilə parıldamasına nail olur.

Loi Fullerin unudulmaz rəqsi

Qaranlığın içindən qeyri-adi bir varlıq doğur. Kimin üçünsə bu sirli bir gül idi, kimin üçünsə zərif kəpənək. Namnazik ipək parçadan tikilmiş və səhnənin böyük hissəsinə yayılan libas üzərində bərq vuran mavi, qırmızımtıl işıqlarla fonda səslənən musiqi əsəri (Vivaldinin “Fəsillər” silsiləsi (“Qış” kompozisiyası)) unudulmaz təəssüratlar yaradır. Filmin bəstələri alman əsilli britaniyalı bəstəkar Maks Rixterə məxsusdur. Maks Rixter görkəmli venesiyalı bəstəkar Antonio Vivaldinin şah əsəri olan “Fəsillər” silsiləsinə yeni nəfəs bəxş etmişdi. Bu silsilə orijinal versiyasında olduğu kimi müəllif interpretasiyasında da öz parlaqlığını itirməyib əksinə, rəqsin futuristik janrını daha qabarıq şəkildə vurğulayıb. Fullerin aramsız, qızğın rəqs hərəkətləri onun səhnədə tamamilə əldən düşməsi ilə sonlanırdı. Hətta bəzi məqamlarda onu səhnədən yıxılarkən bir neçə nəfər tuturdu. Hərəkətlərin sadə olmasına baxmayaraq bir rəqsin ortalığa çıxması üçün Loi Fuller bütün gücünü sərf edirdi. O, hərəkətlərin, işıq effektlərinin, şəffaf paltarın vəhdətinə nail olmağa çalışır. Son ucda sağlığını da qurban vermiş olur. Qançırlar, əzələ ağrıları daim qaynar, bəzən isə buzlu vannaları qəbul etməyi tələb edirdi.

Aysedora Dunkan

Aysedora Dunkan Loi Fullerin filmin ikinci hissəsində səhnəni bölüşdüyü tələbələrindən biridir. İlk kadrlardan gənc Aysedoranın gözəlliyi ilə yanaşı soyuqluğu da hiss olunur. Acı soyuq baxışlar təbəssüm və qucaqlar arasında belə öz sözünü deyir. Aysedoranın Loi Fullerə qarşı olan sevgisinin arxasında tamamilə başqa niyyətlər gizlənir. Həm gənc yaşı, həm azadlığı, həm də zərifliyi ilə seçilən Dunkan yeni eranın təməlini qoymaqdadır. Fullerə nə qədər “pərəstiş” etsə də, əslində Dunkan onun sayəsində özünü karyerasında təsdiq etmək fikrində idi. Kadrların birində o, öz cəsarətli rəqsi ilə smokinqdəki yaşlı aristokratları təşvişə salır və sanki “Mən də varam!” deyərək hər kəsi xəbərdar edir.

Filmin ikinci hissəsində yaddaqalan səhnələrdən biri Loi Fullerin tələbələri ilə olan rəqsi və məşq səhnələridir. Yarıçılpaq libaslarda, ayağıyalın palçıqda rəqs edən gənc qızlar futuristik rəqsin bütün xüsusiyyətlərini nümayiş etdirirlər. Cəsarətli, qəfil hərəkətlərlə çox incə tikilmiş paltarların qarşıdurması fərqlilik və yenilikdir. Fon musiqisi olaraq bu dəfə Maks Rixterin (“Fəsillər.Yay” kompozisiyası) ruhu oxşayır.

“Rəqqasə” filminin gözəgirməyən qəhrəmanlarından biri fransız aristokratı qraf Luidir. 2020-ci ildə faciəli şəkildə dünyasını dəyişən fransız aktyoru Qaspar Ulyelin rolu aparmağa belə ehtiyacı yox idi. Aristokrat görünüşü və duruşu onun qanında idi sanki. Aktyor seçimi olduqca ziddiyyətlidir. Belə ki, ehtiyatlı aramlı qraf Lui ilə aramsız, hərəkətlərində bir qədər kobud olan Fullerin arasında olan təmas rəsmiliyi ötüb keçə bilmir. Loi Fulleri ifa edən aktrisa Stefani Sokolinski plastikanı, hissləri çox uğurla ötürsə də, Qaspar Ulyelin fonunda bir qədər kobud obraz formalaşdırıb.

Bu cütlük eşq macərası yaşasa da, onların arasında ehtiraslı yaxınlıq duyulmur. Düşünürəm ki, filmdə aktyor hansısa rəssamın rolunu ifa etsəydi, film daha böyük maraqla izlənərdi. O vaxt Tuluz Lotrek, Koloman Mozer kimi rəssamlar Fullerin obrazına müraciət etmişdilər öz yaradıcılıqlarında. Qaspar Ulyeli rəssam obrazında təsəvvür etmək belə böyük maraq hissi doğurur. Bununla belə, hər halda aristokrat obrazı da aktyorun ekranda maraqlı görünüşünə heç bir xələl gətirməyib.

Bu da rejissorun fərqli bədii yanaşmasıdır. Qraf Luinin Loi Fullerə böyük simpatiyası var idi. Burada söhbət şəxsi cazibə ilə yanaşı, həm də sənətə olan meyldən gedir.

Qraf Lui Fullerlə olan dialoqlarının birində ona bir sual verir: “Siz nəyə görə çıxışınız bitdikdən sonra tamaşaçılar qarşısında baş əymirsiniz?”

Yazımın əvvəlində rejissorun baş qəhrəmanın xarakterinə vurğu etdiyini qeyd etmişdim. Mariya Luiza Fuller çox ağır bir sənət yolunu seçmişdir. Səhnədə kəpənəktək pərvaz edən rəqqasənin parıltılı çıxışının arxasında böyük fiziki zəhmət və əziyyət dayanmışdı. O, özünə qarşı olduqca tələbkar idi, çünki işinin və seçdiyi sənətin peşəkarı olmaq arzusunda idi.

Hər dəfə növbəti baş tutacaq çıxışının daha mükəmməl olması üçün bütün gücünü, fantaziyalarını və biliklərini sərf edirdi. Və bütün bunlara baxmayaraq bəlkə də, özlüyündə tamaşaçılar üçün yetəri qədər layiqli bir çıxış hazırlamadığını düşünürdü və çıxışa görə baş əyməkdən çəkinirdi. Final səhnədə son nəfəsinə qədər rəqs edən rəqqasə gücünü itirir, yıxılır yerə, lakin qalxır. Çünki gücünün, peşəsinin tamaşaçı sevgisindən doğulduğunu özünə xatırladır. Və nəhayət çıxır tamaşaçılar qarşısında baş əyir…

Loi Fuller incəsənət tarixində yalnız tanınmış bir rəqqasə kimi öz imzasını qoymadı. O həm də ixtiraçı kimi yadda qaldı. Fantaziyasının ən ağlasığmaz tərəflərini nümayiş etdirdi. Mariya Luiza Fuller sənət səhifələrində prototipə çevrildi…

                                                                                              

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …