Təzə bir nəğmə eşitmək istəyirsənmi oxucum? Bu nəğmənin misralarına əziz tutduğumuz, peşələrin ən ümdə məqamında dayanan müəllim zəhmətinin, jurnalist peşəkarlığının, neçə-neçə bitkin obrazlara həyat bəxş edən aktyor əməyinin ətri hopubdur. Bu nəğmənin ahəngi Külüs dağlarının vüqarı, nəqəratı Şahbuz çayının şaqqur-şuqqur axan zümzüməsi, kəklikotunun, yarpızın, nanənin qəlboxşayan təravəti və Külüs almasının dadı kimi şipşirindi. Bu nəğmənin bəstəkarı həyat, qəhrəmanı isə ömrünün 365-ni 50 dəfə yaşayan, bu 50-lərin içərisinə neçə-neçə baharın xoş mehini, yayın hərarətini, payızın çiskinin, qışın bəyazın qataraq onu mənalı, maraqlı müəllim-jurnalist, aktyor ömrünə çevirən teatrımızın sevilən sənətkarı, jurnalist Səməd Canbaxşıyevdir. Sizə kimdən danışım dedikdə həyatını ən gözəl işlərə həsr edən, dərs dediyi ali təhsil ocağında neçə-neçə gənci gələcəyin jurnalisti kimi yetişdirən saf müəllim ömründən söhbət açmaq istəyirəm – Səməd müəllimin ömründən.
Bir ömür kitabını vərəqləyirəm… Bu ömür kitabının hər sətrinə peşəyə sədaqət, dostlara məhəbbət, xeyirxah işlər, gözəl əməllər yazılıb. Nə xoşbəxtəm ki, ömür kitabının qəhrəmanını – Səməd müəllimi mən hələ uşaqlıqdan tanımışam. Onu ölkə və Naxçıvan ictimaiyyəti də yaxşı tanıyır, teatr sevdalıları da, jurnalist adını daşıyanlar da.
…1972-ci il mart ayının 19-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun al-əlvan təbiəti ilə gözoxşayan Külüs kəndində, Canbaxış kişinin ailəsində doğulan o balaca Səmədin indi 50 yaşı tamam olur. Bu əlliillik mənalı ömür yolunda Səməd müəllim canla-başla, zəhmətlə çalışaraq öz halal çörəyin qazanıb. Yaxşı müəllim, jurnalist, yaxşı aktyor olduğu kimi, həm də qayğıkeş ailə başçısı, mehriban bir valideyndir. Üç övlad atasıdır. Övladlarının ikisi ali təhsilli, hətta biri öz ata peşəsinə sadiq qalaraq öz yolunu məhz jurnalistikadan salıb. Bu məqamda Səməd müəllimin “Şərq qapısı” qəzetinin 9 avqust 2014-cü ildə nəşr olunan məqaləsinə toxunmaq istərdim. Müəllif peşəyə bağlı talelər mətləbinə toxunaraq yazır: “Elə insanlar var ki, onlar həyatda seçdiyi sənətə o qədər vurğun olurlar ki, onların övladları da bunu görüb o adamların davamçısı olurlar. Nəticədə, bir sənətin, peşənin nəsildən-nəslə ötürülməsi ənənəsi yaranır. Bu həm də peşəyə olan sədaqətin ən gözəl nəticəsidir…”
50 illik ömür kitabına illərin təcrübəsini sığdıran Səməd müəllim 1990-cı ildə yaradılan Naxçıvan Dövlət Kukla Teatrının ilk aktyorlarındandır. Hələ orta məktəbdə oxuduğu illərdə bu sənətə böyük sevgisi olan qəhrəmanımız 4-cü sinifdə oxuyarkən aktyor olmaq arzusuna düşüb. Daha sonra tale elə gətirib ki, aktyorluqla birlikdə Jurnalistika ixtisası üzrə də ali təhsil alıb. 1990-1992-ci illərdə hərbi xidmətini başa vurduqdan sonra qiyabi olaraq Azərbayan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissoru, həmçinin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
Bunun nəticəsində də 1993-cü ildə Kukla Teatrı ilə yanaşı, Naxçıvandakı Zabitlər Evində “Meloman şou” klubunun, həmçinin, “7 ulduz” Şən və Hazırcavablar Klubunun yaradıcılarından biri olub. Buradakı ssenariləri özü yazıb, özü də oynayıb, bir sözlə, hələ gənc yaşlarından aktyorluq kimi çətin və məsuliyyətli peşənin yükünü öz çiyinlərinə alıb.
İnsanın peşəsindən asılı olmayaraq, elə ki, qəlbə yazıb-yaratmaq eşqi hakim kəsildi, insanı ələ qələm almağa vadar edir. Səməd müəllim də qəlbində bu ülvi peşənin sevgisini hələ gənc yaşlarından, ali təhsil aldığı illərdən, bəlkə də, uşaqlıq illərindən daşıyıb. Hətda Jurnalistika ixtisasının II kursunda təhsil alarkən nəğməkar şair İslam Səfərli haqqında yazısı necə marağa səbəb olubsa, o dövrdə Bakıda nəşr olunan “Naxçıvan” qəzetinin baş redaktoru BDU-ya gəlib və bu gənc jurnalisti əməkdaşlığa dəvət edib. Elə bu məqamda ziyalı böyüklərimdən eşitdiyim bir hikmətli fikir yadıma düşdü. Deyirlər, həyatda iki peşə var ki, onun sahibləri dünyaya həmin peşənin bütün xüsusiyyətlərini daşıyaraq gəlirlər; onlardan biri aktyorluq, digəri isə jurnalistikadır. Səməd müəllim istər teatr səhnəsində, istər videokamera qarşısında, yazıb pozmaq sənətində öz işinin haqqını layiqincə verən sənətkar və telejurnalistdir…
Səməd müəllimin aktyorluq sahəsindəki işi ilə yaxşı tanış olanlar da etiraf edir ki, onun tam fərqli səhnə duruşu var. Deyirlər ki, Səməd Canbaxışiyev 1999-cu ildə Nəriman Həsənzadənin “Atabəylər” əsərindəki Mahmud obrazını səhnədə necə canlandırmışdısa, Xalq artisti Nurəddin Mehdixanlı Səmədin oyununu çox bəyənmiş, hətta Həsən Turabovdan xahiş etmişdi ki, bu cavan oğlanı Akademik Milli Dram Teatrına işə götürsün. O da razılaşmışdı. Amma və lakin Bakı kimi böyük şəhərdə yaşamaq çətinliyi, xüsusən də Naxçıvan sevgisi bu işin alınmasına mane olmuşdu. 1997-ci ildə aktyorluğu, 1998-ci ildə jurnalistikanı bitirən qəhrəmanımız həmin ildən Naxçıvan Dövlət Televiziyasında uşaq verilişləri hazırlamağa başlayır. “Biri vardı, biri yoxdu”, “Boğça” tez bir zamanda uşaqların sevimli verilişlərinə çevrilə bilir. Ümumilikdə Səməd Canbaxşıyev Kukla Teatrında 20-yə qədər, Dram Teatrda isə 15-ə qədər müxtəlif obrazların xarakterini yarada bilib. Onun üçün dram, faciə, komediya janrının fərqi yoxdur, hər sahənin haqqını verən, obraza girməyi bacaran istedad sahibidir. Naxçıvan Dövlət Musiqili Dram Tetarında aktyor, ədəbi hissə müdiri (2014-2020) kimi çalışıb. 2020-ci ildən isə həmin teatrda direktor müavini kimi fəaliyyət göstərir. Naxçıvan Teatrının son iki ildə qazandığı uğurlarda Səməd müəllimin də zəhməti var. Bunu danmaq yəqin ki, onun haqqını danmaq kimi çıxardı. Onun səhnə yaradıcılığı sərgisinə göz atanda isə qarşımızda Qacar, Elxan, Akif, Yəhya bəy Dilqəm, Qədir kimi zəngin xarakterlər qalareyası canlanır. Çünki o, tetar səhnələrində onlarla obraza uğurlu, yaddaqalan səhnə ömrü bəxş edib.
Bununla belə, Səməd müəllimin yaxşı rejissorluq istedadı da var. Bunu Tuncər Cücənoğlunun “Rəngsaz” tamaşasına verdiyi quruluş da göstərdi. Bəzi tamaşalardakı rejissor assistentliyini də bura əlavə etsək, gələcəkdə maraqlı tamaşaların rejissoru kimi qarşımıza çıxacağına da hazır olmaq lazımdır. Bu rolları və teatr fəaliyyəti ona tamaşaçı sevgisi qazandırmaqla bərabər bir çox uğurlarına da vəsilə olub. Belə ki, 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına, 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.
Nə az, nə çox düz 2007-ci ildən, 5 yaşım olarkən, hələ jurnalistika anlayışını yeni-yeni dərk etdiyim illərdə, elə ilk olaraq jurnalist kimi şəxsən tanımağa başladığım Səməd müəllimin Naxçıvan televizyasında da özünəməxus peşəkarlıq yolu, maraqlı və özünəxas üslub tərzi olubdur. O, Naxçıvan Televiziyasında redaktor, daha sonra baş redaktor vəzifələrində çalışıb. 2003-cü ildən isə “Lider” televiziyasının Naxçıvan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərməyə başlayıb. Hətta 2005-2007-ci illərdə Bakıya dəvət olunub və həmin televiziyanın mərkəzdəki müxbiri kimi tamaşaçılar qarşısına çıxıb. Bax elə bu ildən mənim Səməd müəllimlə yuxarıda qeyd etdiyim tanışlığım başlayıb. Çünki atam Rəşadət Əkbərov (yaradıcı imzası Rəşad Əkbərovdur) və Səməd müəllim 2007-ci ildən “Lider” televiziyasının Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbirləri kimi fəaliyyət göstəriblər. 2007-ci ildən “Lider” televiziyası fəaliyyətini dayandırana kimi hər ikisi bölgə müxbiri vəzifəsində muxtar respublikanın bütün sahələrini Azərbaycan tamaşaçısına çatdırmağa çalışıb. Jurnalistika fəaliyyətinə nəzər saldıqda görürük ki, Səməd müəllim jurnalistikanın, demək olar ki, bütün sahələrində çalışıb. Yuxarıda qeyd etdiklərimdən əlavə, “Naxçıvanın səsi” radiosunda redaktor, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “İnformasiya təminatı və saytlarla iş” və “Xəbərlər” redaksiyalarında baş redaktor, Muxtar Respublikanın ilk rəsmi informasiya qurumu olan “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru kimi fəaliyyət göstərib. Bunlarla yanaşı mütəmadi olaraq mətbuat səhifələrində yazıları nəşr olunub. Təsadüfi deyil ki, hazırda Naxçıvan Dövlət Universitetində gələcəyin qələm sahiblərinə, yəni biz tələbə-jurnalistlərə “Televiziya jurnalistikası”ndan dərs deyir. Təsəvvür edirsinizmi, günün istənilən saatında ona yolladığımız yazıları oxuyur, redaktə edir, öz irad və təkliflərini bizə bildirir və ən əsası özümüzün də xəbəri olmadan müxtəlif saytlara, qəzetlərə göndərir.
Zəngin təcrübəsinin nəticəsi kimi qələmə aldığı, bizlərin sevə-sevə mütaliə etdiyimiz “Telejurnalistika dünyası” dərs vəsaitinin müəllifidir. Dəyərli müəllimimizin jurnalist istedadı da diqqətdən kənarda qalmayıb. 22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Ariflər deyirlər ki, həyat dünya qapısından içəri atılan addımla başlayan bir yolçuluqdu. Hər birimiz yıxıla-qalxa, pis-yaxşı bir gün bu yolun sonuna gəlirik. Həyat yolunda o kəslər ölümsüzlük qazanır ki, hər daim saf əməlləri, xeyir işləri, peşəsinə sədaqəti ilə sayılıb-seçilsin. Elə mövzumun qəhramanı Səməd müəllim kimi. Eşidikdə ki, Səməd müəllimin 50 yaşı tamam olur, insanın buna inanası gəlmir. Çünki enerji dolu qəlbi, zəngin təcrübəsindən danışdığı maraqlı sərgüzəştləri, biz gənc jurnalistləri öyrətmək, gələcəyin peşəkar jurnalisti kimi yetişdirmək vüsalı, sanki hər keçən gün daha da artır. Yubileyiniz mübarək olsun, əziz müəllimimiz, həmkarımız. Sizi bütün mətbuat kollektivi adından təbrik edir, sağlam ömür, can sağlığı, işinizdə, peşənizdə hər daim uğurlar qazanmağınızı arzu edirik…
Məcid RƏŞADƏTOĞLU