Cümə , 22 Noyabr 2024
Drone Cameras

Şöhrət Eyvazov: “Cəbhə bölgəsində 14 illik jurnalist fəaliyyətimdə yayılmasına peşman olduğum heç bir xəbər vermədim”-Müsahibə

Boyukmillet.com-un növbəti müsahibi İTV-nin Qarabağ müxbiri, hərbi jurnalist Şöhrət Eyvazovdur.

-Şöhrət bəy, hərbi jurnalistikanın fərqi nədədir? Müharibə şəraitində işləmək jurnalistlərdən nəyi tələb edir?

Bu suala cavab verməzdən əvvəl, 1988-2020-ci illər müharibəsinin bütün şəhidlərinin, o cümlədən, media şəhidlərimizin xatirəsini yad etmək istərdim. Hərbi jurnalistlərinin Vətən sevgsinin və peşə risklərinin ən böyük sübutu da Məhərrəm İbrahimov və Sirac Abışovdur. Yəni bu sahəyə üz tutanların peşə təhlükəsi təkcə müharibə dövründə olmur.

Hərbi jurnalistikanın ən əsas spesifik xüsusiyyəti bu sahəylə məşğul olmaq istəyənlərin hərb mövzuyla tək nəzəri yox, praktik tərəfdən də məlumatlı olmağın vacibliyidir. Müharibə və ya münaqişə zonasında işləmək riskli və təhlükəli olduğuna görə hərbi jurnalistikaya can atan müxbirlər aşağıdakılara diqqət eləməlidirlər:

I. Şəxsi təhlükəsizliyin təminatı vacibdir:

  • Jurnalist “işləyəcəyi” ərazini bilməlidir, yoxsa birbaşa düşmənin əlinə düşər və ya minalı əraziyə keçər.
  • Zirehli gödəkçə və dəbilqəsi olmalıdır, hərbi forma geyinmək olmaz.
  • minimum təcili yardım qaydalarıyla tanış olmalı və bunun üçün zəruri vasitələrlə təmin olunmalıdır.
  • Sağlamlığı və fiziki dözümlülüyü normal olmalıdır, əks halda gərəksiz yükə çevrilə bilir.

II. İnformasiya təhlükəsizliyi qorumaq çox vacibdir:

-milli təhlükəsizliyə xələl gətirən informasiyaları, hərbi sirr xarakterli məlumatları yaymaq olmaz.

-Döyüş əməliyyatlarının nəticəsi, azad edilən ərazilər, itkilər və bu kimi məlumatları yayarkən diqqətli olmaq lazımdır. Məsələn, II Qarabağ müharibəsində bir jurnalistin “Bir az bundan əvvəl düşmənin atdığı top mərmisi Tərtər körpüsnün yaxınlığına düşdü” deməsini xatırlayaq. Belə məlumat bilmədən düşmən üçün koordinat vermək deməkdir. Sensasiyaya əsgər və zabitlərimizi təhlükəyə salmaq hesabına nail olunmamalıdır.

-İnternet, canlı efir, mobil rabitə və digər imkanlar informasiyanın anında çatdırlmasına səbəb olur. Lakin bu “real vaxt rejimində” işləmək düşmən tərəfə məlumat verilən yeri təsbit etməyə imkan verir. Canlı efirdə fonda görsənən hansısa detallara görə özünüzün və yaxınlığınızdakı hərbçilərin həyatını təhükəyə atırsınız.

  • Döyüş anında, cəbhə bölgəsində , təhlükə ilə qarşı-qarşıya dayandığınız bir vaxtda operativ olmağı, xəbərləri xalqa dərhal çatdırmağı necə bacarırdınız?
  • Bildiyiniz kimi, mən I Qarabağ müharibəsində Tərtər-Ağdərə bölgəsində zabit kimi xidmət etmişəm. Atəşkəsin ilk illərində isə Türkiyədə müxtəlif hərbi kurslarda təhsil almışam. 2007-ci ildən isə İctimai Televiziyanın Qarabağ müxbiriyəm. I Qarabağ müharibəsində qazandığım hərbi təcrübəm mənə II Qarabağ müharibəsinin informasiya müharibəsində “döyüşməyimə” kömək etdi. Qaldı operativ olmağa, burda bir incə məqam var: hərbi jurnalist məlumatı operativ əldə eləməlidir, sonra onu “öz senzurasından” keçirməlidir. Hələ atəşkəs dövründə də buna əməl etməyə çalışırdım. Məsələn, Ağdam istiqamətində bir əsgərimizin şəhid olmasını eşitdik. Onun kimliyini dəqiqləşdirmədən bu xəbəri yaymadım. Çünki həmin vaxt övladları orada xidmət edən minlərlə valideynin hisslərini düşünmək lazımdır. Cəbhə bölgəsində 14 illik jurnalist fəaliyyətimdə yayılmasına peşman olduğum heç bir xəbər vermədim. Hansı ki, ön xəttən gələn müxtəlif xəbərləri sensasiya doğuracağını bildiyim halda, sırf informasiya təhlükəsizliyi baxımından yaymadım. Ümumiyyətlə, mövzu Vətən, dövlət maraqlarıdırsa, qalan hər şey ikinci plana keçməlidir.
  • Konkret olaraq hansı ərazilərdə çəkilişlər aparmısınız?
  • Atəşkəs dövründə Qarabağ bölgəsinin cəbhə xəttində yerləşən bütün yaşayış məntələqələrindən, hərbi təlimlərdən, ordu quruculuğundan reportajlar hazırlayardıq. Bayramlarda “Növbəti bayramı azad edilmiş ərazilərdə keçirdək” arzusunu dilə gətirirdik. Şükür, bu arzumuza çatdıq. II Qarabağ müharibəsinin ilk günü Tərtər istiqamətində idik, sonra oraya müxtəlif qruplarımızın ezam olduğunu görüb operator Vüsal Quliyevlə birlikdə Füzuli-Cəbrayıl istiqamətinə yollandıq. Əlbəttə, ən xoş anlarm azad edilmiş Cəbrayıldan verdiyim xəbərlər idi. Əsgərdən sonra ayağı o torpaqlara dəyən peşə sahibləri jurnalistlərdir. Şuşa, Suqovuşan, Hadrut və digər ərazilərimizin hər birində olduq. Ən kədərli xatirələrim isə Bərdə terrorudur. Ağdama ilk səfərimdə buranın “Ruhlar şəhəri”nə çevrilməsini görməyim də yadımdan çıxmır.
  • Çəkilişlərdə sizinlə birgə kimlər iştirak edirdi?
  • Atəşkəs dövründə, 2016-ci Aprel döyüşlərində olduğu kimi, Qarabağ Vətən Müharibəsinin Zəfər mərhələsində də çiyin-çiyinə xidmət etdiyimiz Qarabağ bölgə müxbirləri və operatorları ilə bir yerdəydik. Sizə bildirmək istəyirəm ki, yaxın günlərdə bizdən – Şöhrət Eyvazov, Şamxal Adığözəlov, Habil Məmmədov, Tahir Ağaməmmədov, Elnur Tofiq, Emin Babayev, Pərviz İmranoğlu, Daşqın Abdullayev, Elgün Qəmbərov, Fəxri Məmmədov, Vicay Cahangirli , Ziya İsmayıloğlu , Vüsal Quliyev, Elgün Gəncimsoy, Elgün Qənbərov, Vüsal Quliyev, Ziya İsmayılolğlu, Elmin İsbəndiyarov, Loğman İsmayılov, Arzu Quliyev, Elgün Gəncimsoy, Fəzail Səfərli, Zahir Əsədov və digər media nümayəndələrindən bəhs edən bir kitab nəşr ediləcəkdir. Tərtibçisi olduğum “Səngər Adamları” adlı əsərin ideya müəllifi Umud Rəhimoğlu, redaktorları Cahangir Məmmədli və Mübariz Piri, məsləhətçisi Rey Kərimoğludur. Məqsədimiz atəşkəs dövründə, Aprel döyüşlərində, eləcə də Azərbaycanın 44 günlük Zəfər müharibəsində informasiya cəbhəsində fədakarlıqla xidmət edən media nümayəndələrini ictimaiyyətə daha yaxından tanıtmaqdır. Bu kitabı gələcəkdə hərbi junalist olmaq istəyən gənclər üçün praktiki vəsait də saymaq olar. Fürsətdən istifadə edib, Beynəlxalq Avrasiya Mətbuat Fonduna bu diqqət üçün təşəkkür edirik. Qeyd edim ki, “Səngər Adamları” media şəhidlərimizin xatirəsinə ithaf olunub.
  • Gəncləri hərbi jurnalistika sahəsində ixtisaslaşdırmaq üçün təlimlər təşkil etməyi düşünürsünüz?
  • Ötən dövrdə bəzi layihələrdə həm iştirakçı, həm də təlimçi kimi iştirak etmişəm. Əlisəfa Mehdinin “Ekstremal Jurnalistika” mövzuzunda keçirilən təlimlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Əgər təkliflər olarsa, yenə də təlimçi kimi layihələrdə iştirak edə bilərik.

Bu yaxınlarda həmkarım Şamxal Adığözəlov və Musa Muradlı ilə təsis etdiyimiz “Qarabağ Media Assosiasiyası”nın da məqsədlərindən biri də elə bu cür təlimlərin təşkilidir.

  • İkinci Qarabağ savaşında media sahəsində xidmətlərinizə görə necə qiymətləndirildiniz?
  • İlk diqqət İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllidən gəlib. İSBAM İdarə Heyətinin müvafiq qərarı ilə 44 günlük Zəfər müharibəsində səmərəli fəaliyyət göstərən media nümayəndələri “Zəfər Media Mükafatı” ilə təltif edildilər. Bu mükafata ilk layiq görülən jurnalist olduğuma görə təşkilatçılara minnətdaram. Ötən müddətdə icra strukturları, Müdafi Nazirliyinin rəhbərliyi və müxtəlif hərbi hissələr, eləcə də qeyri-hökumət təşkilatları tərəfindən “Fəxri Fərman”lar almışam.

Bunu da qeyd etmək istəyirəm ki, sentyabrın 27-sində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “TÜRKSOY Media Mukafatına layiq görülmüşəm.

  • Bu yay azad və abad olunmuş Şuşamıza səfər edərkən hansı hissləri keçirdiniz?
  • Əslində, hələ fevral ayından Şuşada və Daşaltıda operator Ramin Mehdi ilə çəkilişlər aparmışdıq. İzah olunmaz duyğular yaşadım. Xüsusilə də Cıdır düzündə Qarabağın azad havasını duyduğum o gözəl anları unutmayacağam. Bu hissləri Laçında, Hadrutda, Azıx mağarasında, Xudafərində olanda müxtəlif çalarla yaşamışam. Bilirsiniz ki, azad edilmiş ərazilərə əsgər və zabitlərdən sonra ayağı ilk dəyən peşə sahibləri jurnalistlərdir. Eyni zamanda, risk qrupunda olduğumuzu da unutmamalıyıq. Allahdan Məhərərəm İbrahimova, Sirac Abışova və bütün media şəhidlərimizə rəhmət diləyirəm.

Qalib ölkənin hərbi jurnalisti olmaq necə bir hissdir?

  • Bütün vətəndaşlarımız kimi çox sevincli və qürurluyam.

Otuz ilə yaxındır ki, bu qələbəyə gələn yolla addımlayırdıq. Şükür, Qarabağımıza qovuşduq. Lakin bu yolda 30 minə yaxın şəhid verdiyimizi unutmamalıyıq. 1988-ci ildən 2020 ci ilədək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə canların keçən bütün şəhidlərimizə borcluyuq bu qələbəni.

Amma əminəm ki, onların da ruhu şaddır.

-Bəs “Qərbi Azərbaycan Salnamələri” verilişiniz haqqında nə demək istəyərdiniz?

  • Oktyabr ayından El TV kanalında yayımlanan bu veriliş Ermənistan adlandırılan qədim yurd yerlərimizə həsr olunur.

İlk televizya layihəsidir. Əslində, 2003-cü ildə Leyla Gərayzadə ilə birlikdə “Qərbi Azərbaycan Salnamələri” adlı kitab nəşr etdirmişdik. O vaxtdan belə bir veriliş hazırlmağı arzulayırdım. Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, dəyişdirilən toponimlərini, törədilən soyqırım və deportasiyaları gənc nəslə çatdırmaq istəyirik. Bu mövzuda diskussiyalara müxtəlif tədqiqatçıları və ziyalıları dəvət edirik.

-Sizə uğurlar arzulayırıq.

  • Çox sağ olun, mən də müsahibə üçün sizə və saytınıza təşəkkür edirəm.

Ayna Fərhad

Boyukmillet.com

Check Also

Deputatlığa namizəd ETİRAZ ETDİ: İcra orqanları camaatı görüşlərə gəlməyə qoymur

Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində …