Nərgiz: atasızlıq necə bir hisdir?
Yasəmən: siz də atanızı itirmisiz?
Nərgiz: yox, atam yaşayır,yanımdadır. Sadəcə, valideyn yoxluğu çəkmiş bir uşağın nələr yaşadığını bilmək istəyirəm.
Yasəmən: Bu kimya elementi deyil ki, mən danışam siz də öyrənəsiz. Atasızlığın nə olduğunu bilmək üçün, yaşamaq lazımdır. Öyrənmək gözəldir, lakin kimsəyə arzulamadığım yeganə anlayışdır valideynsizlik.. siz məni anlamazsız. Anlamayın da….
Nərgiz: “bağışlayın, deyəsən, kədərlənmənizə səbəb oldum. Gecdir. Yaxşısı budur mən gedim mütləq görüşərik”-deyərək uzaqlaşdı..
Yasəmən isə, hələ də parkda oturub, bir-birini ötüb keçən buludları seyr edərək hər zamankı kimi, səssizcə öz qəlbiylə dərdləşirdi.
” Atasızlıq yenicə dünyaya gəlmiş körpənin gülərək atasını son mənzilə yola salması, lakin əlini tabuta uzadıb körpə qığırtısı çıxardaraq, taputun içindəki insanın bir ömürlük itirdiyi xoşbəxtlik olduğunu dərk etməməsidir”
Qəlbimdə böyüməyən balaca bir qız yatır mənim. O balaca qız hər atasının əlindən tutub, üzünə boylanıb gülümsəyən uşaqları gördükdə, titrək səsiylə ” ata axı hardasan”deyə fəryad edir. Mən ilk addımlarımda yıxılıb özüm öz əllərimi yerə qoyaraq ayaq üstə durmuşam. O vaxt nə biləydim ki, ömrüm boyu həyatın hər mənə yedizdirdiyi zərbədə əlimi başımla birgə qaldırdıqda əlini mənə uzadıq “qalx qızım qorxma” deyən insanı əbədiyyən itirmişəm və eynilə 1 yaşımdakı kimi öz əllərimi yerə dayayaraq qalxacam. Mənə İlk velosibet aldıqlarında velosibetimin arxasından, ciynimi tutub məni irəli çəkən atam olmadı.Velosibet sürməyi də yıxıla-yıxıla öyrənmişdim. Onda da 5 yaşım var idi, o zaman da bilmirdim ki, Yaradan ömrümü arxasız-dayaqsız yaradıb. Bütün gücü ilə velosibeti hərəkətə gətirmək istəyən balaca qız, bir ömür öz arxa-dayağı özü olmağı öyrənən bir yetkin qadın oldu.
Eh, ata itirməmiş dərdimə şərik olmaq istəyənlər, axı hardan biləsiz ata həsrəti nədir?
Axı, hardan biləsiz ki, kimsənin olmadığı, aynalı otaqlarda aynaya baxaraq “ata” çağırıb xəyalını qurmaq ki, atam olsa, onu səsləsəm kənardan xitabım bu cür görünər düşüncəsi necə yandırırdı körpə qəlbimi ..
Hər kəsin bir adı olduğu halda, mənim iki adım olurdu hər zaman. Yasəmən və yetim. Hər kəs məni gördüyündə düşüncəsinə adımın Yasəmən olduğundan öncə “yetim” olduğunu gətirirdi…
Peyğəmbərimizin (s) bir kəlamı vardır. ” Bir yetim başına çəkilən sığal min savaba və ibadətə dəyər”
Çoxları savab qazanmaq üçün çirkli əllərini başıma çəkirdi və ən pisi yaşımın az olmağına baxmayaraq, hər şeyi dərk etməyim idi. Yaşıdlarım hər gün yeni bir oyuncaq xəyalında olarkən, mənim xəyalım hər günümün bir gün son olması və atama qovuşmağım idi. Başa düşürsüz 10 yaşında, saçından məktəbli hörükləri açılmayan balaca qız bir gün ölüb atasına qovuşmaq xəyalında idi.
Deyirlər, insanı yaşadığı çətinliklər böyüdür, cismani yaşı deyil. Tamamilə razıyam. Mən 11 yaşımda atamın soyuq məzar daşına sarılarkən, yaşıdlarımın ölüm anlayışını anlamadığı halda, məzarlıq mənə yuva kimi gəldiyində nə qədər böyüdüyümü, nə qədər yetkinləşdiyimi anlamışdım..
Müəllimlərim “atanız harada işləyir”- deyə sorğu keçirdiyində bəzi uşaqlar atalarının fəhlə işləməsini dilə gətirməkdən utanardılar. Ancaq, kənarda bir uşağın hər zaman xəyalı ayağa qalxıb “atam fəhlə işləyir” deməsi idi, yetər ki, “atam vəfat edib” deməsin..
Yasəmən sanki, qəlbində bütün insanlara söylərdi dərdini. Ancaq, qəlbindən keçirtdiyi sözləri dilinə gətirib bircə insanla belə, dərdləşməzdi. O, bir anlıq gözlərini buludlardan çəkib bir balaca qızla, oğlan uşağının atasının əlindən tutub parkda addımlamağına fikir verdi və asta səslə onların arxasınca boylanaraq söylədi:
“Uşaq olarkən, nənəmdən bir söz eşitmişdim. Deyirdi ki, ” Rəbbimiz insanlara əlində olanların şükrünü etməsini öyrətməkdən dolayı digərlərindən onlarda olanları alarmış”
Bəlkə də, mənim bu gün atasızlığımın səbəbi, sizin mənə kənardan baxaraq həyatda olan atanıza şükr etməyinizdir. Elə isə şükr edin zaman doğmalarımızı ikinci plana atmaq üçün çox azdır. Bəlkə də, bir gün ikinci plandakı atalara baş çəkmək istərkən, mərmərdən olan məzar daşlarındakı şəkillər həsrətlə boylanar bizə. Atalarınızın əlindən öpün, qədrini bilin ki, mənim bu dünyadakı atasızlığım əbəsləşməsin.
Mənim üçünsə üzülməyin..Mən köç etdiyimizdən sonrakı əbədi dünyaya inanıram. Çünki, Rəbbimin ədalətinə bələdəm. İnanıram, inanıram ki, o məni gözləyir..”
Şölə Hilal