Spiker ya mənim fikirlərimi düzgün başa düşmədi, ya da çıxışı ilə məni şantaj etdi. Guya, Azərbaycanda gedən böyük quruculuq işlərini, qələbəmizi və s. bunların hamsını görmürəm, ancaq qara yaxmaqla məşğulam. Çıxışım hər yerdə var. Orada ancaq məşğulluq məsələsindən danışmışam”.
Boyukmillet.com xəbər verir ki, bunu “Unikal“a açıqlamasında deputat Sabir Rüstəmxanlı ötən gün Milli Məclisin plenar iclasında spikerlə aralarında yaranan mübahisəyə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, bölgədəki məşğulluq idarələrində caamat bir rayondan o birinə gedir, guya onları növbəyə götürürlər, deyirlər ki, iş olanda sizə məlumat verəcəyik.
Vətəndaşlarımız aylarla gedib-gəlir, amma iş düzəlmir. Bunu bütün rayonlarda bilirlər. Məşğulluq idarəsinin də günahı yoxdur. Çünki kənd yeridir, iş ya yoxdur, ya da azdır. Çıxışımda məqsəd diqqəti bu məsələyə cəlb etmək idi ki, “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklik o problemi həll edə bilməz. Bu problem daha ciddi müzakirə olunmalıdır. Spiker buna cavab olaraq bildirdi ki, “Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür.
Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”. Ölkədə görülən işləri hamıdan yaxşı müşahidə edirəm. Bu barədə hamıdan çox yazmışam. Onda bu Milli Məclis nəyə lazımdır? Burada heç bir qanun haqqında fikir deməyəcəyiksə, onda biz nə üçün yığışırıq? Orada olan alqışlar və söhbətlər mənə qarayaxmaqdır. Guya, ölkədə gedən işləri görmürəm, bunlar o işləri görür, biz buna mane oluruq. Əslində belə deyil. Konkret bir məsələdən danışmışdım”.
S.Rüstəmxanlı qeyd edib ki, Vətən müharibəsi zamanı hər gün Azərbaycan və xarici ölkə televiziyalarına müsahibə verib: “Vətən müharibəsinə aid marş və publisistik yazılar yazmışam, böyük poema həsr etmişəm. Həmin günlərdə partiya olaraq Prezidentin yanında olmuşuq”.
Anar Kəlbiyev