Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupundan üzv seçilən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə adıçəkilən sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.
qhtxeber.az-ın məlumatına görə, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev qaçqın və məcburi köçkünlərin, veteran və şəhid ailələrinin əhalinin ən həssas təbəqəsindən olduğunu deyib. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti haqqında danışan Azay Quliyev QHT-lərin də bu sahədə fəal olduğunu qeyd edib. Şura sədri Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və hərbi təcavüzünün başlandığı ən ağır günlərdə silaha sarılaraq ərazi bütövlüyümüz uğrunda vuruşan insanların qəhrəmanlıqlarının heç zaman unudulmadığını və onların problemlərin həlli üçün dövlət qurumları ilə QHT-lərin yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
Azay Quliyev Şuranın 2017-ci il II qrant müsabiqəsinin mövzularının əksəriyyətinin müharibədən zərər çəkən şəxslərin sosial-ictimai müdafiəsinin, düşmənə qarşı informasiya savaşının gücləndirilməsi, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin ifşası olduğunu deyib. A. Quliyev Şuranın Qarabağ qaziləri, şəhid ailələrini, qaçqın və məcburi köçkünləri hər zaman diqqətdə saxladığını və hər il bu istiqamət üzrə onlarla QHT layihəsini maliyyələşdirdiyini qeyd edib. Şura sədri bu sahədə fəaliyyətin uğurlu koordinasiyasına görə Şura üzvü Emin Həsənliyə təşəkkür edib və onun fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. Şura sədri həmçinin QHT-lərlə yaxından əməkdaşlığına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də təşəkkürünü bildirib.
Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifovanı 65 illik yubileyi münasibəti ilə təbrik edən Azay Quliyev onun müharibənin od-alovunun içərisindən çıxan dəyərli qazilərimizdən olduğunu deyib. Şura sədri N. Yusifovanı həm QHT sahəsində səmərəli fəaliyyəti, həm də Qarabağ qazisi kimi Təşəkkürnamə ilə təltif edib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov hər bir Şura üzvünün seçildiyi qrupun mövzu istiqaməti üzrə fəaliyyət göstərən QHT-lərlə keçiridiyi görüşlərin məqsədi və əhəmiyyəti haqqında məlumat verib. F. Qurbanov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı milli maraqlarımızın müdafiəsi istiqamətində fəaliyyət göstərən QHT-lərlə görüşməkdə məqsəd layihələrin icra vəziyyətini, effektivliyin və təşəbbüskarlığın artırılması mexanizmlərini müzakirə edərək uğuru nəticənin əldə olunmasını stimullaşdırmaqdır.
Şura üzvü Emin Həsənli Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, müharibə qəhrəmanlarımızın tanıdılması, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində, antiazərbaycan dairələrin təxribatlarının qarşısının alınmasında QHT-lərin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını deyib. Emin Həsənli QHT-lərdən Ermənistanın törətdiyi vəhşiliklərin ifşası istiqamətində innovativ təşəbbüslər gözlədiyini deyib və onları milli məsələlərlə bağlı petisiyalarda fəallığı artırmağa dəvət edib. Şura üzvü QHT-lərin layihələrin icrası zamanı üzərlərinə düşən müqavilə öhdəliklərini dəqiq şəkildə icra etməsinin effektivliyin təmin olunmasında həlledici rola malik olduğunu vurğulayıb.
QHT rəhbərləri Mehdi Mehdiyev, Şəmistan Əlizamanlı, Mətanət Əsgərqızı, İradə Rizazadə, Samir Adıgözəlli, Sərraf Oruc, Məmmədhəsən Həsənov, Gəray Əlibəyov, Bəyimxanım Verdiyeva, Təhmasib Novruzov və digər şəxslər çıxış edərək layihələrinin icra prosesi zamanı qarşılaşdıqları məsələlər, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması haqqında danışıblar. QHT nümayəndələri həmçinin mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.