Bazar , 17 Noyabr 2024
Drone Cameras

Şuşanı içməli su ilə təmin edəcək alternativ mənbə müəyyən olunub

Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun 2-ci iclası keçirilib.

Bu barədə  “Azərsu” ASC-dən məlumat verilib.

Şuşada baş tutmuş iclasda səhmdar cəmiyyərinin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları, mütəxəssislər iştirak edib. Əvvəlcə mədəniyyət paytaxtının içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad olunduqdan sonra qısa müddətdə Kiçik Kirs və Zarıslı mənbələrinin suqəbuledici qurğularında və magistral kəmərlərdə bərpa işləri aparılaraq şəhərə suyun verilməsi təmin edilib, paylayıcı şəbəkələrdə tənzimləmə işləri görülüb.

Sonra Şuşanın içməli su təchizatı sistemin yenidən qurulması məqsədilə perspektivdə nəzərdə tutulan işlər barədə təqdimat edilib. Bildirilib ki, ötən ilin sonlarında şəhərin içməli su təchizatının yenidən qurulması layihəsinin ilkin mərhələsi üzrə işə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsi dəyişdirilib. O da diqqətə çatdırılıb ki, layihə çərçivəsində şəhər ərazisində 2 su anbarı və şəhərdaxili şəbəkənin 6 km-lik hissəsi yenidən qurulacaq.

Qeyd edilib ki, mövcud Kiçik Kirs və Zarıslı mənbələrindən istifadə ilin müəyyən dövrlərində tələbatı ödəməyə bilər. Buna görə də alternativ mənbə olaraq Zarıslı çayının su ehtiyatlarından istifadə olunması planlaşdırılır. Bu məqsədlə çayın Şuşa şəhərinə yaxın hissəsində suqəbuledici qurğunun və nasos stansiyasının tikintisi üzrə tədqiqat işləri planlaşdırılır.

İclasda Şuşa şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri də müzakirə edilib.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …