Cümə , 5 İyul 2024
Drone Cameras

Şuşaya səfər edən Türkiyənin təhsil rəsmisi: “Şagirdlərimiz Azərbaycanın tarixini öyrənirlər”

“Bir həftədir ki, Azərbaycandayıq. Şagirdlərimiz Azərbaycanın tarixini, mədəniyyətini öyrənirlər. Dünən Şuşada olduq, bir sıra yerləri ziyarət etdik. Şuşanın tarixi yerlərini, döyüşlər olmuş əraziləri gördük”.

Bunu “Report”a açıqlamasında Türkiyənin Kastamonu rayonunun təhsil şöbəsinin müdir müavini Sərxan Dəmirqıran deyib.

O, Kastamonunun Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdlərini müşayiət edir. Türkiyəli məktəblilər hazırda Füzuli rayonundadırlar.

S.Dəmirqıran bildirib ki, şagirdlər bu səfərdən olduqca məmnundurlar: “Şagirdlərimiz Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq ondan bayraq və şəxsi fotosunu istəmişdilər. Həmçinin Şuşanı və işğaldan azad olunmuş digər Azərbaycan torpaqlarını görmək arzularını bildirmişdilər. Bunun cavabında cənab Prezident onları Azərbaycana, azad olunmuş torpaqları görməyə dəvət etdi.

Bu gün artıq Füzulidəyik. Bizə bu şəraiti yaratdığı üçün Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Şagirdlərimiz burada gördükləri mehriban münasibəti ölkəmizə qayıtdıqda oradakı dostlarına da danışacaqlar. Dilimiz, kökümüz, sözümüz birdir. Bu qardaşlığı daha da möhkəmləndirəcəyik”.

S.Dəmirqıran həmçinin Türkiyə məktəblərində Azərbaycanın Qarabağ zəfərinin tədrisi, şagirdlərə öyrədilməsi məsələsinə də toxunub. O söyləyib ki, Tarix dərsi çərçivəsində uşaqlar Azərbaycanın şanlı qələbəsi haqqında məlumatlar alırlar: “Onlar azad olunmuş torpaqları, onların tarixini kifayət qədər öyrənirlər”.

Check Also

Magistratura imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən …