Cümə , 19 Aprel 2024
Drone Cameras

Təhlükəli çağırışlar edən din xadiminə münasibətdə DİN daha prinsipialdı, nəinki QMİ…

Samir Adıgözəlli: “Yoluxmanın çox yüksək faizə çatdığı bir vaxtda lənkəranlı ruhaninin özbaşına çağırış etməsi qətiyyən yolverilməzdir və DİN-in də ona xəbərdarlığı tam yerindədir”

Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə “Facebook” profili vasitəsilə canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb. Bu barədə mətbuata məlumatı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev verib.

O bildirib ki, bununla əlaqədar Axundzadəyə rayon hüquq-mühafizə orqanları tərəfindən rəsmi xəbərdarlıq edilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları izah olunub: “Qeyd olunanları nəzərə alaraq, vətəndaşlara tövsiyə edirik ki, infeksiya şəraitində dini mərasimlərin keçirilməsində Operativ Qərargahın tələb və qaydalarına, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələrinə hər bir şəxs ciddi əməl etməlidir”.

Zaman-zaman bəzi ruhanilər meydana çıxaraq bu cür çağırışlar etməyə cəhdlər göstərir. DİN həmişə bu kimi məsələlərin qarşısını almaqda aktivlik göstərir, amma təəssüf ki, QMİ çox zaman belə məsələlərdə susur. Ekspertlərin fikrincə, din adamları, ruhanilər arasında az da olsa dövlətin qoyduğu qaydalara qarşı çıxanların və təhlükəli çağırışlar edənlərin olması onu göstərir ki, QMİ onlara lazımi təlimatlar göndərmir, maarifləndirmə aparmır, aparırsa da, bu, səthi xarakter daşıyır.

  • “Təəssüflər olsun ki, QMİ bu kimi məsələlərdə maarifləndirmə işini lazımı səviyyədə aparmır”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli hesab edir ki, islam dini özü də keçirilən, yaxud keçirilməsi nəzərdə tutulan bir kütləvi mərasim insan sağlamlığına zərər gətirəcəksə, onun təşkilini bəyənmir, dinimizdə də insan sağlamlığı əsas götürülür: “Dinimiz insan sağlamlığı üçün təhlükə yaradan instənilən dini ayinlərin, ritual və mərasimlərin keçirilməsini qəbul etmir. Dinimiz özü də belə şeylərə qarşıdı. Pandemiya ilə bağlı mövcud vəziyyət onu göstərir ki, hər kəs, kimliyindən asılı olamayaraq, təhlükəyə yol açan davranışlara yol verməməlidir. İkinci bir məsələ də var. Bəzən toyların keçirilməsinə icazə verilməsinə diqqəti çəkirlər ki, toylara icazə verilmişdisə gərək Məhərrəmlik mərasimlərinə də icazə veriləydi. Toylarla bu məraimləri qətiyyən müqayisə etmək olmaz. Toylarda insanlar sosial məsafə gözlənilməklə yerləşdirilir, hər kəs ona ayrılan masada oturur.

XXI əsrdə yaşayırıq və hər kəs sosial şəbəkələrdə canlı yayım açıb danışa,  çağırışlar edə bilir. Pandemiya ilə bağlı ölkəmizdə vəziyyət gərginləşir, yoluxanların sayı az qala 2 minə çatır. Ona görə də hər kəs ehtiyatlı olmalıdır. Yoluxmanın çox yüksək faizə çatdığı bir vaxtda lənkəranlı ruhaninin özbaşına çağırış etməsi qətiyyən yolverilməzdir və DİN-in də ona xəbərdarlığı tam yerindədir. Qanunsuz çağırışlar etmək fikrinə düşənlərin hamısı bundan dərs götürməlidir. Təkcə pandemiya dövründə deyil, ayrı-ayrı vaxtlarda bəzi ruhanilərin özbaşına hərəkət etdiklərini görmüşük. Yəni Məhərrəm ayında keçirilən mərasimlərdən sui-istifadə edərək müyyən məqsədlərə xidmət etdiklərini də müşahidə etmişik. Təəssüflər olsun ki, QMİ bu kimi məsələlərdə maarifləndirmə işini lazımı səviyyədə aparmır. QMİ davamlı şəkildə maarifləndirmə işi aparmalıdır, pandemiya şəraitində ruhanilərin, din xadimlərinin necə davranmalarına dair təlimatlar hazırlayıb yerlərə göndərməlidir. Yoluxma sayının artması QMİ-ni öz tədbirlərini daha da genişləndirməyə vadar etməlidir. Demirəm ki, QMİ bu sahədə iş görmür, görür, amma lazımi aktivliklə görmür. QMİ bir daha din adamlarına, ruhanilərə çağırışlar etməlidir ki, pandemiyadır, dövlətin qayda-qanunlarına hər kəs əməl etməlidir. Din adamları özləri insanlar arasında maarifləndirmə işləri aparmalıdır. Hesab edirəm ki, bir ruhaninin insanları kütləvi olaraq dini mərasimdə iştirak etməyə çağırması dövlətin qanunlarına sayğısızlıqdır. Hər bir kəs Azərbaycan qanunlarına, dövlətimizin maraqlarına xidmət etməlidir. Biz öz dinimizi də, dini müqəddəslərimizi də yüksək dəyərləndiririk, amma pandemiya olduğu üçün kütləvi məraimlər keçirə bilmirik. Pandemiya şəraitində din xadimlərinin üzərinə daha böyük məsuliyyət düşür. Həmin ruhani sosial şəbəkədə canlı yayım açaraq insanları pandemiya ilə mübarizədə daha aktivliyə, məsuliyyətli olmağa çağıra bilərdi. Bu gün din xadimlərinin imkanı var ki, sosial şəbəkələrdən və digər platformalardan Məhərrəmlik, Aşura fəlsəfəsini camaata anlatsın. Bu baxımdan kütləvi yığışmağa ehtiyac yoxdur”.

S.Adıgözəlli hesab edir ki, Məhərrəmlik mərasimlərinin virtual olaraq keçirilməsi tam mümkündür, din xadimləri sosial şəbəkələrdə çıxışlar edə, söhbətlər apara, insanları maarifləndirə bilər. Ehsan məclislərinin keçirilməsinə gəlincə, S.Adıgözəlli qeyd etdi ki, bu ehsanları başqa formada da təşkil etmək olar. “Hər kəs Azərbaycan Respublikasının qanunlarına tabe olmalıdır, qaydalara riayət edilməlidir. Məhərrəm ayının başlaması ilə kütləvi tədbirlərin, mərasimlərin keçirilməsi yoluxma sayını sürətlə artıra bilər və bu baxımdan bu tədbirləri keçirməkdən çəkinmək lazımdı” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

İstanbulun ən gözəl məkanı: Galataport

MAPIC 2023 Mükafatlarında “Ən Yaxşı Yeni İnkişaf Layihəsi” olaraq tanınan Galataport, Karaköyün İstanbulun cazibə mərkəzi …