Artıq bir neçə gündür ki, xəbər saytlarında bizim işçi qrupunun 10-cu sinif “Azərbaycan tarixi” dərsliyinə aid rəyləri, təhlilləri müxtəlif manşetlərlə ictimaiyyətə təqdim olunur. Artıq cəmiyyətin geniş auditoriyası adı çəkilən dərsliyin plafiat olduğu haqqında məlumatlıdır. Nəhayət ki, plagiat-dərsliyin müəlliflərindən biri öz mövqeyini bildirdi.
İlk öncə qeyd etməyi özümə borc bilirəm ki, istər işçi qrupunun üzvləri, istər müəlliflər yazdığı hər bir cümləyə məsuliyyət daşıyır və bizim yazılarımızı oxuyan hər bir vətəndaşa və özünə hörmət edərək işlətdiyi ifadələri xüsusi yanaşmalıdır. Bayağı, loru ifadələrdən istifadə etməyək. Kimin “boş-boş” danışdığı cəmiyyətin gözü önündədir. Bəli, mən rəylərimi sərt şəkildə təqdim etdim. Üslubum sərt olsa da, heç kəsi təhqir etmədim, savadsızlıqla günahlandırmadım və faktsız, sübutsuz, ümumi iddialarla çııxış etmədim. Yenə də yazdıqlarımın üzərində dayanıram: dərslik plagiatdır, ekspertlərin işi yarıtmazdır, onlar belə bir dərsliyə göz yumaraq yüksək bal veriblər.
Gələk gündəmin “tarixçisi” Kamran Əsədovun kimliyi məsələsinə. Məncə onu çoxları şou xarakterli çıxışlarından tanıyır. Mən onu ilk dəfə 2014-cü il fevralın 19-da keçmiş ANS kanalının “Günəbaxan” verilişində görmüşəm. Mən də o verilişdə dərsliklərlə bağlı mövzu olduğu üçün iştirak edirdim. Verilişin aparıcısı bu şəxsi “tarix elmləri namizədi” kimi təqdim etdi. Qeyd edim ki, aparıcının bunda günahı yoxdur, kulisdə özündən soruşdular və belə də təqdim olundu. (həmin verilişin video yazısı var) Yadıma düşdü ki, bu gənc müəllim 2009-cu ildə TQDK-da tarix seminarına gəlirdi və orada 3 min test hazırladığını iddia etmişdi. Ekspertlər testlərə baxıb gülmüşdülər.
Gənc müəllifin bizə ünvanladığı son pafoslu çıxışından sonra kişik araşdırma apardıq. Dəhşətli faktlara rast gəldik. Bu şəxs Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə həbs olunub (bu linkdə tanış olun: http://news.milli.az/crime/294714.html). Bir il cəza çəkdikdən sonra cəzanın yüngülləşdirici hallarından istifadə edərək cəzasının qalan hissəsini icbari yolla çəkməklə azadlığa buraxılıb. Məlum oldu ki, bu şəxs BDU-nun “Azərbaycan tarixi” kafedrasının doktorantı olub və bu cinayəti törətdiyinə görə BDU-dan qovulub. O, tarix elmləri namizədi deyilmiş. İndi isə AMEA-nın aspirantıdır (Təəssüflər olsun ki, aspiranturaya qəbulda heç kəsin kriminal keçmişi araşdırılmır).
Bu müəllif hansı haqla dərslik yazır? Hansı haqla və nə ilə biz müəllimləri və alimləri ittiham edir? Özünü təhsil eksperti kimi təqdim edən bu şəxs haranın ekspertidir? “Şirvanşahlar tariximizin utanc yeridir…” deyərək separatizmlə məşğul olan bu şəxs BDU-da tələbələrinə nəyi öyrədir? Dərsliyində “şanlı” Ermənistan tarixindən bəhs edən bu müəllif hansı amala, hansı əqidəyə xidmət edir?
Bəli, tenderdə bizim dərslik layihəmiz də olub və tenderi itirmişik. Heç bir rəy verilmədiyi üçün biz dərsliyimizin nöqsanları haqqında məlumatsızıq. Yəqin ki, tezliklə rəy göndəriləcək. Bizim müəllif heyəti içərisində elmdə öz sözünü demiş alim də var, orta məktəbdə fəaliyyət göstərən müəllim də var, kurikulum üzrə mütəxəssis də var, DİM-in, eksperti də var, BDU müəllimləri də var. Sual olunur: 8 nəfərlik tərkiblə dərslik yazmısınız, budurmu sizin cavab verə biləcək müəllifiniz?
Tenderin nəticəsi göstərdi ki, dərslik sahəsində heç bir inhisar (monopoliya) yoxdur. Bizim müəllif heyəti dərslik siyasətinə qatılmaqla Azərbaycan tarixi konsepsiyasını orta məktəb dərsliklərinə tətbiq etmək işini başa vurdu. “Azərbaycan tarixi-9” dərsliyi ilə Vətənimizin tarixinin müasir dövrü də daxıl olmaqla artıq tədris olunur.
Biz piyar etsəydik, Təhsil Nazirliyinin məlum məktubundan öncə rəy bildirərdik. İşçi qrupu yaradılmadan öncə plagiat-dərsliklə tanış deyildik. Bizim heyətin heç bir üzvü ictimai rəy bildirməmişdi. Kitaba, dərsliyə rəy vermək işi o qədər məsuliyyət tələb edən və yorucu işdir ki, elmi işlərimizi kənara qoyub bu dərsliyi təhlil etmək fikrində deyildik.
Bütün yuxarıda yazılanlara baxmayaraq, Müəlliflik Hüquqları haqqında Qanununa istinad edərək bir neçə anlayışa aydınlıq gətirək. Qanunda yazılıb ki, “müəllif” əsərin yaradıcısı olan fiziki şəxsdir. (bax: qanunda I bölmə, maddə 4) Bəs plagiatlıq nədir? Plagiatlıq (latın dilindən “plagio” sözündən götürülüb – “oğurlayıram” deməkdir), müəllifin və ya ixtiraçının hüquqlarının pozulması növüdür. Bu digər şəxsə məxsus əsərin (elmi, ədəbi, musiqi), ixtiranın və ya səmərələşdirici təklifin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi deməkdir. Bir sözlə, istər qanunvericilikdə, istərsə də izahlı lüğətdə birmənalı şəkildə aydın yazılıb: köçürmüsənsə və istinad göstərməmisənsə, məhsulun plagiatdır.
Müəllifin pafoslu yazısından belə anlaşıldı ki, “qəhrəman” dərsliyini tək “yazıb”. Fakt plagiat sayılmır. Düzdür. Lakin ictimaiyyətə təqdim olunan plagiat nümunələrində fakt deyil, izah və təhlillər göstərilib.
Müəllifin kurikulumdan, dərslik işindən xəbərsiz olması onun bəyanlarında açıq aydın görünür. İddia edir ki, müəllifi olduğu 10-cu sinif “Azərbaycan tarixi” dərsliyindəki bütün mövzular Elmlər Akademiyasının Tarix institutu tərəfindən təsdiq olunub. Hörmətli müəllif, Tarix İnstitutu respublikada aparılan tarixi tədqiqatların mərkəzidir, dərsliklərə mövzu təsdiq edən qurum deyil. Dərsliklərin mövzuları haqqında hansısa sənəd yoxdur. Dərslik müəllifləri mövzuları özləri müəyyən edir. Mövzular haqqında müəlliflər tam sərbəstdirlər, heç bir məhdudiyyət yoxdur.
Yazıb ki, bacarırlarsa elmi səhvləri ortaya çıxartsınlar. O elmi səhvlər sizin dərslikdə külli miqdardadı, onu ekspertlər ortaya çıxartmalı idi. Bizim ictimaiyyətə bildirdiyimiz plagiat və elmi, metodiki, siyasi nöqsanlar sizin işinizin əsl simasını göstərməyə kifayət edir. Düşünürəm ki, artıq dərslikləriniz üzərində iş gedir (portaldan götürüldüyünə görə bu qənaətə gəlmişik). İstəyirsiniz ki, bizim işçi qrupu elmi səhvləri də (xronoloji, terminoloji, təhlil səhvləri) məqalə ilə bildirsin və siz düzəlişlər edəsiniz. Təəssüf ki, bu olmayacaq.
İddia edir ki, dərsliyi arxiv materialları əsasında yazıb. Və öz iddiasını təkzib edərək yazır: “Ölkə başçımızın da redaktoru olduğu ensiklopediya və yeddi cildlik “Azərbaycan tarixi” dərsliyi əsasında formalaşıb.” Hörmətli müəllif, ensiklopediya, yeddi cildlik əsər arxivdir? Ensiklopediyadan yalnız anlayışların izahını götürə bilərsiz. Yeddi cildlik “Azərbaycan tarixi” fundamental əsərdir, dərslik deyil. Sual olunur: istifadə etmisinizsə, niyə səhv faktlar vermisiniz? Rəyi hazırlayarkən biz də ora istinad etmişik.
Nəhayət bu şəxs özünü təhsil üzrə ekspert kimi təqdim edir. Görəsən kim və hansı qərarla onu ekspert təyin edib?