Cümə , 19 Aprel 2024
Drone Cameras

Tarix İnstitutunun yeni rəhbərliyi İqrar Əliyevdən və Yaqub Mahmudovdan qalma “şikəst Azərbaycan tarixi”ndən qurtuluşa çarə axtarır…

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda direktor dəyikliyi baş verdikdən, akademik Yaqub Mahmudov professor Kərim Şükürovla əvəzləndikdən sonra bu elmitədqiqat institutunda xeyli müsbət meyl, yenilik özünü göstərməyə başlayıb. Ən müsbət cəhətlərdən biri odur ki, Tarix İnstitutu tərəfindən bircildlik və çoxcildlik Azərbaycan tarixinin hazırlanması planlaşdırılır.

Bu barədə AMEA Tarix İnstitutunun Elmi Şurasının

2021-ci il 1 mart tarixində keçirilən iclasında məlumat verilib.

AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən baki-xeber.com-a verilən məlumata görə,

Tarix İnstitutunda əsas hədəflərdən biri Azərbaycan tarixinin öyrənilməsinin müasir vəziyyətini əks etdirən bircildliyin hazırlanmasıdır. Qeyd etmək lazımdır ki, AMEA Tarix İnstitutunda son dəfə belə bir kitab 1993-cü ildə nəşr edilib. Həmin kitab da xronoloji cəhətdən 1920-ci ilədək olan dövrü əhatə edirdi.

Elmi Şurada bircildlik ilə eyni zamanda, çoxcildlik Azərbaycan tarixinin yazılması sahəsində də tədbirlər planı qəbul edilib. Tarix İnstitutu qarşısında duran ən mühüm məsələlərdən biri də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 illiyi və Vətən müharibəsi – İkinci Qarabağ müharibəsinə dair fundamental əsərlər hazırlanmasıdır.

Qeyd etdiyimiz kimi, Tarix İnstitutu tərəfindən hazırlanacaq bircildlik və çoxcildlik Azərbaycan tarixi kitabları çoxdan zərurətə çevrilib. Hətta dəfələrlə tanınmış tarixçi-alimlər bizimlə söhbətlərində qeyd ediblər ki, bu institut yeni çoxcildlik hazırlamalıdır. Çünki vaxtilə akademik İqrar Əliyevin rəhbərliyilə hazırlanan və kiril əlifbası ilə çap edilən, akademik Yaqub Mahmudovun dövründə isə cüzi dəyişikliklər edilməklə latın qrafikası ilə nəşr olunan 7 cildlik Azərbaycan tarixində kifayət qədər ideoloji qüsur olub ki, bu da xalqımızın gerçək tarixi və tarixi şəxiyyətləri ilə bağlı məsələlərdə ziddiyyətlər ortaya qoyub.

Tarixçilər qeyd edirlər ki, Tarix İnstitutunun yeni rəhbərliyi Azərbaycan tarixini tamamilə yenidən hazırlanıb çap edilməsinə nail olacaq. Hazırda tarixşünaslığımızın məlum 7 cildlikdən xilas olması və İqrar Əliyevdən “miras” qalan metodologiyadan uzaqlaşması hava-su kimi lazımdır.

Tarixçilər deyirlər ki, məlum 7 cildliyin 6 cildi İ.Əliyevin, 7-ci cildi isə Y.Mahmudovun dövründə çap olunub. Tarixçilərə görə, bu 7 cildlikdə və eləcə də  digər nəşrlərdə kifayət qədər ideloji səhv, qüsurlar olub. Bu səhvlərə isə əsasən İqrar Əliyevin vaxtında yol verilib və ondan sonra Tarix İnstitutuna direktor təyin edilən Y.Mahmudov isə o səhvləri düzəltməyib.

Tarixçilər hesab edirlər ki, yeni yaradılacaq bircildlik və çoxcildlik Azərbaycan tarixi nəşrlərində keçmişdə yol verilən səhvlərin heç biri təkrarlanmayacaq,  İ.Əliyevin və Y.Mahmudovun təsirindən uzaq bir tarix yazılacaq.

  • Bayram Quliyev: yeni formatda Azərbaycan tarixi çoxcildlik akademik nəşr hazırlanıb ictimaiyyətə təqdim olunacaq”

Tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Bakı-Xəbər”ə bildirdiyinə görə, Azərbaycan elminin inkişaf etməməsinin bir çox səbəbi var ki, onlardan biri də öz keçmişinə sayğısızlıq göstərmək, artıq vəzifəsi olmayan birini baltalamaq, hadisəyə zamanında deyil, artıq öz əhəmiyyətini itirdikdən və ya hadisə sahibinin vəzifədən gedişindən sonra qiymət verməkdən ibarətdir. “Çox təəssüf ki, köklü əsasları olan AMEA, Tarix İnstitutu barəsində də belə söz-söhbətlər getməkdədir. Sadəcə, Tarix İnstitutu deyil, AMEA haqqında onun binasının neçə qapısının olmasından xəbəri olmayan hər kəs lüzumsuz, yersiz, elmdən və etikadan kənar fikirlər bildirməkdədir. Bu cür qarayaxmalar, sadəcə, AMEA-ya deyil, Azərbaycan elminə ləkə yaxmağa cəhddən ibarətdir və düşünürəm ki, kimlərsə tərəfindən məqsədli edilir və “kütlə psixologiyası”nın alüdəçisi olan cəmiyyətimizin xeyli hissəsi onların dəyirmanına su tökür.

Son zamanlar A.Bakıxanov adına Tarix İnstitutunun həm əski idarəçiliyi, həm də yeni idarəçiliyi haqqında xəbəri olan və olmayanlar yazılar yazırlar. Onların içərisində elələri var ki, Tarix İnstitutunun neçənci mərtəbədə yerləşdiyini belə bilmirlər. Bir tarixçi kimi deyə bilərəm ki, Tarix İnstitutunda Azərbaycan Tarixinin müxtəlif dövrlərinə dair yüzlərlə monoqrafiya yazılıb və onların əksəriyyəti bizim şəxsi kitabxanamızda mövcuddur. Bundan başqa, həmin institutun elektron kitabxanası da mövcuddur ki, maraqlananlar oradan kitabların bir çoxunu endirib oxuya bilərlər. Əgər cəmiyyətimizin 90 faizi kitab oxumaqdansa, “Vikipediya” materialı ilə kifayətlənirsə, bu onların problemidir. Onu da vurğulamalıyam ki, Tarix İnstitutu dövrün siyasi proseslərini nəzərə alaraq Qarabağ və Qərbi Azərbaycan məsələlərini daim diqqətdə saxlayıb.

Son zamanlar mübahisə mövzusu olan məqamlardan biri də 7 cildlik Azərbaycan tarixi akademik nəşridir. Bu araşdırma mərhum tarixçimiz İqrar Əliyevin zamanında tərtib olunaraq kiril qrafikası ilə nəşr olunub. Daha sonradan 2000-ci illərdə kitablar latın qrafikasına çevrilib və bu zaman bəzi sadələşdirmə dəyişiklikləri aparılıb. Bu işlə birbaşa bağlılığı olmayan şəxslərin burada günahlandırılması absurddur. Çünki bir çoxu bunu bilməsə də, elmdə etika deyilən bir davranış biçimi var. Bu etik davranışa görə yazılmış bir kitabın üzərində köklü dəyişikliklər etmək olmaz! Bu, müəlliflərin şəxsiyyətini təhqir etmək deməkdir. Təəssüf ki, hazırda bir çoxu böyük-kiçik demədən bu etik qaydalara riayət etmir. Ümid etmək olar ki, ən qısa zamanda məhz elə Tarix İnstitutunda yeni formatda Azərbaycan tarixi çoxcildlik akademik nəşr hazırlanıb ictimaiyyətə təqdim olunacaq.

Mənim Tarix İnstitutunda bu illərdə görmək istədiyim Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair qaynaqların ana dilimizə çevrilməsi və nəşri ola bilərdi. Onu vurğulamalıyam ki, Sovetlər dövründə daha çox tarixi qaynaq nəşr olunurdu, nəinki indi. Unutmaq olmaz ki, hər tarixçi müxtəlif dilləri bilmir. Heç şübhəsiz ki, professional bir tarixçi bu dilləri bilmək zorundadır. Tarixi qaynağı tərcümə etmək isə çətin və məsuliyyətli işdir. Tarixi qaynaqlar tərcümə edildiyi zaman onun güclü qeyd və şərhlərə ehtiyacı var.

Tarixin özünə gəldikdə isə onu təəssüflə vurğulamalıyam ki, tarixlə bağlılığı olan, yaxud olmayan hər kəs tarixdən danışır, tarixi şərh verir, tarixi təhlil edirmiş kimi görünür, hətta tarixi nəzəriyyələr irəli sürür. Bu səbəbdəndir ki, kimin kimi tənqid etdiyi məlum deyil və bu çürük  tənqidin də heç etgisi olmur. Tənqid elmi inkişaf etdirən başlıca faktorlardan biridir. Unutmaq olmaz ki, tarix bir elmdir və tarix haqqında gərək müvafiq dövr üzrə mütəxəssislər danışsın, nəinki fizik, kimyaçı, dilçi, hüquqşünas, siyasətçi, baytar və s.”

  • Faiq Ələkbərli: “tariximiz keçmişdən “miras” qalan yad metodologiyadan təmizlənəcək”

Azərbaycan Milli Elmlər Akademiyasının Fəsələfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli hesab edir ki, AMEA-nın Tarix İnstitutu tərəfindən hazırlanması planlaşdırılan bircildliyin və çoxcildliyin, əslində, çoxdan nəşr edilməsi lazım idi. F.Ələkbərlinin sözlərinə görə, Tarix İnstitutunun yeni rəhbərliyindən də bütün tarixçilər, tarixsevərlər indiyə qədər tariximizlə bağlı nəşr edilən kitablarda yol verilən qüsurların tam aradan qaldırılmasını və mükəmməl cildliklər hazırlanmasını istəyirlər. “Şübhəsiz ki, Tarix İnstitutunun indiyə qədər gördüyü müsbət işləri də dəyərləndirməliyik. Düzdür, burada hələ İqrar Əliyevin dövründə nəşr olunan 7 cildlik Azərbaycan tarixinin 6 cildi məhz Yaqub müəllimin dövründə yenidən təkrar nəşr olundu. Sadəcə, təəssüf doğuran o oldu ki, İqrar Əliyevin Tarix İnstitutuna rəhbərlik etdiyi dövrdə  6 cildlik var idi, həmin 6 cildlikdə də, şübhəsiz, Azərbaycan türklərinin, Azərbaycan xalqının ən qədim dövrdən müasir dövrünə qədər olan tarixinin yazılmasında çox ciddi problemlər, qüsurlar vardı”.

F.Ələkbərli təəssüflə qeyd etdi ki, həmin cildliklər təkrar latın qrafikası ilə çap olunanda o qüsurlar aradan qaldırılmadı: “Yəni təəssüf doğuran hal o idi ki, Yaqub müəllimin dövründə o cildliklərdəki qüsurlar aradan qaldırılmadan təkrar latın qrafikası ilə çap olundu. Bu cildliklər latın qrafikası ilə nəşr olunarkən də orada elə də ciddi dəyişikliklər olmadı”.

F.Ələkbərli qeyd etdi ki, Tarix İnstitutunda həm bircildliyin hazırlanması, həm də 7 cildliyin yenilənməsi çox mühüm haldır: “Həm yeni çoxcildliyin, həm də xronoloji ardıcıllıqla bircildliyin yeni metodologiya əsasında hazırlanması təqdirəlayiq haldır. Bildiyiniz kimi, 7 cildlik Azərbaycan tarixinin dəyişdirilməsinə ciddi ehtiyac vardı, artıq AMEA-nın Tarix İnstititunun yeni rəhbərliyinin, başda institutun direktoru Kərim Şükürov olmaqla elmi şurada belə bir qərar qəbul etməsi müsbət haldır. Ümid edirik ki, həm çoxcildlikdə, həm də nəşr ediləcək digər kitablarda çox ciddi dəyişikliklər ediləcək və tariximiz keçmişdən “miras” qalan yad metodologiyadan təmizlənəcək. Ümumiyyətlə, hesab edirəm ki, 7 cildlik Azərbaycan tarixi yenidən işlənəcəksə, şübhəsiz, burada Azərbaycan türklərinin tarixi obyektiv şəkildə öz əksini tapacaq, yad ideologiyalardan uzaq durulacaq. Artıq Ağqoyunlular, Qaraqoyunlular, yaxud da Səfəvilər, Əfşarlar və Qacarlar haqqında “İran” adı altında “düşmən obrazı” verilməkdən əl çəkiləcək. Eyni zamanda, inanırıq ki, burada Azərbaycan türklərinin ən qədim dövrdən indiyə qədər keçdiyi tarix obyektiv şəkildə ortaya çıxarılacaq. Əlbəttə, Azərbaycan türkləri ilə yanaşı, etniklərin, digər etnosların da bu dövlətlərimizdəki rolunu inkar etmirik, ancaq təbii ki, əsas önəmli məsələ Azərbaycan türklərinin həm tarixi, həm də digər baxımdan rolu, yeri dəyərləndiriləcək. Eyni zamanda, 30 illik dövrün tarixi də yazılarkən ümid edirik ki, burada proseslər obyektiv şəkildə qiymətləndiriləcək”.

F.Ələkbərli hesab edir ki, Azərbaycan tarixinin bütün dönəmləri, eləcə də son 30 ili olduqca həssaslıqla və obyektivliklə qələmə alınacaq.

İradə SARIYEVA

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …