Qafqazın tarixinə dair unikal mənbələrdən biri olan 13-cü əsr alban tarixçisi Stepan Orbelianın “Sünik tarixi” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının nümayəndələri, QHT rəhbərləri, alimlər, media nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “S.Orbelianın XIII əsr alban abidəsi olan “Sünik tarixi” kitabının Azərbaycan dilində nəşri”layihəsi çərçivəsində keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli kitabın tarixi əhəmiyyətindən bəhs edərək onu ermənilərin Azərbaycana qarşı dünyada apardığı ideoloji mübarizənin bünövrəsində dayanan saxta erməni tarixi konsepsiyasını alt-üst edən bir mənbə kimi dəyərləndirmişdir. O, bu günə qədər Azərbaycan tarixşünaslığında tam şəkildə elmi dövriyyəyə daxil edilməmiş bu mənbəni tariximizin alban dövrünə aid möhtəşəm abidə adlandırmış, əsərin məzmunu və strukturu haqqında geniş məlumat vermişdir.
Tədbir iştirakçılarına məlumat verilmişdir ki, təxminən 1250-1304-cü illərdə yaşamış Stepan Orbelian tarixi Sünik ərazisində – indiki Zəngəzur mahalının Sisian bölgəsində anadan olmuşdur. Onun mənsub olduğu Orbeli (Orbelian) sülaləsi, əslində, Turan nəslindən idi və miladdan çox-çox əvvəllər İberiya ərazisində məskunlaşmış, bu sülalənin bir çox nümayəndələri öz qəhrəmanlıqları ilə ölkənin hüdudlarını genişləndirmişlər. Lakin ölkədaxili siyasi proseslərin istəmədən iştirakçısına çevrilən Orbelianlar 1177-ci ildə gürcü çarı Georgiyə qarşı üsyan qaldırmış, məğlub olaraq Loru qalasına sığınmış, çar Georgi tərəfindən nəslin bir çox nümayəndələri qətlə yetirilmiş, yalnız Libarit Orbelian və onun İvane və Elikum adlı iki oğlu sağ qalmışlar ki, onlar da qaçıb Eldəgizlər//Eldəquzlar sarayına sığınmışlar. Elikum Atabəy Eldəquzun dərin hörmətini qazandığından Naxçıvan diyarının hakimi təyin olunmuş və tezliklə Sünik yepiskopu Stepanosun bacısı qızı Xatunla evlənmişdir. Elikum Xatundan olan oğluna atası Libaritin adını qoymuş, həmin Libarit də böyüyüb Sünik hakimi olmuşdur. Bu nəvə Libaritin Aspa Xatun adlı qadınından beş oğlu dünyaya gəlmişdir. O oğulların ən kiçiyi tarixi mənbələrdə Dərsəikan//Dərsəican//Dərsəic və çox vaxt da adın əvvəlindəki D samiti T kimi yazılan Dərsə içxan//Tərsa içxan 1273-cü ildə Siyuni (Sünik) hakimi seçilmiş, «xanlar xanı», «böyük xan» kimi titullar daşımış, “Kitabi-Dədə Qorqud” dastanlarına Dərsə xan//Dirsə xan kimi daxil olmuşdur. Bütün bunlar və digər məlumatlar Sünik yepiskopu, məşhur tarixçi Stepan Orbelianın XIII yuzilin sonlarında qələmə aldığı «Sünik tarixi» əsərində bəhs edilmişdir.
Tədbirdə professor İbrahim Bayramov, dosent Cəlal Allahverdiyev, QHT rəhbərləri Səməndər Mehdiyev, Cəmilə İsbəndiyarova, Qərbi Azərbaycan İcmasının sədr müavini Fəqan Bəhrəmov, Əbdüləli Həsənov, Bilal İsmayılov və başqaları çıxış etmişlər.