Cümə , 5 Dekabr 2025
Drone Cameras

TƏBİB deputat Cavanşir Feyziyevin oğlu ilə 392 min manatlıq müqavilə imzalayıb

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” tender müsabiqəsi keçirib. Mərkəz Buzovna qəsəbəsində ümumi sahəsi 12 552,30 kvadratmetr olan ofis və anbar kompleksini icarəyə götürüb.

Müqavilənin dəyəri 392 min manatdır. Məlumatı Dövlət satınalmalarının vahid internet portalı yayıb. Müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanılıb.

Qeyd olunub ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşirdir. Sahibkar “İnnovasiya və Təchizat Mərkəzi”nə 4 ay müddətinə ofis və anbar kompleksi icarəyə verəcək.

Cavanşir Orxan 2021-ci ildən etibarən hər il eyni məbləğə (bir il üçün 1 milyon 176 min manata) “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə ofis və anbar kompleksini icarəyə verib.

1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur.

2015-ci ildən parlamentdə təmsil olunan Cavanşir Feyziyev oliqarx deputat kimi tanınır.

Azərbaycan qanunvericiliyi deputatların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan etsə də, media zaman-zaman Cavanşir Feyziyevin biznes imperiyası haqqında yazılar dərc edib.

Ölkənin tibb sektorunda aparıcı şirkətlərdən biri hesab edilən “Avromed Company” QSC-nin Cavanşir Feyziyevə məxsus olması barədə media dəfələrlə yazıb.

Bu iddialara cavab olaraq şirkətin yaydığı açıqlamada Cavanşir Feyziyevin 2010-cu ilə qədər “Avromed Company” QSC-nin direktoru vəzifəsində çalışdığı bildirilir. 

İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.

Bundan sonra şirkətin yaydığı açıqlamada bildirilib ki, deputat 2016-cı ildə səhmlərini satıb.

Deputatın oğlu Orxan Cavanşirə gəlincə, onun adı “çirkli pullar”ın yuyulmasında hallanıb. 2021-ci ildə Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi Feyziyevlərin bank hesablarına yatırılan 15 milyon funt sterlinqin “çirkli pul” olduğunu açıqlayıb.

“Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir. Ehtimal olunan qiymət 100 min manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. Bizim araşdırmada bəhsi keçən qalib şirkətlə isə birdəfəyə, detalları məlum olmayan satınalma metodu ilə 392 min manat məbləğində müqavilə imzalanıb.

Check Also

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Hərbi Prokurorluğun Biləsuvarda bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq …