Şənbə , 2 İyul 2022
Home » Dünya » Tiflisin Ankara ilə münasibətləri korlanır… Prezidentin Estoniya bəyanatlarından çıxan nəticələr…

Tiflisin Ankara ilə münasibətləri korlanır… Prezidentin Estoniya bəyanatlarından çıxan nəticələr…

img

Bu gün Cənubi Qafqazda əsas oyunçu hesab edilən Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi müxtəlif xarici dövlət və təşkilatların xüsusi maraq dairəsindədir. Çünki Azərbaycan regionun aparıcı dövləti olmaqla yanaşı, həm də burada reallaşdırılan transmilli layihələrin əsas təşəbbüskarı və mühüm iştirakçısıdır. Azərbaycanın bu xüsusda həyata keçirdiyi siyasətdən qonşu ölkələr, o cümlədən Gürcüstan da yetərincə faydalanır. Bu mənada, Ermənistan istisna olmaqla, digər qonşuların ölkəmizlə işbirliyini daha da genişləndirmək niyyətləri təbii qarşılana bilər. Amma bəzən bu xüsusda müəyyən anlaşılmazlıqların qeydə alınması da özünü qabarıq surətdə göstərir.

Məsələn, Gürcüstanda Salome Zurabişvili prezident postuna gəldikdən sonra süni şəkildə Azərbaycanla sərhəd məsələsi gündəmə gətirildi. Amma görünən budur ki, sözügedən şəxsin yanlış siyasəti üzündən Gürcüstanın digər qonşuları, o cümlədən gürcü iqtisadiyyatında böyük rol oynayan Türkiyə ilə də problemləri yaranmaqdadır.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycan mehriban qonşuluq siyasətini nəzərə alıb, Tiflislə bütün problemlərin danışıqlar masası arxasında çözümünü istəyir. Bura sərhəd məsələsi də daxildir. Xatırladaq ki, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq dövlət komissiyaları yaradılıb və indiyədək bu proses çərçivəsində 480 kilometrlik Azərbaycan–Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 kilometrlik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir. Hər hansı problem yaranmasa, qalan sərhədlərin də müəyyən olunması, o cümlədən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun gələcəyinə də tam şəkildə aydınlıq gətiriləcək. Amma yuxarıda qeyd olunduğu kimi, Salome Zurabişvilinin müəyyən addımları indiki halda anlaşılmazdır. O, Rusiya və Türkiyə ilə də artıq müəyyən problemlər yaradır. Məsələn, Polşada səfərdə olarkən Salome Zurabişvili Rusiya barədə bildirib: “Rusiya problemdir, amma biz qorxmuruq, çünki qorxuya diqqət etsək, hər şeyi unudacağıq və yalnız bunu düşünəcəyik. Bu səhv yoldur”. Rusiyanın ”regnum.ru” portalı isə Tİflisin Ankara ilə də bağlı siyasətində ciddi qüsurlar meydana çıxdığını bildirir: ”Gürcüstan prezidenti Salome Zurabişvili Estoniyada Lennerat Meri adına beynəlxalq konfransda çıxış edərək bir neçə olduqca maraqlı bəyanat verib. Onun sözlərinə görə, “Avropanın gələcəyi hələ sonadək aydın deyil, Gürcüstanın halında isə daha çox qeyri-müəyyənlik var”. Zurabişvili, adəti üzrə, “Rusiya ilə qonşuluq o qədər də təhlükəsiz deyil” deyərək “ruslarla dostluğu” da qılınclayıb. Amma budur, onun Türkiyə barədə bəyanatı, sadəcə həyəcan doğurur. Prezident qeyd edib: “Bu ölkənin qeyri-müəyyənlikdə olan Yaxın Şərqdə yerləşməklə hansı yolu seçəcəyini bilmirik”. Axı Gürcüstan liderləri lap bu yaxınlarda Türkiyə haqda pafoslu bəyanatlarla çıxış edib, “iki dövlətin qarşılıqlı münasibətlərindəki işbirliyinin strateji xarakteri”ndən danışıblar. Xəzər bölgəsi enerji resurslarının Gürcüstan ərazisindən Avropa ölkələri və Türkiyəyə ixracına yönəlmiş kommunikasiyaları göstərərək, hamını müdafiə və təhlükəsizlik sahəsində sıx işbirliyinə qədər səmimi Azərbaycan-Gürcüstan-Türkiyə həmrəyliyi amilinin varlığına inandırıblar.

Bəs məsələ nədədir? “Le Monde” qəzeti Zurabişvili Gürcüstan prezidenti postuna keçəndən dərhal sonra proqnozlaşdırıb ki, o, “daha çox Avropa” siyasəti yürütməyə yönələcək ki, bu da onu beşinci yüzillikdən xristianlığın qalası “Qızıl qoyun dərisi”  kimi qonşu Azərbaycan və Ermənistan arasında fərqləndirməlidir. Göstərməlidir ki, “Gürcüstan Avropaya gərəkdir”, Tiflis bölgədə alternativ siyasi model qurmağa və Avropanın nüfuzunu genişləndirməyə qabildir. Hətta Zurabişvili Fransanın keçmiş diplomatı kimi inanırdı ki, yerli siyasətçilərdən fərqli olaraq, Avropa siyasətinin bütün qəlizliklərindən yaxşı baş çıxardır. Və tarixdə Cənubi Qafqazda Avropa quruculuğunun ilk səhifəsini açmağı bacarar, Fransa nəşrinin yazdığı kimi, “Brüssel və Tiflis arasındakı böyük məsafəyə baxmayaraq, yeni Avropanın bölgə laboratoriyası olar”. Çünki xarici siyasətdə qabaqkı paradiqma Gürcüstanın yeni prezidentinə əl vermir, axı Tiflis hesablanmamış geopolitik çağırışlarla üzləşib. Gürcüstanın ən önəmli tərəfdaşlarından biri Türkiyə təkcə Avropa Birlyinə inteqrasiya perspektivini itirməyib, həm də, demək olar, bütün Yaxın Şərqi bürüyən burulğanlığın lap ortasına düşüb. Ölkə daxilində 2016-cı ildə baş tutmayan dövlət çevrilişi cəhdinin ardından parlament-prezident respublikasından sonra prezident respublikasına keçid edilib ki, bu da Avropada xoş qarşılanmır. Türkiyənin özündə güclənən avrasiyaçılıq axınları fonunda Brüsseldən, elə Parisdən də Türkiyənin daxili siyasətinə kəskin tənqidlərin səsləndiyi bir durumda Avropa mərkəziyyətçisi və ideologiyaca sazişlə tutulmuş Zurabişviliyə Ankara ilə yeni münasibətlər qurmaq yaraşmaz. İstisna deyil ki, Tiflis bir müddətdən sonra Türkiyənin Abxaziyada iştirakı problemini də aktuallaşdırar, türklərin “Abxaziya pəncərəsi”ni bağlamaq tələbilə çıxş edər. Gürcüstan Suriya yönündə Rusiya-Türkiyə alyansına da ehtiyatla yanaşır.

Yaddan çıxarmayacağıq ki, Ankara 2008-ci il avqust Qafqaz savaşından sonra, NATO üzrə müttəfiqlərindən fərqli olaraq, “beynəlxalq hüququ pozmağa” görə Moskvanı qınamayıb, “Qafqaz platforması”  – ATƏT-in bölgə analoqu təşəbbüsü ilə çıxış edib. Bir sözlə, Tiflis və Ankara arasındakı münasibətlərdə “minuslar” və “sualtı axınlar” üzə çıxmağa başlayır. Elə, ya belə, bu,  Tiflis və Bakı arasındakı münasibətlərə də təsir edəcək. Əlbəttə, Gürcüstan öz ərazisindən keçən Azərbaycanın energetik boru kəmərləri və tranzit yük daşımalarının mövcud inkişaf strategiyasını kəskin dəyişmək niyyətində deyil. Amma hər şeyə əsasən, əvvəlki ideoloji və geopolitik qat bu layihələrdən götürüləcək. Bununla yanaşı,Tiflis Yaxın Şərqin sabitsizlik çəkici ilə böhranda olan Avropanın zindanı arasına düşəcək. 

Lakin Gürcüstanın Yaxın Şərqdə antirusiya blokuna girmək perspektivi yoxdur. Brüssel yolunda isə işıqforlar qırmızı işıq yandırıb ki, bu da müxtəlif yönlərdə güclü beynəlxalıq siyasət formalaşdırmaq imkanı vermir. Nəticədə Zurabişvili güc mərkəzləri arasında vurnuxur. Bu, gec, ya da tez, ölkədə daxili-siyasi vəziyyətə təsir edəcək. Cənubi Qafqazda çağdaş siyasi durumun özəlliyi Zurabişvilini obyektivcəsinə Rusiyaya  güzəştə getməyə və münasibətləri yoluna qoymağa vadar edir. Bu başdan asanlıqla demək olar ki, İran ətrafında durumun bundan sonrakı kəskinləşməsi Gürcüstanı özəl mövqeyə çıxaracaq: O, Bakı və Ankaraya birtərəfli yön götürməyə düzəliş etməli və Rusiya tərəfdən təhlükə adlanan duruma “xox” gəlməməlidir.

Buna zaman gərəkdir. Zurabişvili qurduğu Avropayönlü geopolitik kombinasiyaların uydurma olduğuna inanmalı və bölgəsəl və kürəsəl gerçəkliklərə alışmalıdır. O, önəmli olsa da, hələlik növbətçi deyimlər ifadə edir. Sonra nə olacaq? ”. Bu təhlildən də aydın göründüyü kimi, Zurabişvilinin siyasəti indi daha çox Gürcüstanın özünə zərər vurur.

 

Check Also

Marsdan unikal görüntülər: Çin ilkə imza atdı – FOTO

“Tianwen-1” kosmik planetlərarası stansiyası əsas missiyasını başa vuraraq Marsın qlobal tədqiqini başa çatdırıb. Boyukmillet.com xəbər …