Məlumat verildiyi kimi,Gürcüstan hökuməti Rusiyanın “Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün danışıqlar aparır. Gürcü rəsmiləri onu da bəyan edir ki, danışıqlar yekunlaşmaq üzrədir və əldə edilmiş razılaşmaya əsasən, Gürcüstan Rusiyadan müəyyən həcmdə qaz alaraq Azərbaycan qazından asılılığı azaldacaq.
Ölkə müxalifəti isə hökumətin bu şaxələndirmə cəhdini ölkənin milli maraqlarını satmaq adlandırıb. “Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya bildirib ki, bununla hökumət Tiflisi Moskvanın orbitinə çəkir: “Rusiya işğalçıdır, o, “qaz iynəsini” öz siyasi məqsədlərinə çatmaq üçün istifadə edir. Rusiya şaxələndirmə mexanizminə xidmət edə bilməz. İndi illər lazım olacaq ki, Rusiyadan asılılıq azalsın. Bu yazılı həqiqətləri nə vaxta qədər təkrarlamaq olar?!”.
Xatırladaq ki, keçmiş prezident Mixeil Saakaşvili də sərt bəyanatla çıxış edib: “Sənin strateji tərəfdaşın Azərbaycan heç vaxt, hətta ən kritik məqamlarda belə qaz təchizatından imtina etməyib, o biri tərəfdə isə qaz kəmərini partladan və Gürcüstanı qışın ortasında qazsız qoyan Rusiya dayanıb. Üstəlik, Azərbaycan qazı Rusiya qazından ən azı 20 faiz ucuzdur”. Çox maraqlıdır ki, Rusiyanın “rosbalt.ru” portalı da yaranmış vəziyyətdə Tiflisin uduzmuş vəziyyətə düşəcəyini vurğulayır: “Gürcüstanın Rusiyadan “mavi yanacaq” almaq qərarı ölkənin özündə qalmaqal törədib, özü də Tiflis və Bakı arasında Ermənistanın umduğu gərginliyə keçmək qarşısındadır.
Gürcüstan Rusiya qazının öz ərazisindən Ermənistana tranziti haqda danışıqları təzələyəndə bu yetərincə sakit qarşılanıb, amma ənənə üzrə ölkənin müəyyən siyasi çevrələrində qıcıq doğurub. Gürcüstan 2018-də qabaqlar müəyyən edilmiş qaydanı pozmağa və monetar münasibətlərə keçərək “Qazprom”a güzəştə getməli olub. Hökumət ölkənin belə sövdələşmədən hansı “qaymağı” əldə etdiyini gizlədir – danışırlar ki, 30 milyon dollar uduzub. Yəni tranzitə görə alınan ödənc ölkəyə çatası yanacaq kimi qabaqlar aldığı qazın dəyərindən xeyli aşağıdır.
Bundan sonra Tiflis birdən bəyan edib ki, Gürcüstan tədarüklərin şaxələndirilməsi və qaz tariflərinin azaldılması üçün Rusiya ilə danışıqlar aparır. Əslində, bu danışıqlar artıq üçüncü ildir aparılır və qabaqlar Gürcüstan bazarının tələbatını ödəmək üçün Azərbaycanda qaz qıtlığı “sous”u kimi təqdim olunurdu. Amma Bakı bildirmişdi ki, bu, gerçəkliyə uyğun deyil və Gürcüstan tələb etdiyi qədər qaz alacaq. Məsələ sanki bitmişdi. Amma indi artıq başqa bəhanə – “tədarüklərin şaxələndirilməsi” – altında yenidən üzə çıxıb və Gürcüstanda səs-küylü qalmaqal qopub.
Müxalifət hökumətin yadına salıb ki, “Rusiya işğalçıdır”, qazını siyasi məqsədlər üçün isitfadə edir, bu üzdən tədarüklərin şaxələndirilməsi qaynağı və ölkənin energetik təhlükəsizliyinin təminatı kimi çıxış edə bilməz. Qeyd edək ki, Gürcüstan 2007-dən bəri Rusiya tədarüklərini praktik olaraq Azərbaycanınkı ilə tam əvəzləyib. O, ildə ortalama 2.5 milyard kubmetr qaz işlədir və tədarüklərdə kəsilmə olmayıb. İndi isə yaddan çıxarmaq lazım deyil ki, Gürcüstan-Rusiya münasibətlərinin tarixi Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqlliyini tanıması ilə güclü çətinliyə düşüb. Düzdür, bununla yanaşı Rusiya biznesi Gürcüstanın özündə, o cümlədən elektrik enerjisi sektorunda çiçəklənir. Amma Gürcüstanın bir çox ekspertləri onun Rusiya qazının tədarükü ilə “dada gəlməsi”ni iqtisadi rıçaqların Moskvaya verilməsi kimi “oxunan” olduqca qafil qərar sayırlar – o bundan siyasi məqsədlər üçün yararlanacaq.
Bundan başqa, Azərbaycan qazından hətta qismən imtina Gürcüstan iqitsadiyyatının ən müxtəlif sektorlarına sanballı yatırım qoyan Bakını güclü acıqlandıra bilər. Bəzi ekspertlər Bakının, ümumiyyətlə, Gürcüstana tədarükdən imtina edə biləcəyi və Gürcüstanın bu zaman tamamilə Rusiyanın qaz “iynəsi”nə oturacağından əndişə ifadə edirlər. Lakin o da əsla istisna deyil ki, Tiflis bunu Azərbaycan qazının tədarük qiymətlərini vurmaq üçün başlayıb. Əgər belədirsə, onda bu, çirkin oyundur. Amma belə deyilsə, bunun arxasında siyasi motivlər dura bilər, yəni ola bilsin, Tiflis niyəsə Moskvaya yarınmaq qərarına gəlib. Amma “başlamağına dəyər”. Bu “yarınma” hara kimi gedər? Bu, Rusiya və Gürcüstan arasında Abxaziya ərazisindən Ermənistana çıxmaqla dəmiryol istiqamətinin açılmasına təkidlə lobbilik edən İrəvanın əlinə oynamırmı? Gürcü hökuməti iddia edir ki, Abxaziya üzərindən dəmiryolunun bərpası təyinə görə mümkün deyil, amma bu mövzu zaman-zaman üzə çıxır, daha doğrusu, uyğun perspektivlə Gürcüstan əhalisini hürküdür və Azərbaycanı boğaza yığır.
Ümumiyyətlə, son zamanlar Gürcüstan-Azərbaycan münasibətlərinin ətrafında qeyri-sağlam mühit formalaşır – özü də yetərincə süni şəkildə. Məsələn, Bakı bu yaxınlarda ermənilərin məskunlaşdığı bölgədə “Azərbaycan xalqının qatili”nə heykəl qoyulmaasına görə Gürcüstana etirazını bildirib və Tiflis buna olduqca ölüvay reaksiya verib. Digər tərəfdən, hələ başlanmamış didişməni qızşdıran üçüncü tərəf hökmən tapılır. Məsələn, Ermənistanın “Aysor” nəşri öz səhifəsində son dərəcə bəlağətli “Azərbaycan Gürcüstan üzərində nəzarəti itirir” başlıqlı məqaləni yerləşdirməyə tələsib – yazıya əsasən, Gürcüstan, artıq mətndə deyildiyi kimi, “Türkiyə-Azərbaycanın qardaş ağuşundan qurtulmağa çalışır”. Heykəllə bağlı əhvalat da xatırladılıb. Ermənistan nəşri bu və başqa “epizodlar”la Azərbaycanın Gürcüstan üçün qaz tarifinə yenidən baxmasını məharətlə uyğunlaşdırıb ki, bu da Bakıya “bir neçə dovşanı vurmaq” imkanı verib. Yəni, birincisi, “Gürcüstanı ucuz qazla təmin etmək yükündən qurtulub” – yeri gəlmişkən, bu qaz Rusiyadan alınır. İkincisi, bölgədə liderlik çələngini özünə götürməyə başlayan və Azərbaycanın özəl kapitalının təsirli bölümünü öz qabağına çəkən Gürcüstanın iqtisadiyyatına ağır zərbə vurur. Üçüncüsü, Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən tranzit yolların açılması üçün Rusiya ilə danışıqları sanki başa çatdırdığı bir şəraitdə Gürcüstanda itirdiyi iqtisadi təsiri müvazinətləşdirməyi sınayır”. Bəs, Gürcüstan-Azərbaycan münasibətlərinə qəsdən çaşdırmaqla kölgə salmağa çalışan Ermənistana nə rahatlıq vermir? Deyəsən, mövcud durumda, yəni bölgənin kiçik, amma strateji önəmli və güclü dişbatan dövlətini birləşdirmək deyil, qarışdırmaq cəhdində hələlik ancaq Bakının davranışı hamıdan ləyaqətli görünür – əgər bunun arxasında siyasi təmkinlə gizlədilən “özəl təsəvvürlər durmursa”.
Tiflisdə şər qatdıqları, İrəvanda “qərəzkarlıq etdikləri”, Bakıda isə fikrə daldıqları bir vaxtda “parçala və hökm sür” praktikasına yad olmayan təkcə Moskva uduşda qalır. Əslində, onun buna səy göstərməyi də gərək deyil – “məğrur”, qafil qafqazlıların özləri onun yerinə bu “qara işi” görəcəklər. Rusiya qazının “yarıfincanı” isə, əlavə olaraq, Gürcüstana olmasa da, Azərbaycana, Türkiyəyə, Avropaya, ya da Çinə axacaq – bir də nə fərqi var, hara. Amma, bax, harada sabitlik yoxdursa, orada yad təsir kök atacaq”.