Nyu-Yorkun məşhur “Times” meydanında Türkiyədə və Suriyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb.
Boyukmillet.com xəbər verir ki, mərasimi ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli Rəhbər Komitəsi (TASC) təşkil edib.
Türkiyə bayraqları ilə bəzədilmiş meydanda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür çıxışında ölkəsinin ağır zamanlarında türk xalqı ilə birlik və həmrəylik nümayiş etdirən ABŞ cəmiyyətinə təşəkkür edib.
Türkiyəli bəstəkar və pianoçu Faruk Kanca meydanda qoyulmuş pianinoda canlı musiqilər ifa edib.
Türk vokalçı Volkan Kırımoğlunun ifasında həlak olanların ruhuna dualar oxunub. Balaban və ney ifaçısı Ərən Ərdoğanın ifa etdiyi musiqilər hər gün minlərlə turistin ziyarət etdiyi “Times” meydanında maraqla izlənilib.
İzləyicilər anım mərasimində çəkilən fotolar və videoları sosial media hesablarında “Türkiyə üçün dua et”, “Türkiyə ilə həmrəy ol” həştəqi ilə paylaşıblar.