Stiv Bennon Donald Trampı Ağ Evə daşıyan adam sayılırdı
ABŞ prezidenti Donald Tramp baş strateqi Stiv Bennonu Ağ Evdən qovmalı oldu.
Bennon administrasiyanın əsas millətçi ideoloqu hesab olunurdu. Onun Virciniyadakı hadisələrdən dərhal sonra işdən çıxarılması mətbuat tərəfindən təsadüf hesab edilmir.
CNN Bennonu Ağ Evin ən ziddiyətli əməkdaşı və Trampın ağ millətçilik ideologiyasının əsas hərəkətverici qüvvəsi hesab edir. “The Washington Post” isə Bennonun prezidentin ultra mühafizəkarlarla bağlayıcı şəxs və onun seçkiqabağı vədlərinin qoruyucusu olduğunu yazıb.
Möcüzəni bacaran adam…
Donald Tramp seçkilərə cəmi bir neçə ay qalmış seçki qərərgahının rəhbəri vəzifəsinə Ukraynada korrupsiya əməllərinə bulaşdığına görə uzaqlşdırmağa məcbur olduğu Pol Manafortun yerinə Stiv Bennonu təyin edən zaman heç kim bu adamın qısa bir müddətdə ağ millətçiləri respublikaçı namizəd ətrafında toplayacağına inanmırdı. S.Bennon cəmi 3 ay ərzində əlindəki media resursu “Breitbart News” sayəsində irqçi, sağçı mühafizəkar təbəqələri gələcək prezident ətrafında səfərbər etməyə nail ola bildi.
Alternativ sağ…
Qərbdə bu termin indi çox populyardır. Ənənəvi kapitalist sistemi müdafiə edən sağ demokratlardan fərqli olaraq alternativ cərəyan daha çox ultra-mühafizəkar dəyərləri müdafiə edən, irqçiliyə meylli qüvvələrdən formalaşıb.
Stiv Bennon rəhbərlik etdiyi “Breitbart”ın əsas oxuyucu kütləsinin ağ irqçilər olduğunu heç vaxt gizlətməyib. Mətbuata verdiyi müsahibələrdən birində o, bunu belə ifadə edirdi: “Bizim alternativ sağçılara irqçilər də daxildirmi – tamamilə doğrudur; Alternativ sağçılar ağ millətçilərin fəlsəfəsini qəbul edirmi – əlbəttə; Antisemitlərin ideyaları sizi cəlb edirmi – ola bilər”.
Ağ Evin boz kardinalı…
Görünür Trampın özünün də inanmadığı halda prezidentlik kürsüsünə əyləşməsi onun Bennona minnətdarlıq duyğularını artırıb. Bu da yeni qərargah rəhbərinin Ağ Evdə əsas söz sahibinə çevrilmək imkanı verib. Sadəcə siyasi müşavir olmasına rəğmən o, Təhlükəsizlik şurasının bütün iclaslarında iştirak edib.
ABŞ siyasi sitemində bu görünməmiş hadisə sayılır. Bu həm də S.Bennonun xarici siyasət və strateji məsələlərlə bağlı qərarların qəbulunda aktiv şəkildə iştirak etməsinə şərait yaradıb. Buraya müsəlman dövlətlərinin vətəndaşlarının ölkəyə girişinə qoyulan qadağa da aiddir.
Bennon açıq şəkildə İslam dünyası ilə savaşın təmizləyici effekt verəcəyini söyləyib. Bundan başqa o, Çinlə iqtisadi müharibənin ən qızğın müdafiəçilərindən biri olub.
Liberallarla düşmənçilik və düşüş…
Bütün bunlar Ağ Evin əsas strateqini ABŞ mətbuatının böyük kütləsini təşkil edən liberallara düşmən edib. Son bir ayda mətbuatda Trampı öz müşavirindən qurtulmağa çağıran mətbuat üçün Şarlotsvill hadisələri lap göydəndüşmə olub.
Mətbuat onu ABŞ-da ötən əsrin 60-cı illərindən sonra yenidən xortlayan irqçi hərəkatın qızışdırılmasında əsas günahkar hesab edib. Hətta bu yaxınlarda milli azlıqların nümayəndələri, o cümlədən Konqresin qaradərili üzvləri D.Trampa açıq məktub ünvanlayaraq S.Bennonun və administrasiyanın daha iki əməkdaşının istefasını tələb ediblər.
Siyasi ekspertlər Stiv Bennonun hazırkı administrasiyada daxili didişmələrin növbəti qurbanı olduğunu dilə gətirirlər. Stiv Bennon ən çox Trampın kürəkəni Cared Kuşner və onun qızı İvanka Tramp tərəfindən qəbul olunmurdu.
Görünür həm daxildən, həm də kənardan edilən siyasi təzyiqlər Trampı əsas siyasi sərkərdəsindən əl çəkməyə məcbur buraxıb.
Mətbuat Trampın son dövrlərdə Stiv Bennonun Ağ Evdən informasiya sızdırmaqda şübhə etdiyini də yazıb. Hər halda kürəkəninin və qızının təhrikləri işə yarayıb.
Prezident əsas siyasi dayağından məhrum olur…
“The New York Times”ın qeyd etdyi kimi, Stiv Bennonun gedişi Donald Trampı həm də mühafizəkar mətbuatın dəstəyindən də məhrum buraxa bilər. “Cənab Bennonu qovmaqla prezident ona qələbə qazanmaqda kömək edən millətçi cərəyanların əsas bələdçisini də itirmiş oldu”, – qəzet qeyd edir.
Elə Bennonun özü də “Weekly Standard” qəzetinə verdiyi müsahibədə buna işarə vurub. O, Donald Trampın prezidentliyinin sona çatdığını iddia edib: “D.Trampın birlikdə mübarizə apararaq qalib gəldiyimiz prezidentliyi artıq bitir. Biz ayaqdayıq və hələ onun prezidentliyindən yenə də yararlanmaqda davam edəcəyik. Lakin bu prezidentin sonu artıq gəlib. Onun yerinə tamam başqa insan gələcək”.
Analitiklər Bennonun bu sözlərini onunla eyni baxışları paylaşan vitse-prezident Maykl Pensə çağırış kimi qəbul edirlər.
Mətbuatda uzun müddətdir ki, Maykl Pensin Donald Trampın yerinə keçməyə hazırlaşdığı barədə xəbərlər dolaşır.