“Almaniyada xarici siyasət ətrafında gedən debatlar ağıla deyil, emosiyalara istiqamətlənib”.
Bu cümlə Almaniyanın populyar “Tagesspiegel” qəzetinin icmalçısı Kristof fon Marşalın məqaləsində yer alıb.
Müəllif Almaniya hökumətinin son dövrlərdə Türkiyə ilə bağlı apardığı siyasəti təhlil edərək Merkel iqtidarını tənqid atəşinə tutub.
Yazıda Türkiyədə aprel referendumu öncəsi alman siyasətçilərinin prezident Rəcəb Tayyib Ərdoğanı ölkədə diktatura yaratmaq istəməkdə günahlandıraraq Türkiyə vətəndaşlarını açıq şəkildə referenduma qarşı çağırdığı xatırladılır.
Fon Marşal Yaşıllar partiyasının sədri Cem Özdemirin canfəşanlığını xüsusi qeyd edir:
“Lakin indi Ərdoğan Bundestaqa seçkilərlə bağlı türk əsilli vətəndaşlarımıza tövsiyyələr verərkən onun üzərinə hücum edirlər”,-yazıda qeyd olunur.
Jurnalist bunu əsl ikili standart hesab edir:
“Demək ki, müdaxilə faktından çox kimin müdaxilə etdiyi önəmli imiş. Belə çıxır ki, bu məsələ prinsip və ümumi şəkildə qəbul olunan qaydalar məsələsi yox, subyektiv simpatiya və antipatiyadan ibarətdir. Təəssüf ki, Almaniyada xarici siyasət ətrafında gedən debatlar məhz bu “prinsip” üzərində qurulub”.
Yazı müəllifi Almaniya mətbuatında çıxan xəbərlərə və siyasətçilərin nitqlərinə diqqət çəkib:
“Həftəlik “Stern” jurnalı öz sərlövhəsində Trampın Hitler obrazında şəklini dərc edir. Lakin məhz “Stern” və onun oxucuları Polşa jurnallarında Merkelin nasist libasında verilməsindən qəzəblərini ifadə edirlər. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel isə Şimali Koreya münaqişəsində əsl günahkarın kim olduğuna dair rəy verməkdə çətinlik çəkdiyini deyir. Lakin ən adi sağlam təfəkkürdən çıxış etsək, beynəlxalq aləmə əsl təhdidin kim tərəfindən gəldiyini görmək olar. Beynəlxalq hüququn ziddinə hərəkət edərək nüvə sınaqlarını həyata keçirən Pxenyan rejimi Trampın hakimiyyətindən də qocadır. Hazırkı eskalasiya Şimali Koreyanın yeni raket sınaqlarından sonra başlayıb. Tramp isə buna sadəcə reaksya verib. Üstəlik, bütün bunlara Şimali Koreyanı əl altdan qızışdıran Çin səbəb olub. Lakin onların adları Tramp qədər dilə gətirilmir”.
Yazıda Almaniyanın ana müxalifət lideri Martin Şults da bu cür yanaşma tərzinə görə tənqid olunur:
“Bu adam Şimali Koreya münaqişəsini öz seçkiqabağı kampaniyasının mövzusu etməyəcəyini bildirir. Lakin br yandan da ABŞ-ın takitiki nüvə silahlarını ölkədən çıxaracağını söyləyir. Ona qalsa Moskva Almaniyanın burnunun dibində, Kalininqrad vilayətində daha böyük nüvə arsenalı saxlayır.
Bütün bunları sadalayaraq yazı müəllifi miqrasiya üzərində nəzarət və dialoq üçün kanalların saxlanılması üçün dövlətin əsas dəyər və prinsiplərini ümumi maraqlar çərçivəsində məhdud əməkdaşlıqla uyğunlaşdırılmasının daha faydalı olacağını yazıb.