Cümə , 30 Yanvar 2026
Drone Cameras

Trampdan Cənubi Koreya ilə bağlı SƏRT QƏRAR

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan idxal olunan avtomobil, oduncaq, əczaçılıq və digər bir sıra mallara tarifləri 15 faizdən 25 faizə qədər artırdığını elan edib.

Boyukmillet.com xəbər verir ki, o, qərarını “Truth Social” hesabında açıqlayıb:

“Cənubi Koreya qanunverici orqanı tarixi ticarət müqaviləmizi qəbul etmədiyi üçün avtomobillərə, taxta materiallarına və əczaçılıq məhsullarına, eləcə də bütün cavab tariflərini 15 faizdən 25 faizə qaldırıram”.

O, Cənubi Koreya Milli Assambleyasının “ABŞ ilə müqavilənin şərtlərini yerinə yetirmədiyinə” əminliyini ifadə edib.

Tramp qeyd edib ki, Vaşinqton və Seul 2025-ci ilin iyul ayında ticarət razılaşması əldə edib, oktyabr ayında “şərtlərini yenidən təsdiqləyiblər”: “Koreya qanunverici orqanı bunu niyə təsdiqləməyib? Ticarət müqavilələrimiz Amerika üçün çox vacibdir. Bu müqavilələrin hər birində razılaşdırılmış şərtlərə uyğun olaraq tarifləri azaltmaq üçün tez bir zamanda hərəkət etmişik. Əlbəttə ki, ticarət tərəfdaşlarımızdan da eyni şeyi gözləyirik”.

Xatırladaq ki, keçən il Amerika lideri ABŞ hökumətinin Koreya Respublikası ilə ticarət məsələləri üzrə razılığa gəldiyini açıqlayıb. Razılaşmaya əsasən Cənubi Koreya ABŞ-a 350 milyard dollarlıq investisiyanın 200 milyard dollarını “real pulla” yatırmağı öhdəsinə götürüb, qalan 150 milyard dollar isə gəmiqayırma sahəsində ikitərəfli əməkdaşlıq hesabına ödəniləcək. İllik 20 milyard dollarlıq investisiya limiti müəyyən edilib. Bunun müqabilində ABŞ Cənubi Koreya avtomobillərinə tarifləri 25 faizdən 15 faizə endirməyə razılaşıb. Tramp həmçinin Seulun özünün nüvə enerjisi ilə işləyən sualtı qayığı əldə etməsinə icazə verəcəyini açıqlayıb. Onun Filadelfiyadakı gəmiqayırma zavodlarında tikilməsi planlaşdırılır.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …