Bir neçə gün öncə xaricdə yaşayan azərbaycanlıların Ermənistan işğalından azad edilmiş bölgələrə səfər etmələri Türkiyə diasporu tərəfindən böyük coşqu ilə qarşılanıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Modern.az-a Türkiyə Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığından məlumat daxil olub.
Artıq xarici ölkələrdəki Türkiyə diaspor fəalları da azərbaycanlılarla birgə Şuşaya səfər etmək barədə qərar qəbul ediblər.
Yaxın zamanlarda baş tutacaq tədbir zamanı Şuşada dünyanın ən tanınmış musiqi kollektivinin konsretinin təşkil ediləcəyi nəzərdə tutulur.
Türkiyə Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığının məlumatında o da qeyd edilir ki, Şuşa səfəri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanacaq.
Modern.az məsələni dəqiqləşdirmək üçün Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Cavab olaraq bildirilib ki, erməni vəhşiliyinin dünyaya çatdırılması onlar üçün ən vacib məqamlardandır:
“Bu istiqamətdə atılacaq addımlar alqışa layiqdir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərindəki durum Ermənistanın hansı siyasət sahibi olduğunun isbatıdır. Yandırılmış, yerlə yeksan edilmiş evlər, qazılmış, dağıdılmış qəbirlər, məhv edilmiş tarixi, mədəni abidələr, kəsimiş ağaclar Ermənistanın iç üzüdür. Bütün bunları tam gücümüzlə dünyaya göstərməliyik. Bu haqq işində bizə dəstək verən hər kəsə, xüsusuilə qardaş Türkiyəyə təşəkkürümüzü bildiririk. 44 günlük Vətən Müharibəsi dövründə Türkiyə diasporu Azərbaycan diasporu ilə birgə oldu. Bu qardaşlıq bundan sonra da davam edəcək”.