Sabir Rüstəmxanlı: “Bunu edən adamlar əslində dövlətə ziyan vururlar”
Son illərdə Azərbaycanda türkçülük, turançılıq, millətçilik ideyaları haqda az danışılır. 17 il öncə mərhum prezident, bu ideyaların əsas daşıyıcılarından olan Əbülfəz Elçibəyin vəfatından sonra hər üç ideologiya ölkə daxilində “dəbdən düşməyə” itirməyə başladı.
Son vaxtlarda isə bu ideyaların müəyyən qruplar tərəfindən hədəfə alındığı, bu ideyanın daşıyıcılarına qarşı hücumların edildiyi müşahidə olunur. Sosial şəbəkələrdə bəzən türkçülük, millətçilik və turançılıqdan söz açanlara lağ edən insanlara da rast gəlirik. Sanki milləti bu dəyərlərdən uzaqlaşdırma siyasəti yürüdülür…
VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı türkçülüyü inkar etməyin mümkünsüz olduğunu söylədi: “Hər xalqın belə daxili düşmənləri olur. Bizdə də türkçülük düşmənləri olub və olacaqlar. Bunlar azərbaycanlı adı altında gizlənib, əslində türk olmayan insanlardır. Üzdə azərbaycanlı olmağı ilə fəxr edən, amma daxillərində türklərə düşmən olan insanlar az deyil. Baxın görün Rusiyanın təsiri ilə türklər əleyhinə hansı təbliğatlar aparılır. Açıq şəkildə anti-türkçülük, anti-Azərbaycançılıq müşahidə olunur. Həmin ideyalara xidmət edənlər şübhəsiz ki, türkçülüyü aradan götürməyə çalışırlar. Azərbaycanda türkçülüyün inkarı Azərbaycan xalqının inkarı deməkdir. Azərbaycanı zəbt etmək siyasətidir. Bu da erməni xislətindən heç də fərqlənmir. Ölkəmiz mehriban yaşayan bütün xalqların vətənidir. Azərbaycanda yaşayan etniklər qardaşcasına yaşayırlar. Onların hər birinin adı var, tez-tez səslənir. Amma türk sözü gələndə nədənsə bəzilərini qaşınma tutur. Türkçülük heç vaxt gülüş hədəfinə çevrilə bilməz. Sadəcə bu onu deyənlərin cahilliyini və nadanlığını göstərir. Bu, Stalin rejiminin siyasətini davam etdirmək istəyənlərin niyyətidir. Bu adamlar əslində dövlətə ziyan vururlar. Güney Azərbaycanda türk deyən milyonlarla insan var. Onlar bizim qardaşlarımızdır. Onlara nə edəcəyik? Türk bizim kökümüzdür. Turan tarixdən gələn bir idealdır, birləşdirici amildir. Yazırlar ki, guya kimlərsə Baykaldan Aralıq dənizinə qədər türk dövləti yaratmaq istəyirlər. Heç kim belə sözlər demir. Sadəcə bu məsələni gündəmə gətirməklə ideyaları təhrif etmək istəyirlər. Bu günləri türk dövlətləri arasında əlaqələr getdikcə genişlənir. Bu dövlətləri bir-birinə bağlayan tarixi dəyərlər var. Nədən dünya müharibələrinin yaranmasına, milyonlarla insanın məhvinə səbəb olan dövlətlər birləşib Avropa Birliyini yarada bilirlər, amma türk birliyindən, Turandan söhbət gedəndə bunları qaşınma tutur? Rusiya bir-birinə aidiyyəti olmayan xalqları bir ideya ətrafına yığa bilir, amma türkçülük meydana çıxan kimi tülkü kimi gizləndikləri yerdən çıxırlar. Bu normal insan təfəkkürü deyil. Bu torpağın suyunu içib, çörəyini yeyən insanların təfəkkürü ola bilməz”.
S.Rüstəmxanlı onu da qeyd etdi ki, istənilən halda türkçülük ideyası möhkəmlənir, genişlənir: “Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, mən türkçülüklə Azərbaycançılıq arasında fərq görmürəm. Bunları bir-birindən ayırmaq tarixdən və millətlərin taleyindən xəbərsizlikdir. Sovet dövründə belə ideya təbliğ olunurdu ki, guya biz rus imperiyasına birləşdikdən sonra yaranmış xalqıq. Təkcə Azərbaycan adının 2500 ildən çox tarixi var. Hərçənd bunu daha artıq hesab edirəm. Xarici dövlətlərdə heç kim öz kökünü dana bilməz. Amerikada müxtəlif əsilli xalqlar var. Bir vətəndaş kimi ABŞ-ı inkişaf etdirirlər, Amerika vətəndaşı olmaqla fəxr edirlər, amma heç kim kökünü unutmur. Bir xalqın bir neçə dövləti ola bilər, amma bu onları kökündən uzaqlaşdırmır. Bizim bir neçə dövlətimiz var, amma bu bizləri türkçülükdən çıxarmır. Anadolu türkləri ilə biz bir kökdən olan xalqıq”.
http://musavat.com