Cümə , 24 Sentyabr 2021
Home » Dünya » Suriyalı qaçqınlara münasibət – Fransada rəzalət… Türkiyədə ibrət!!!

Suriyalı qaçqınlara münasibət – Fransada rəzalət… Türkiyədə ibrət!!!

2011-ci ildə vüsət alan “Ərəb baharı” dalğasında başlayan Suriya böhranı Yaxın Şərqdə onsuz da ağır olan humanitar vəziyyəti fəlakət həddinə çatdırıb.

Bəşər Əsəd rejiminin hakimiyyət hərisliyi üzündən 6 ildir davam edən vətəndaş müharibəsi Suriyanı xarabazara çevirərək, normal həyat şərtlərini aradan qaldırıb. Cəhənnəmə dönmüş ölkədə yaşamağın mümkünsüzlüyü milyonlarla suriyalını didərgin salıb. Qeyri-rəsmi statistikaya əsasən, vətəndaş müharibəsi başlayandan bu günə qədər Suriyanı tərk etmiş insanların sayı ən azı 5 milyon nəfərdir. Suriyalı qaçqınlar əsasən, Türkiyədə məskunlaşmağa üstünlük versələr də, onların müəyyən hissəsi müxtəlif yollarla Avropaya keçməyə nail olublar. Maraqlıdır ki, ölkəni tərk etmək məcburiyyətində qalan suriyalıların çox az qismi qardaş ərəb dövlətlərini seçiblər.

Ancaq mühacirətə yollanan suriyalıların heç də hamısı ölkə xaricində axtardıqları rifaha yetişə bilmədilər. Qeyri-leqal yollarla Avropa ölkələrinə yollanan minlərlə suriyalı gəmi qəzaları nəticəsində Aralıq dənizi sularına qərq oldular. “Köhnə dünya”ya quru yolu ilə gedənlər isə Avropa dövlətlərinin “misilsiz humanizm”i ilə üzləşərək, min bir əziyyətə düçar oldular. Suriya böhranının dərinləşməsinə böyük “töhfə” verən Avropa ölkələri viran qoyduqları ölkənin vətəndaşlarını qapı arxasında saxlamaq üçün hər rəzalətə əl atdılar. Bununla belə, onlara qarşı alçaldıcı, qeyri-insanı münasibətə baxmayaraq, suriyalı qaçqınların bir hissəsi Avropanın müxtəlif ölkələrinə keçərək, orada məskunlaşmağa nail oldular.

Yuxarıda qeyd olunduğu kimi, Suriyalı qaçqınlar əsasən, Türkiyədə yerləşiblər və onların sayının 3 milyon nəfərdən çox olduğu bildirilir. Qaçqınlar Türkiyənin demək olar ki, bütün bölgələrində iş, təhsil və digər sosial hüquqlarla təmin ediliblər. Eyni zamanda, Türkiyənin 10 vilayətində 250 min suriyalının yerləşdirildiyi 26 düşərgə salınıb. Maliyyə naziri Naci Ağbalın rəsmi açıqlamasına görə, Türkiyə suriyalı qaçqınların yerləşdirilməsinə və təminatına 12 milyard dollar pul xərcləyib. Onu da vurğulayaq ki, suriyalı qaçqınların Qərbə axınını dayandırmaq üçün Türkiyəyə minnətçi düşən Avropa İttifaqı didərginlərin saxlanması üçün Ankaraya vəd etdiyi bir neçə milyard avronun köçürülməsini hələ də yubadır.

Avropanın suriyalı, o cümlədən Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan qaçqınlara münasibətindən ümumi şəkildə bəhs etdik. Ancaq hər addımda insanı dəyərlərdən ağızdolusu danışan “sivil Avropa” qaçqınlara qarşı insanlığa sığmayan davranışları ilə yenə təəccübləndirir. Bu fotoşəkil Fransanın paytaxtı Parisdə şəkilib. Məkan “La Chapelle” körpüsünün altı, orada məskunlaşanlar isə suriyalı qaçqınlardır. Fransa hökuməti həmin qaçqınlara normal şərait yaratmaq əvəzinə, onları bezdirərək, ölkədən qaçırtmaq üçün yeni “orijinal” üsul fikirləşib. Bu məqsədlə körpünün altına sal qaya parçaları tökdürülüb ki, qaçqınlar hamar asfalt üzərində də rahatlıq tapmasınlar. Bu qədər rəzalət olarmı? Adam söz tapmır.

Qərbin hədəfə götürdüyü Türkiyədə qaçqınlara münasibət bütün dünya üçün örnək sayılacaq səviyyədədir. Odur ki, mənəvi aşınma burulğanında çırpınan Avropa “insanlıq dərsi” keçməkdənsə, türklərdən insanlığı öyrənsin…

QEYD: Fotonun müəllifi azərbaycanlı jurnalist Fərahim Qasımovdur.

Yeniçağ.Az

Check Also

Türkiyə və Finlandiyanın XİN rəhbərləri Əfqanıstanı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 76-cı sessiyasında çərçivəsində Finlandiyanın xarici işlər …