Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin avqustun 3-də qəza törətməsi nəticəsində 2 nəfər Türkiyə vətəndaşının yaralanması məsələsinə münasibət bildirib.
Türkiyə XİN-in rəsmisi H.Müftüoğlu ölkə.az-a açıqlamasında deyib ki, sözügedən hadisədə Türkiyə vətəndaşlarının da həlak olması və yaralanması ilə bağlı səfirliyə məlumat verilib: “Adətən, xarici ölkələrdə baş verən avtomobil qəzaları nəticəsində həlak olan və ya yaralanan Türkiyə vətəndaşları ilə bağlı müvafiq diplomatik nümayəndəliklər məlumat öyrənir. Azərbaycan da hüquqi dövlətdir. Biz bu hadisə ilə bağlı da Azərbaycan dövlətinin ədalətli qərar verəcəyinə əminik. Biz Azərbaycan məhkəmələrinin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.
H.Müftüoğlu qeyd edib ki, sözügedən hadisə Azərbaycan-Türkiyə münasibətlərində heç bir mənfi təsir göstərə bilməz: “Dünyanın bir çox ölkələrində baş verən avtomobil və digər qəzalarda Türkiyə vətəndaşları həlak olurlar. Bu hadisələrin ədalətli şəkildə araşdırılması və günahkarların cəzalandırılması da həmin ölkələrin daxili işləridir. Azərbaycanın qanunvericilik orqanlarına, o cümlədən, məhkəmələrinə inamımız sonsuz olduğu üçün qəzada həlak olan və ya yaralananlarla bağlı da ədalətli addımlar atılacağına əminik. İnanırıq ki, qardaş Azərbaycan dövləti qəzada yaralanan Türkiyə vətəndaşları ilə bağlı təqsirli şəxslərin cəzalandırılmasını layiqli şəkildə yerinə yetirəcək. Buna heç bir şübhəmiz yoxdur”.