Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türk Şurasının Naxçıvandan başlanan yolu uğurla davam edir

10 il əvvəl – 2009-cu ildə Türkdilli ölkələrin başçılarının Naxçıvanda ilk Zirvə toplantısı keçirildi. Burada gələcəkdə müxtəlif sahədə əlaqələrin və əməkdaşlığın gücləndirlməsi üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası)  təsis edildi. Təşkilatın Naxçıvandan başlanan yolu bu gün də uğurla davam edir. Bir neçə Zirvə toplantısı keçirən qurum 10 illik yubileyi ilə bağlı növbəti tədbirini yenidən Azərbaycana salıb.

Boyukmillet.com İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəllinin nuhcixan informasiya agentliyinə verdiyi musahibəni təqdim edir.    

Samir müəllim, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) təsis olunmasının onuncu ildönümü bu il qeyd edilir.  Bildiyimiz kimi ilk dəfə 2009-cu ildə Naxçıvanda Türkdilli Dövlətlərin toplantısı keçirildi. Samir müəllim, bu toplantının ilk görüş yeri olaraq Naxçıvanın seçilməsi sizcə təsadüf idimi?

-Çox sağ olun. İlk olaraq onu qeyd edim ki, Türk Şurasının yaradılması və onun 10 illiyinin qeyd olunması Türk dünyasının birliyi baxımından, illər boyu türk dünyasının qurulması və bir araya gəlməsinin ilk qığılcımı olaraq böyük bir tarixi hadisədir. Türk Şurasının 2009-cu ilin oktyabrın 3-də yaradılması və məhz Naxçıvanda Türkdilli Dövlətlərin toplantısının  keçirilməsi təsadüfü deyil. Ümumiyyətlə tarixdə belə hadisələr və seçimlər təsadüfü olmur. Naxçıvan türk dünyasının strateji bir bölgəsidir. Naxçıvan türk dünyasının “Altın körpüsü”dür. Bu həm də türkdilli dövlətlərin liderlərinin  bütün dünyaya Naxçıvanın qədim, əzəli oğuz-türk yurdu olması ilə bağlı mesajı idi. Digər bir tərəfdən, Naxçıvan həmişə dünya türklərinin nəzər-diqqətini özünə çəkib. Bura saf, təmiz türk yurdu kimi min illik özəlliyini indi də qoruyub saxlayır. Bu baxımdan Naxçıvan ona görə seçildi ki, bura blokadada olmasına baxmayaraq çox sürətlə inkişaf edir. Beləliklə, dünya türklərinin birliyini ən çətin şərtlərlə belə inkişaf edən bir regiondan dünyaya təqdim edilməsi çox böyük anlam daşıyır. Yəni biz türklər həmişə çətin məqamda belə birləşə və inkişaf edə bilərik. Əgər hədəf sabahdırsa, deməli bu yolda qarşımızda heç bir maneə dayana bilməz. Məncə məhz bu məqsədlə 10 il əvvəl tarixi sazişin imzalanması üçün Naxçıvan seçildi. Bu çox böyük, tarixi bir sazişdir.

Təşkilat get-gedə sıralarını genişləndirir. Sizcə o, bütün Türk dünyasını əhatə edə biləcəkmi?

-Təşkilatın sıralarının genişlənməsi artıq danilmaz faktdır. Bu indiyədək qurumun apardığın işin nəticəsi kimi dəyərləndirlməlidir. Zamanla təşkilatın sıraları genişlənməkdə davam edəcək.  Özbəkistanın tam hüquqlu ölkə kimi bura qoşulması, Macarıstanın qoşulma ilə bağlı atdığı addım Türk Şurasını bir qurum kimi  daha da gücləndirdi. Çünki Naxçıvanda yaradılan bu Şura milli köklərə söykənərək təsis edilib. Etiraf edək ki, o zaman, yəni yeni yaradılanda türk dünyasının birliyini  gözü götürməyən ayrı-ayrı ölkələr və dairələr tərəfindən sadə bir baxış vardı. Guya ki, bu adi bir sazişdir, kağız üzərində qalacaq, bundan sonra heç bir dövlət bura qoşulmayacaq. Amma son vaxtlar, dediyim kimi Özbəkistan və Macarıstanın atdığı addımlar göstərdi ki, bu çox mühüm və güclü bir sazişdir. Həm də bu qoşulmalar Naxçıvan sazişini bir qədər də qüvvətləndirdi. Mən inanıram ki, bundan sonra Türkmənistan, Şimalı Kipr Türk Cumhuriyyəti də bura qoşulacaq və bu saziş  bütövlükdə türk dünyasını əhatə edəcək. Çünki dünyada mövcud olan irili-xırdalı  türk dövlətlərinin sayı yetərincə nəzərə çarpacaq dərəcədə çoxdur.

10 illik yubiley ərəfəsində yenidən VII Zirvə Toplantısı Azərbaycana-Bakıya salındı.

-Azərbaycan artıq neçə ildir ki, türk dünyası ilə bağlı mühüm tədbirlərə ev sahibliyi edib. Bu baxımdan Bakıda bir çox tədbirlər keçirilib. Təbii ki, Türk Şurasının növbəti Zirvə toplantısı üçün Azərbaycanın, Bakının seçilməsi də təsadüfü deyil. Bu gün Türkiyə köklü bir dövlət kimi türk dünyasının nə dərəcədə aparıcı ölkəsidirsə, Azərbaycan da regionda olan çox güclü və nüfuzlu, lider dövlətdir. Bundan irəli gələrək deyə bilərik ki, regionda nüfuz sahibi olan Azərbaycan  türk dünyası ölkələri arasında da strateji baxımdan, eyni zamanda türk birliyinə aparan strateji yolda öncül bir türk ölkədir. Onun üçün də yubiley tədbiri kimi növbəti Zirvə toplantısı üçün ölkə heç də təsadüfi deyil ki,  məhz  Azərbaycan seçildi.

– Şuranın bu cür genişlənməsi gələcəkdə Türkdilli dövlətlər arasında hansı istiqamətdə əlaqələrin qurulmasına müsbət təsir edəcək?

-Hesab edirəm ki, VII Zirvə toplantısında da türk dünyası üçün əhəmiyyətli olan qərarlar qəbul olunacaq. Ən vacib olan təbii ki, mədəni əlaqələrin, turizm sahəsinin, ticarət əlaqələrinin genişlənməsinə təsir edəcək. Bu gün bütün ölkələr arasındakı gedən proseslərdə Türk Şurasının köklənəcəyi məsələlər də turizm, mədəni əlaqələr, iqtisadi sahədə qarşılıqlı əməkdaşlıqdır. Bundan başqa bir-birinin iştirak etdiyi layihələrdə də türk dövlətləri iştirak etməklə həm özlərini, həm də Türk Şurasının güclənməsinə yardımçı olacaqlar. Bu isə beynəlxalq təşkilatlar içərisində Türk Şurasının mövqeyinə və irəliləməsinə təkan verəcək.  Ona görə də Bakı Zirvə toplantısının xüsusi əhəmiyyəti olacaq. Amma bir şeyi də qeyd edim ki, bu işlərin başlandığı Naxçıvan həmişə türk dünyasının mərkəzi kimi tanınmalıdır. Çünki 21-ci əsrdə türk dünyasının birliyinin təməli bu Şura ilə Naxçıvanda qoyulub.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …