Türkiyənin EsTV telekanalında Azərbaycanla bağlı veriliş yayımlanır.
Boyukmillet.com xəbər verir ki, “Üç çizgi” adlı televiziya proqramı Eskişehir Azərbaycanlıları Dərnəyi tərəfindən ərsəyə gətirilir.
Verilişin məqsədi Azərbaycanın tarixini, mədəniyyətini, adət-ənənələrini, görkəmli şəxsiyyətlərini, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərini, o cümlədən Türk Dünyası ölkələri arasındakı əlaqələri yerli ictimaiyyətə çatdırmaq və aşılamaqdır.
Artıq Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, dövlət himninin müəllifi, şair Əhməd Cavad, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün tarixi, Cənubi Azərbaycan, görkəmli müəğnni Rəşid Behbudov, 20 Yanvar faciəsi, Məhəmməd Əmin Rəsulzadə haqqında verilişlər efirə gedib. Eyni zamanda ötən il sentyabrın 27-də başlayan və noyabrın 8-də zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi ilə bağlı da 4 veriliş hazırlanıb. Bundan başqa, Eskişehir Azərbaycanlıları Dərnəyinin rəhbəri Cavid Aydın, Dərnəyin sədr müavini Sirac Yaquboğlu, professor Toğrul İsmayıl, keçmiş ordu generalı Yücel Karauzun iştirakı Azərbaycandakı son vəziyyət, Qarabağ məsələsi, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı və s. mövzular müzakirə olunub.
Qeyd edək ki, Eskişehir Azərbaycanlıları Dərnəyi 2010-cu ildə yaradılıb. Əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olan dərnək bu günədək Azərbaycan tarixini və mədəniyyətini təbliğ edən yüzlərlə layihə həyata keçirib.