Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə və Yaponiya XİN başçıları birgə açıqlama veriblər

Türkiyədə səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş olub.

Boyukmillet.com xəbər verir ki, görüşdən sonra iki ölkənin XİN rəhbərləri mediaya birgə açıqlama veriblər.

Nazirlər bu il Türkiyə ilə Yaponiya arasındakı diplomatik münasibətlərin yüzüncü ildönümünün qeyd olunduğunu, bu münasibətlərin möhkəm təməl üzərində inkişaf etdirildiyini və 2013-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıblar.

Hakan Fidan il boyu təşkil ediləcək mədəni, akademik və iqtisadi tədbirlər, eləcə də qarşılıqlı səfərlərin mövcud əlaqələrə yeni təkan verəcəyinə inamını ifadə edib.

Görüşdə gündəmdəki mühüm məsələlərin müzakirə olunduğunu deyən Fidan bu il həm Türk-Yapon Elm və Texnologiya Universitetinin fəaliyyətə başlayacağını, həm də ilk dəfə keçirilməsi planlaşdırılan Türkiyə-Yaponiya Enerji Forumu ilə bağlı işlərin davam etdiyini bildirib.

Nazir, həmçinin uzun müddətdir davam edən iqtisadi tərəfdaşlıq və sosial təminat müqavilələrini müzakirə etdiklərini, bunların qarşılıqlı fayda əsasında ən qısa zamanda imzalanmasını istədiklərini ifadə edib.

Qeyd edilib ki, iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq potensialının reallaşdırılmasına önəm verilir.

Yaponiyalı nazir öz növbəsində iki ölkə arasındakı əlaqələrin gələcəyinin parlaq olduğunu vurğulayaraq, ölkəsi ilə Türkiyə arasındakı əməkdaşlığı daha da dərinləşdirmək arzusunu ifadə edib.

Nazirlər, həmçinin terrorla birgə mübarizədə və Qəzzaya humanitar yardımların çatdırılması mövzusunda həmfikir olduqlarını bildiriblər.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …