“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçildikdən sonra səfər etdiyi iki ölkədən birinin Azərbaycan olması bütün dünyaya verdiyi güclü ismarışdır”.
Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib.
Türkiyə və Azərbaycanın beynəlxalq aləmdə birgə hərəkət etdiklərini vurğulayan SDİ rəhbəri deyib ki, Ərdoğanı müşayiət edən heyətin tərkibi də bir çox məsələlərdən xəbər verir:
“Diplomatiya, energetika, müdafiə, nəqliyyat, kənd təsərrüfatı və kommunikasiya sahələrində aparılan danışıqlar, bu sahələrdə gələcək layihələrin hazırlanması qısa və ortamüddətli perspektivdə görüləcək işlərin müsbət nəticələri indidən bəlli edir”.
Azərbaycanın enerji, təhlükəsizlik və nəqliyyat sahələrində strateji əhəmiyyətinin getdikcə artdığını qeyd edən SDİ rəhbəri vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan Şuşa bəyannaməsi və müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələrdən bəhs etməklə buna böyük önəm verdiyinin vacibliyini təsdiqləyib: “Ərdoğanın “Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır”, – ifadələri Türkiyənin Azərbaycanın haqlı mübarizəsində yanında olduğunu bir daha sübut edir”.