Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.
Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və mütəfəkkirlər yetişdirmişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır.
Əziz bacı və qardaşlarım!
Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Ramazan bayramınız mübarək olsun!”