“Ancaq hadisənin polis tərəfindən törədilməsi bir daha sübut edir ki, burada erməni barmağı ola bilər”
Samir Adıgözəlli: “Bilirsiniz ki, Ukraynanın daxili işlər naziri milliyyətcə ermənidir”
Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamlarına hücum olub. İş adamı Vüqar Kərimoğlunun verdiyi məlumata görə, hadisə Xarkovun Qələbə prospektində qeydə alınıb.
Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlı “Azov” batalyonunun hərbçiləri dekabrın 15-də axşam beş azərbaycanlı iş adamına məxsus yolka satışı məntəqəsini dağıdıb, əmlaklarını əlindən alıb. Hərbçilər azərbaycanlıları təhqir edərək, onlara yolkalarını gedib Azərbaycanda satmasını tövsiyə edib.
V.Kərimoğlu, həmçinin, qeyd edib ki, orada digər millətlərin nümayəndələrinə məxsus satış məntəqələri olmasına baxmayaraq, hərbçilər ancaq azərbaycanlılara hücum edib. Onlar azərbaycanlı iş adamlarını təhdid edərək, bir də Xarkovda ticarətlə məşğul olacaqları təqdirdə öldürəcəkləri ilə hədələyib.
V.Kərimoğlu Xarkovda qanunla müəyyən edilmiş yerlərdə, icazə əsasında bizneslə məşğul olduqlarını vurğulayıb.
Qeyd edək ki, son vaxtlar Xarkovda analoji hallar intensivləşib. Bundan əvvəl də soydaşlarımız olan iş adamlarına dövlət qurumları tərəfindən təzyiqlər qeyd edilib. Bu nə ilə bağlı ola bilər?
Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələ onları da dərindən maraqlandırmağa başlayıb: “Biz Ukraynada tez-tez oluruq. Xarkovla bağlı oxşar şikayətlər bizə edilirdi. Bir müddət əvvəl bu məsələni qaldırdıq. Problemlər həllini tapdı. Görünür, yenidən başlayıb. Mən belə hadisələrin sırf azərbaycanlılara yönəlik baş verməsini təsadüf saymıram. Birmənalı şəkildə demək olmaz ki, bu, Ukrayna rəhbərliyinin istəyilə baş verir. Ancaq hadisənin polis tərəfindən törədilməsi bir daha sübut edir ki, burada erməni barmağı ola bilər. Bilirsiniz ki, Ukraynanın daxili işlər naziri milliyyətcə ermənidir. Həmin personadan narazılıq çoxdur. Ancaq bu heç də o demək deyil ki, biz bu məsələni nəzarətsiz buraxmalıyıq. Ukraynada kifayət qədər güclü Azərbaycan diasporu var. Biz onlarla əlaqə saxlamışıq. Eyni zamanda Xarkovda olan konsulluğumuzla təmaslar qurub bu məsələnin kökündən araşdırılmasını istəyəcəyik”.
baki-xeber.com