Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Ukrayna vətəndaşı olan soydaşlarımız Azərbaycanda qaçqın statusu ala bilər

Ukraynada davam edən müharibə səbəbindən 3 milyondan çox insan bu ölkəni tərk etməyə məcbur qalıb. Onların arasında Ukrayna vətəndaşlığını daşıyan yerli sakinlərlə yanaşı müxtəlif millətlərin nümayəndələri də var. Son 21 gün ərzində qaçqın düşən milyonlarla Ukrayna vətəndaşı daha çox Avropa və Qərb ölkələrinə sığınıb.

Azərbaycana gəlincə, Dövlət Miqrasiya Xidməti bir müddət öncə Ukrayna vətəndaşları tərəfindən qaçqın statusu almaq üçün ölkəmizə müraciət daxil olmadığını açıqlamışdı. Nəzərə alsaq ki, bu gün Ukrayna vətəndaşları arasında milliyyətcə azərbaycanlılar da üstünlük təşkil edir. O zaman sual olunur: Ukrayna vətəndaşı olan azərbaycanlılar ölkəmizdə qaçqın statusu ala bilərlərmi? 

Boyukmillet.com xəbər verir ki, bu barədə Modern.az-a danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, Ukrayna vətəndaşı olan şəxslər Azərbaycanda qaçqın statusu ala bilərlər:

“Etnik qrupa mənsub olmağından asılı olmayaraq, vaxtilə Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Ukrayna vətəndaşlığına keçə bilər. Əgər həmin şəxs Ukrayna vətəndaşlığını əldə edərkən Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməyibsə, onlar birmənalı şəkildə bu ölkənin vətəndaşı kimi qəbul edilir. Əgər Azərbaycan vətəndaşlığından imtina edilib, Ukrayna vətəndaşlığı qəbul olunubsa və məlum hadisələr səbəbindən Azərbaycana gəlib qaçqın statusu almaq üçün müraciət edirlərsə, təbii ki, bu şəxslərin müraciətinə baxılır.

Qaçqın statusunun verilməsinin əsasları var. Vacib əsaslardan biri həmin şəxsin həyatına və ya ailə üzvlərinin həyatına təhlükə olmağı araşdırılır. Hərbi münaqişə zonasından çıxan şəxslər başqa ölkənin ərazisində sığınacaq axtaran şəxs statusunda qəbul edilir. Azərbaycana da belə müraciətlər olanda, həmin şəxslərə ərazi sığınacağı verilir”.

A.Allahverənov qeyd edib ki, sənədləşmə işləri bitdikdən sonra sığınacaq axtaran şəxslər birbaşa BMT-nin himayəsinə düşür:

“Həmin şəxsin hərbi münaqişələr səbəbindən özünün və ailə üzvlərinin həyatına birbaşa təhlükələr varsa, siyasi baxışlarına, etnik qrup mənsubiyyətinə görə və digər zəmində təqiblərə məruz qalırsa, Azərbaycan hökümətinə qaçqın statusu almaq üçün müraciət edə bilər. Müraciətə 3-6 ay müddətində baxılır. Bu müddət ərzində həmin vətəndaş sığınacaqla təmin olunur və qeyri-qanuni miqrantların saxlanılması üçün Dövlət Miqrasiya Xidmətinin nəzdində fəaliyyət göstərən mərkəzə yerləşdirilir.

Qeyd edim ki, həmin mərkəz həm Bakıda, həm də Yevlaxda fəaliyyət göstərir. Müraciət edən şəxslərə qaçqınlıq statusu verildikdən sonra qaçqın olan şəxslərə verilən imtiyazlardan maksimum yararlana bilirlər”.

Check Also

Rəsulzadənin baxımsız vəziyyətdə olan heykəli hansı rayondadır? (FOTO/AÇIQLAMA)

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin bərbad vəziyyətdə olan heykəlinin fotoları yayılıb. …