Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukraynada yaşayan gənc azərbaycanlı iş adamının uğur piramidası

Hər bir xalqın, dövlətin və cəmiyyətin inkişaf strategiyası onun gəncliyinin savadlı, sağlam ruhda və yüksək mənəvi dəyərlər üzərində qurulmasından asılıdır. Bu amil dünyanın inkişaf etmiş ölkələrinin dövlət idarəetmə proqramlarında əsas prinsip kimi götürülür və həyata keçirilir. Azərbaycanda isə bu nəcib ənənəyə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə start verilib. Belə ki, 1970-ci illərdə ölkəmizdə istedadlı gənclərin seçilərək keçmiş sovet ittifaqının ali təhsil ocaqlarına göndərilməsi ənənəsi, Azərbaycanın müstəqillik illərində də əsas prioritet kimi götürülərək uğurla davam etdirilib. Müdrik və uzaqgörən siyasətin nəticəsidir ki, dünyanın ən nüfuzlu ali təhsil ocaqlarına göndərilmiş azərbaycanlı gənclərin səsi, bu gün müxtəlif ölkələrin parlament kürsülərindən, nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunalarından gəlir.
Azərbaycanın belə oğullarından biri də Oksford Universitetinin məzunu, hazırda Ukraynanın Sumı Vilayətinin deputatı və sözügedən vilayətin Cüdo Federasiyasının prezidenti, tanınmış iş adamı Quliyev Araz İman oğludur.
Araz Quliyev 1989-cu ildə Naxçıvan şəhərində anadan olub. 5 yaşında valideynləri ilə birlikdə Bakı şəhərinə köçüb. Nümunəvi şagird kimi Bakı şəhər 43 saylı orta məktəbin 6-cı sinfini əla qiymətlərlə başa vuraraq, təhsilini Bakı Özəl Türk Liseyində davam etdirib. Gənc istedad 2007-ci ildə liseyi müvəffəqiyyətlə bitirdikdən sonra, ingilis dilində imtahan verib London şəhərindəki “Bellerbys Kolleci”nin tələbəsi adını qazanıb. Elm və təhsil ocağının işığında inamla addımlayan həmyerlimiz 2008-ci ildə kolleci əla qiymətlərlə bitirən tələbələr sırasında olub. Elə həmən il elan olunmuş müsabiqədən keçərək “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə dövlət proqramı”na daxil edilir və təhsilini Oksford şəhərindəki “Royal Holloway Universiteti”nin menecment fakültəsində davam etdirir. Dünyanın nüfuzlu təhsil ocaqları arasında yüzlüyə daxil olan bu universitetdə təhsil almaq Araz Quliyevin həyatında böyük dönüş yaradır. O, burada biznesin idarəoluması, menecment işinin düzgün qurulması, müasir informasiya texnologiyaları sahəsində yüksək biliklərə yiyələnir. 2011-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq vətənə qayıdır. 2011-2012-ci illərdə N saylı hərbi hissədə xidmətini başa vurub, Londonda yiyələndiyi bilik və bacarığını biznes sahəsində sınaqdan keçirir. O, Azərbaycanda və Ukraynada bir sıra şirkətlər təsis edərək, biznes fəaliyyətinə start verir. 2014-cü ildə Ukraynadan olan tələbə yoldaşlarından aldığı biznes təklifi ona paytaxt Kiyev şəhərində geniş imkanlar yaradır. Belə ki, Londonda qazanılan dostlarla Kiyevdə gerçəkləşən ilk tikinti layihəsi Arazın gələcək karyerasının uğur piramidasına çevrilir. Riskli şəraitdə praqmatik analiz qabiliyyəti, biznesin idarə olunmasında tətbiq olunan doğru və düzgün strategiya çox keçmir ki, Araz Quliyevə təsisçisi olduğu “Sofiyevskaya Sfera” tikinti şirkətinin inşa etdiyi ən böyük yaşayış komplekslərindən birinin sahibi kimi böyük şöhrət qazandırır.
Həyatda bütün uğurların elm və təhsildən qaynaqlandığını əldə əsas tutan Araz Quliyev 2015-2016-cı illərdə Oksford Universitetinə daxil olaraq biznesin idarə olunması (MBA) üzrə magistr pilləsinə yüksəlir.
Biznesdə böyük uğurlar əldə edən azərbaycanlı gənc Ukraynanın ictimai, siyasi, sosial, mədəni həyatında da fəallıq nümayiş etdirir. 2020-ci ildə Araz Quliyev Ukraynanın şəhər və vilayət radalarına keçirilən seçkilərə qatılır və “Avropa Həmrəyliyi partiyası”ndan Sumı Vilayətinin deputatı seçilir. Səmərəli fəaliyyəti ilə diqqət mərkəzində olan azərbaycanlı gənc Sumı Vilayət Cüdo Federasiyasının prezidenti vəzifəsinə təyin olunur.
Naxçıvan şəhərindən başlanan həyat yolunun uğur salnaməsini “Respublika” qəzetinin oxucuları ilə bölüşən Araz Quliyev, ona ünvanladığımız sualları sakit təbiəti, məntiqə söykənən səlis ifadələri ilə cavablandırır.
– Araz müəllim, tərcümeyi-halınızdan da göründüyü kimi, istər orta məktəbi, istərsə də ali təhsilinizi böyük müvəffəqiyyətlə başa vurmusunuz. Daha doğrusu yaşınıza görə zəngin həyat yolu keçmisiniz və xeyli uğurlara imza atmısınız. Maraqlıdır, Naxçıvandan başlanan həyat yolunuz necə oldu ki, Bakıdan, Londondan keçib Ukraynada çarpazlaşdı?
– Təşəkkür edirəm. Sözün düzü heç mənim özüm də bilməzdim ki, nə zamansa gedib Ukraynada yaşayaram. Görünür, özümüzün də bilmədiyimiz bir tale yolu var onun yolçularıyıq. Mənim də həyat yolum Naxçıvandan başlayıb. Oradan 5 yaşım olarkən valideynlərimlə Bakıya köçmüşük. Naxçıvan, Bakı mənim üçün dünyanın ən gözəl şəhərləridir. Ruhən oraya bağlıyam. Azərbaycan mənim üçün bir qibləgahdır. 1-ci sinfə Bakıda getmişəm. Valideynlərim çox tələbkar idilər. Özüm də oxumağı çox sevirdim. Bu iki amil məni uşaqlıqdan kitab oxumağa, mütaliə etməyə alışdırdı. 6-cı sinfi bitirdikdən sonra sənədlərimi Bakı Özəl Türk Liseyinə təqdim etdim. O vaxt bu təhsil ocağına qəbul olmaq üçün 70 nəfərə qarşı 8 min şagird sənəd vermişdi. Tale elə gətirdi ki, mən də müsabiqədən yüksək bal toplayanlar sırasında oldum və təhsilimi orada davam etdirdim. Həqiqətən də liseydə istər təhsilin səviyyəsi, istərsə də tələbkarlıq çox yüksək idi. Dərslərin bir qismi ingilis dilində keçirilirdi. Təbii ki, mən də dərslərimi yaxşı oxumaqla yanaşı, ingilis dilini də mükəmməl öyrəndim. Liseyi bitirəndən sonra təhsilimi xaricdə davam etdirmək qərarına gəldim. O zaman ingilis dilində imtahan verib London şəhərindəki, “Bellerbys Kolleci”nə qəbul oldum. Siz dediyiniz kimi, Naxçıvandan başlanan həyat yolum Bakıdan keçərək Londona, oradan isə Ukraynaya istiqamətləndi.
– Bildiyimiz kimi, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə istedadlı azərbaycanlı gənclərin dövlət hesabına dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinə xüsusi diqqət ayırırdı. Fərəhləndirici haldır ki, bu xətt bu gün də uğurla davam etdirilir. Hətta, siz də Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təhsil almısınız. Bu haqda nə deyə bilərsiniz?
– Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə azərbaycanlı gənclərin yüksək biliklərə yiyələnməsi, xüsusəndə, onların xaricdə təhsil almaları dövlət idarəetmə strategiyasının əsas prioritetlərindən biri olub. Vaxtilə ulu öndərin dünyanın müxtəlif ölkələrinin ali təhsil ocaqlarına göndərdiyi tələbələr bu gün müstəqil dövlətimizin aparıcı kadrlarına çevriliblər. Bu baxımdan birmənalı olaraq demək istəyirəm ki, ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil diplomatiyasının banisidir. Bu gün Prezident İlham Əliyev də bu strateji xətti böyük uğurla davam etdirir. Bəli, mən də 2007-ci ildə İngiltərənin “Bellerbys Kolleci”ni başa vurduqdan sonra müsabiqə yolu ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı”na vəsiqə qazandım və təhsilimi Oksford şəhərindəki, “Royal Holloway Universiteti”nin menecment fakültəsində davam etdirdim. Təhsil aldığımız illərdə dövlətimiz hər zaman yanımızda olub. Həm təhsil, həm də yataqxana xərclərimizi dövlətimiz qarşılayıb. Bu mənada həyatda əldə etdiyim hər bir uğura görə, dahi Heydər Əliyev ideologiyasına və dövlətimizə borcluyam.
– Bildiyimiz kimi, London dünyanın əsas siyasi mərkəzlərindən biri hesab olunur. Orada təhsil aldığınız illərdə Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətində nə kimi fəaliyyətiniz olub?
– Biz dünyanın harasında yaşamağımızdan və təhsil almağımızdan asılı olmayaraq ölkəmizi layiqincə təmsil etməyi özümüzə şərəf borcu hesab edirik. Oksfordda oxuduğum illərdə, təhsillə paralel olaraq Universitetin nəzdində “Azərbaycanlı Tələbələrin Təşkilatı” yaratmışdıq. Vaxtaşırı Azərbaycanın qədim adət-ənənələrini, zəngin mədəniyyətini, əsasən də ermənilərin son iki əsrdə xalqımıza və dövlətimizə qarşı həyata keçirtdikləri işğalçılıq və soyqırımı siyasətini özündə əks etdirən tədbirlər təşkil edirdik. 20 Yanvar və Xocalı faciələrini video və fotomaterialların dili ilə yerli və xarici tələbələrin diqqətinə çatdırırdıq. Bununla yanaşı, futbol turnirləri keçirirdik. Həmişə çalışırdıq ki, ölkəmizi və xalqımızı lazımi şəkildə təmsil edək. Bu sahədə üzərimə düşən tarixi missiyanı Ukraynada da davam etdirirəm. Təbii ki, hər bir azərbaycanlının vətənimiz, dövlətimiz qarşısında böyük borcu var. O borcun çəkisi o qədər böyükdür ki, onu qaytarmağa bir ömür bəs eləməz.
– Bəs necə oldu ki, Londonda təhsil aldıqdan sonra həyat fəaliyyətinizi Ukraynada davam etdirmək qərarına gəldiniz? Həm də, qısa zaman kəsiyində istər dost ölkənin biznes sferasında, istərsə də ictimai-siyasi həyatında böyük uğurlara imza atmağa müvəffəq oldunuz?
– Təbii ki, hər bir uğurun kökündə zəhmət və sağlam təhsil dayanır. Bir də həyatda qismət və şans deyilən məfhum mövcuddur. Düşünürəm ki, o şansı vaxtında doğru dəyərləndirmək həyatın müvəffəqiyyət qapılarını rahat açmaqda adama yardımçı olur. Mən Londonda təhsil alarkən Ukraynadan olan bir neçə tələbə yoldaşlarımla dostluq edirdim. Onların çox sağlam çevrəsi var idi. Biz daima bir yerə yığışıb gələcək planlarımız haqda fikir mübadiləsi aparırdıq. Biznesin idarəolunması, menecment işinin düzgün qurulması ilə bağlı layihələr hazırlayıb müzakirə edirdik. Bizi həm də dövləti maraqlarımız birləşdirirdi. Həqiqətən də tarixi araşdırsaq, Azərbaycanla Ukrayna arasında böyük tale oxşarlıqları mövcuddur. Əsrlər boyu müstəqillik uğrunda mübarizə aparan xalqlarımıza qarşı eyni cəza tədbirləri həyat keçirilib. Hər iki dövlətin torpaqları tarixin müxtəlif dönəmlərində işğala məruz qalıb. Bu baxımdan Ukrayna ilə Azərbaycanı bir çox sahələrlə yanaşı, məruz qaldıqları ağrı-acıları da birləşdirir. Londonda oxuyarkən ukraynalı tələbə yoldaşlarım həmişə Azərbaycanla bağlı təşkil etdiyimiz tədbirlərdə fəal iştirak edirdilər. Bu münasibətlər bizim aramızda yaxın dostluq əlaqələrinə çevrildi. Universiteti bitirdikdən sonra dostluq münasibətlərimiz daha da dərinləşdi. O dövrədək mən onların dəvəti ilə bir neçə dəfə Kiyev şəhərində olmuşdum. 2014-cü ildə isə dostlarımdan biznes təklifi aldım. O vaxt Ukrayna tarixində ən mürəkkəb dönəmlərdən biri idi. Ölkədə baş vermiş “meydan hərəkatı”ndan sonra, inflyasiya son həddə çatmışdı. İqtisadi böhran torpaqların qiymətini xeyli aşağı salmışdı. O dövrü biznes üçün həm səmərəli, həmdə riskli dövr hesab etmək olar. Hesablarımız doğru çıxdı. Ukraynalı dostlarımla birgə həyata keçirdiyimiz ilk tikinti layihəsi böyük biznesə gedən yolumuzun uğur mayakına çevrildi. Bu uğur mənim iş adamı kimi Ukraynada qalıb yaşamağımın prinsip təməlinə çevrildi. Ukraynanın ən ağır böhran durumunda atdığımız sonrakı addımlarımız da bizə böyük dividendlər gətirdi. Qərar verib ucuz qiymətə aldığımız geniş torpaq sahəsi, gördüyünüz kimi, Kiyev vilayətinin ən böyük yaşayış massivlərindən birinə çevrildi.
Bu gün ukraynalı tələbə yoldaşlarımın və onların çevrəsinin əksəriyyəti dövlət və hökumət strukturlarında, aparıcı siyasi partiyalarda və ali qanunvericilik orqanlarında təmsil olunurlar. Ötən il mənə də bir neçə siyasi partiyalardan vilayət və şəhər radalarına keçirilən seçkilərdə iştirak etmək təklifi gəldi. Çox düşündükdən sonra qərar verib “Avropa Həmrəyliyi Partiyası”ndan Sumı Vilayət Radasına keçirilən seçkilərə qatıldım. Seçki marafonumuz uğurla başa çatdı və partiya siyahısından ilk beşlikdə Sumı Vilayətinin deputatı seçildim. Ötən il həmçinin, “Sumı Vilayət Cüdo Federasiyası”nın prezidentlik kürsüsü də mənə həvalə olundu.
İndi-indi dərk edirəm ki, ulu öndər Heydər Əliyevin vaxtilə azərbaycanlı gəncləri dünyanın ən nüfuzlu ali təhsil ocaqlarına göndərməkdə əsas məqsədi, onların dünya xalqlarına inteqrasiya olunmalarını gerçəkləşdirmək, həmin gənclərin vasitəsilə müstəqil Azərbaycan dövlətinin səsinin müxtəlif ölkələrin ali kürsülərindən eşidilməsini təmin etmək strategiyası olub.
– Araz müəllim, koronavirus pandemiyasının gəlişi ilə dünyada yaşanan ağrı- acılara baxmayaraq, 2020-ci il xalqımız üçün qələbə ili, sizin üçün isə həm zəfər, həm də ictimai-siyasi karyeranızda yüksəliş ili kimi yadda qaldı. Bu ikili sevincin qürurlu anlarını eyni zamanda yaşayan azərbaycanlı gənc kimi ötən il yaddaşınızda necə iz buraxdı?
– Mənim üçün bütün uğurların zirvəsi Vətənimizin bütövlüyünün təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi oldu. Tam səmimi deyim, həyatda nə qədər uğurlar əldə etsək də, torpaqlarımızın işğal altında olmasına görə başımız aşağı, mənliyimiz, qürurumuz şikəst halında idi. Bu baxımdan Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğal altından azad etməsi, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının sınmış qürurunu, tapdalanmış ruhunu bərpa etdi. 44 günlük Vətən müharibəsi 28 il işğal altında olan torpaqlarımızın, xüsusi ilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin gərgin döyüşlərlə azad edilməsi ilə yekunlaşdı. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə olaraq, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa etməklə çıxdı. Bu baxımdan 2020-ci il mənim yaddaşıma miladi təqviminin ən parlaq, ən sevimli, gələcək yollarımıza işıq saçan il kimi daxil oldu. Düzdür, ötən il mənim həyatımda da yüksəliş ili oldu. Sumı vilayətinin deputatı və cüdo federasiyasının prezidenti seçildim. Amma bu Vətən müharibəsində əldə etdiyimiz qələbə sevincinin yanında dəryada bir damlanı xatırlatdı. Mən fürsətdən istifadə edib xalqımıza bu qələbə sevincini yaşadan Prezident İlham Əliyevə, müzəffər ordumuza, cəsur əsgərlərimizə dərin minnətdarlığımı bildirirəm. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm. Şəhid valideynlərinin və ailələrinin qarşısında baş əyirəm.
– Sumı Vilayətinin deputatı kimi Azərbaycanla Ukrayna arasında mövcud olan strateji əməkdaşlığın gələcək perspektivlərini necə dəyərləndirirsiniz?
– Azərbaycanla Ukrayna xalqlarının dostluq əlaqələri uzun əsrlərə söykənir. Tarixə nəzər salsaq, heç bir zaman ölkələrimiz arasında fikir ayrılığı olmayıb. Əksinə, tarixin bütün dönəmlərində hər iki ölkə bir-birinə dəstək verib. Bu münasibətlər ölkələrimiz müstəqillik əldə etdikdən sonra daha böyük inkişaf yolu keçib. Xalqlarımız arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Vaxtında qurulan möhkəm özülün nəticəsidir ki, bu gün ölkələrimiz beynəlxalq arenada eyni mövqedən çıxış edir, prinsipial məsələlərdə bir-birinə dəstək verirlər. Artıq Azərbaycanla Ukrayna beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınırlar. Sevindirici haldır ki, Prezident İlham Əliyev də ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət ayırır. Ölkələrimiz arasında mövcud olan iqtisadi, siyasi, elmi, mədəni, hərbi-texniki əməkdaşlıq durmadan inkişaf etdirilir.
– Necə düşünürsünüz, ötən il Sumı Vilayətinin deputatı seçilməyinizi gələcək siyasi fəaliyyətinizin tramplini, daha doğrusu Ukrayna Ali Radasına gedən yolun başlanğıcı kimi dəyərləndirmək olarmı?
– Mən öncədən danışmağı sevmirəm. İnşallah gələcəkdə elə bir şans yaranarsa, mütləq dəyərləndirməyə çalışaram. Hələ qarşıda məni seçicilərin etimadını qazanmaq üçün xeyli işlər gözləyir. Çalışmalıyam ki, həm seçicilərin etimadını qazanım, həm də əməli işlərimlə xalqımızın, dövlətimizin adına şərəf gətirim. Bu baxımdan gənclərlə işləməyi, onların sağlam ruhda böyümələri üçün vilayət üzrə cüdo federasiyasının fəaliyyətini gücləndirmək kimi qarşıda xeyli işlər gözləyir bizi. Təbii ki, Ali Radaya gedən yol gərgin zəhmətdən, insanların qəlbinə yol açan əməli işlərdən keçir. Amma çox istərdim ki, Ukrayna parlamentində bir nəfər də olsa azərbaycanlı təmsil olunsun. Buna nail olmaq üçün Ukraynada böyük potensialımız var.
Araz Quliyev Ukraynada yaşadığı illərdə xalqımızın xeyirxahlıq ənənələrini də fəaliyyət proqramının əsas istiqamətlərindən biri kimi qəbul edib. Onun təsis etdiyi “Blaqo Sfera” xeyriyyə təşkilatı mütəmadi olaraq Kiyev vilayətindəki bir sıra kimsəsiz uşaq və qocalar evinə himayədarlıq edir.

Möhsüm QƏDİROĞLU,
“Respublika” qəzetinin Ukrayna və
Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …