Rusiyanın Ukraynaya hücumundan sonra 20 ölkədən 443 rusiyalı diplomat öz vəzifəsini tərk edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” yazır.
Nəşrin məlumatına görə, Rusiyanı Ukraynaya hücumuna və xaricdəki təxribat fəaliyyətinə görə cəzalandırma strategiyasının bir hissəsi olaraq onlarla ölkə rusiyalı diplomatları və səfirlik rəsmilərini ərazilərindən çıxarıb.
Bəzi ölkələr Rusiya səfirliyinin rəsmilərini casusluqda ittiham edib. Digər ölkələr buna əsas kimi 1961-ci ilin diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasını əsas gətiriblər. Bir qism ölkələr isə Rusiya hərbçilərinin Kiyev vilayətində törətdiyi qəddarlıqlara görə diplomatların ölkədən çıxarılmasını elan ediblər.
Ümumilikdə, nəşrin hesablamalarına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 20-yə yaxın ölkədən 400-dən çox rusiyalı diplomat öz vəzifələrini tərk etmək məcburiyyətində qalıb.
Siyahıda adı ən çox qeyd edilən ölkə ABŞ-dır. ABŞ beynəlxalq arenadakı əsas rəqibinə qarşı sanksiyalar da tətbiq edib.
Martın 4-də Monteneqro Rusiyanın Podqoritsadakı səfirliyinin bir əməkdaşının diplomatik normaları pozduğunu əsas gətirərək “persona non-qrata” elan edib. Martın 14-də Slovakiya Rusiya səfirliyinin üç əməkdaşını ərazisindən çıxarıb və səfirliyi əməkdaşlarının diplomatik konvensiyalara əməl etmələrini təmin etməyə çağırıb.
Latviya, Litva, Estoniya, Bolqarıstan da siyahıda yer alıb. Martın 18-də Latviya, Litva və Estoniya birlikdə “diplomatik statuslarına zidd hərəkətlər və Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar” ümumilikdə 10 rusiyalı diplomatı ərazilərindən çıxarıb. Həmin gün Bolqarıstan 10 rusiyalı diplomatı geri göndərəcəyini açıqlayıb.
Martın 23-də məlum olub ki, Polşa “özünü diplomat kimi təqdim edən rusiyalı 45 casusu” ərazisindən çıxarıb.
Belçika, Niderland, Çexiya, İrlandiya da bu ölkələrə qoşulublar. Martın 29-da Belçika 21 rusiyalı diplomata casusluq və ya digər qanunsuz fəaliyyətə görə ərazisini tərk etməyi əmr edib. Niderland da kəşfiyyatçı kimi təqdim etdiyi 17 rusiyalını ərazisindən çıxardığını bildirib. Çexiya da bir diplomatı ölkədən çıxarıb. İrlandiya dörd yüksək rütbəli rusiyalı məmura “beynəlxalq diplomatik davranış standartlarına uyğun gəlməyən” hərəkətlərə görə ərazisini tərk etməli olacaqlarını bildirib.
Aprelin 4-də Almaniyanın xarici işlər naziri Annalena Burbok Berlinin 40 rusiyalı diplomatı “arzuolunmaz şəxslər” elan etdiyini bildirib.
Danimarka, İtaliya, Sloveniya, Portuqaliya, İspaniya, İsveç və Avropa Birliyi (AB) də həmin siyahıda yer alıb. Ukraynanın Buça şəhərində mülki əhalinin öldürülməsinin nəticələri ortaya çıxmağa davam etdikcə, AB-nin diplomatik xidməti ilə birlikdə daha çox Avropa ölkəsi rusiyalı diplomatları və əməkdaşlarını ərazilərindən çıxarmağa başlayıb.
Aprelin 6-da Norveç üç rusiyalı diplomatı diplomatik statusları ilə “uyğunsuz” fəaliyyət göstərdiyini əsas gətirərək “persona non-qrata” elan edib.
Yunanıstan Rusiyanın ərazisindəki diplomatik və konsulluq nümayəndəliklərinin 12 əməkdaşının “persona-non-qrata” olduğunu açıqlayıb.
Aprelin 8-də rəsmi Tokio səkkiz rusiyalı diplomatı ölkədən çıxardığını elan edib. Xarici İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, bu qərar Rusiya səfiri Mixail Qaluzinə yox, bir neçə ticarət nümayəndəsinə aiddir.