Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi

Dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətin və önəmlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, qarşıdurmalar fonunda xarici dövlətlərin kəşfiyyat orqanlarının daxilimizdəki simasız dairələrlə birləşərək törətdiyi əməllər nəticəsində ölkəmizdə yaranmış ümumi gərgin vəziyyət bunu bir daha təsdiq edirdi. Azərbaycan xalqı tarixi şansdan istifadə edərək ikinci dəfə qazandığı müstəqilliyi həmin illərdə əldən vermək üzrə idi. Bu dəfə düşmənlərimizin bizim üçün daha dəhşətli plan hazırlaması isə ölkəmizə, xalqımıza və dövlətimizə faciəvi sonluq vəd edirdi. Bəli, belə bir vəziyyətdə, 1993-cü il iyunun 9-da türk dünyasının böyük oğlu ulu öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıdışı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi.

İyun hadisələri – anarxiya, hərc-mərclik, xaos

XX əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşamış və xarici müdaxilə nəticəsində süquta uğramışdısa, bu dəfə yenə iki ildir müstəqilliyini bərpa edən Azərbaycan Respublikası maraqlı xarici qüvvələrlə yaxından əməkdaşlıq edən daxilimizdəki xəyanətkarların əməlləri nəticəsində azadlığını itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyət o həddə çatmışdı ki, müəyyən dağıdıcı dairələr ölkəmizin bəzi regionlarını necə ələ keçirmək barədə düşünürdü.

Təbii ki, bu kimi dəhşətli proseslərin baş verməsinin əsaslı səbəbləri var idi. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni elə bir bərbad vəziyyətə salmışdı ki, bəzi beynəlxalq siyasi şərhçilərin dediyi kimi, artıq müstəqilliyimizi ancaq möcüzə xilas edə bilərdi. O vaxt Azərbaycan, demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Respublikada qanunsuz silahlı quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, parçalanırdı. Əhalinin ərzaq, xüsusilə çörək qıtlığı ilə üz-üzə qalması, daxili sabitliyin pozulması, həqiqəti söyləyən alimlərin, ziyalıların təqib edilməsi, “sadvalçıların” “əlikramçılarla” separat sövdələşmələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, kənd təsərrüfatının, sənayenin tənəzzülü, ölkəyə ərzaq taxılı əvəzinə qarışıq yem gətirilməsi və bir çox dəhşətli faktlar həmin illərin reallığı idi.

O vaxt Azərbaycan əhalisi artıq iqtidardakıların hansı qabiliyyətin sahibi olduğunu yaxşı bilirdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini itirdiklərinə görə də hakimiyyətdən getməli oldular. Çünki xalq yaxşı bilirdi ki, iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində həmin dövrdəki hakimiyyətə qarşı dərin nifrət kök salmışdı. Bu nifrət o dərəcədə güclü idi ki, xalq indiyədək keçirilən bütün seçkilərdə həmin düşərgəyə birmənalı olaraq “yox” deyir.

Qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi

1993-cü il iyunun 4-də Gəncədə başlayan qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi. AXC-Müsavat iqtidarı bu addımın qarşısını almaq üçün heç bir iş görmək gücündə deyildi. Çünki siyasətdə təcrübəsizliyə, səriştəsizliyə, qorxaqlığa və qətiyyətsizliyə yer yoxdur. Şəxsi maraqların ictimai maraqlardan üstün tutulması, xəyanətə yol verilməsi, dövlətçiliyimizi təhlükə qarşısında qoyan addımların atılması mütləq mənfi nəticələrini göstərəcəkdi. Bütün bu “keyfiyyətlər” isə AXC-Müsavat iqtidarında özünü qabarıq göstərmişdi. Gəncədə baş verən hadisələrdən sonra onların ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmələri də xalqın təkidli tələblərindən daha çox öz canlarının hayına qalması səbəbindən idi. Halbuki məhz AXC-Müsavat hakimiyyəti 1992-ci il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişinə cəhd göstərmişdi. Onların məqsədi naxçıvanlılar tərəfindən yekdilliklə Ali Məclisin Sədri seçilən Ulu Öndərimizi bu vəzifədən uzaqlaşdırmaq idi. Ancaq alınmadı. Bu hadisədən xəbər tutan Naxçıvan camaatı ayağa qalxdı və dağıdıcı ünsürlərə tutarlı cavab verdi.

Görkəmli dövlət xadimi Heydər Əliyev o dövrün Azərbaycanını belə xarakterizə edirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Hər kəs Ulu Öndərin Naxçıvandan Bakıya gəlməsini israrla tələb və xahiş edirdi

İyunun 4-də Gəncədə baş verən hadisələrdən sonra ölkədə hamı ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini israrla tələb və xahiş edirdi. O zaman dövlətimizin nicat yolu ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində, xalqımızın ümid yeri isə o böyük insanın siyasi dühasında, liderlik məharətində, dövlətçilik təcrübəsində, şəxsi keyfiyyətlərində idi. Təkcə Bakıdan deyil, ölkənin hər yerindən Naxçıvana göndərilən minlərlə məktubun müəlliflərini bir amal birləşdirirdi: “Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasa Azərbaycan xilas ola bilməyəcək”. Sadə insanlar “Sizin Bakıya qayıtmağınız biz insanlardan daha çox anamız Azərbaycana lazımdır” – deyə gözlənilən faciənin miqyasını dilə gətirirdilər. Ölkə ziyalıları dövlət sükanı arxasında görmək istədikləri yeganə insanın məhz görkəmli dövlət xadimi Heydər Əliyev olduğunu bu şəkildə yazırdılar: “Möhtərəm Heydər Əliyev! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz” (“91-lər”in Heydər Əliyevə məşhur müraciətindən).

Ali Sovetin deputatları, hökumətin üzvləri, hətta o dövrdəki prezident başda olmaqla bütün dövlət adamları ulu öndər Heydər Əliyevə müraciət göndərir, onun Naxçıvandan Bakıya gəlməsini israrla xahiş edirdilər.

Ümummilli Liderin Bakıya qayıdışı – 9 iyun 1993-cü il

Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə, əsirgəməyən Ulu Öndər 1993-cü il iyunun 9-da muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Məhz milli tariximizin bu unudulmaz günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi.

Təbii ki, bütün bunlar böyük Qurtuluşdan sonra real həyatda da öz əksini tapa bildi. Ancaq ölkədə hamı bu fikirdədir ki, xalqımızı nicata aparan yol bilavasitə iyunun 9-da başlandı. Həmin gün ulu öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə Qayıdışında tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə Qayıdışı şərəfli xilaskarlıq missiyasına, Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.

Heydər Əliyev həmişə xalqın yanında olub

Bütün siyasətçilər haqlı olaraq adıçəkilən addımların qurtuluş məfkurəsinə istinad edərək atıldığını söyləyirlər. Bu da təsadüfi deyildi. Çünki xalqımız və ziyalılarımız Ulu Öndərin siyasi uzaqgörənliyini hələ ötən əsrin 70-ci illərində görmüşdü. Milli tariximizlə tanış olan hər kəs yaxşı bilirdi ki, son dörd-beş onillikdə respublikamızın taleyüklü məsələlərlə bağlı bütün məqamlarında ümummilli lider Heydər Əliyev xalqın yanında olub. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan Ümummilli Lider öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail oldu, geniş vüsət alan inkişaf proseslərinə təkan verdi. O, ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışdı və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etdi. Ona görə də 1993-cü ilin iyununda Ulu Öndərin Naxçıvandan Bakıya qayıdışı xalq tərəfindən alqışlarla qarşılandı.

Xalq bilirdi ki, nəinki müstəqilliyin ilk illərində üzləşdiyimiz bəlalar, hətta ondan bir neçə il əvvəllər başımıza gətirilən müsibətlər də məhz Ulu Öndərin böyük siyasətdən kənarda olmasının nəticəsi idi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz dahi şəxsiyyətin siyasi hakimiyyətdən məcburi uzaqlaşdırılmasından sonra baş verməsi təsadüfi deyildi. O, Azərbaycanda və ya Moskvada hakimiyyətdə olarkən heç kim bu barədə danışmağa belə cürət edə bilmirdi. 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən qanlı faciəyə biganə qala bilməyən Ulu Öndər hadisələrin gərginliyinə, müxtəlif təhlükələrə baxmayaraq, ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etdi. Onun həmin tarixi çıxışı Azərbaycanın siyasi həyatında yeni dövrün başlandığını bildirən ilk çağırış, milli azadlıq hərəkatına verilən möhtəşəm dəstək idi.

20 Yanvar hadisələrindən sonra Ümummilli Liderimizin Azərbaycana qayıtması, keçmiş sovet sisteminin oyuncağı olan yerli rəhbərliyin xəyanətkar hərəkətləri, ona Bakıda yaşamağa imkan verilmədiyi indi hamıya məlumdur. O da məlumdur ki, Ümummilli Lider Moskvada sakitcə yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Azərbaycanın taleyini düşündü. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, yerli əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Hətta naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində Ulu Öndəri özlərinə rəhbər seçdilər. Ümummilli Lider hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, onu düşməndən qorudu, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə başladı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə ifadə etsək: “Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı”.

Böyük dövlət xadiminin məhz Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə dahi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Naxçıvanın tarixi dövlətçilik ənənələrini müasir dövrün tələblərinə uyğun inkişaf etdirən dahi şəxsiyyət xalqın ona bəslənən bütün ümidlərini doğrultdu, Azərbaycanı yox olmaqdan xilas etdi.

Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakirələr gedən, fikirlərin ən çox haçalandığı və vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə dahi rəhbər Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Ulu öndər Heydər Əliyev qısa zamanda dövlət quruculuğu prosesinə start verdi, Milli Ordumuzu formalaşdırdı, düşmən işğalının qarşısını aldı. Ölkədə nisbətən sabitlik yarandı. 1993-cü ilin oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Ulu Öndər ölkə Prezidenti kimi Vətəni və xalqı naminə yenə əvvəlki coşqunluqla, əzm və mətanətlə, işgüzarlıqla gecə-gündüz yorulmadan çalışmağa başladı.

Heydər Əliyev yolu ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur

Bu gün respublikamızda dahi şəxsiyyətin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin qətiyyətlə davam etdirilməsi Azərbaycan xalqının xoşbəxtliyidir. Ölkəmizin firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində bu gün respublikamız regionun lider dövlətinə çevrilib, ölkəmizin nüfuzu daha da artıb. Bu gün respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Xalqımız, dostlarımız və bədxahlarımız çox yaxşı bilirlər ki, Azərbaycanın bugünkü uğurlarının hamısının təməlində ulu öndər Heydər Əliyevin böyük siyasətə Qayıdışı və həmin Qayıdışın ölkə əhalisində yaratdığı ruh yüksəkliyi dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.

Bəli, Ulu Öndərimizin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi qüdrətli Azərbaycan Respublikasını daha böyük uğurlara aparır. Bu siyasət sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın inkişafına xidmət edəcək. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, – deyən ümummilli lider Heydər Əliyevin adı və əməlləri daim yaşayacaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir