Şənbə , 18 May 2024
Drone Cameras

Ulu öndərin yerinə yetirilən arzusu

Müstəqilliyi bərpa etdikdən keçən illər ərzində Azərbaycan milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirib, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilib. Əldə edilmiş nailiyyətlər ölkə daxilində birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə,  ölkə əhalisinin  milli   maraqları ətrafında  sıx birləşməsi üçün mühüm zəmin yaradıb.  

Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bunu aprelin 22-də Dünya Azərbaycanlılarının V Qurultayında –iştirak etmək üçün Şuşaya gələn iştirakçıların hamısı təsdiq edib.

Ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev də ulu öndərin bu siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri tam icrası üçün bütün səy və imkanlarından istifadə edir.

Vətən müharibəsində Azərbaycan xalqı və dövləti Qarabağın işğaldan azad olunması üçün var qüvvəsini ortaya qoyub. İllər boyu qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdilər. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordu” haqqında uydurmalar, miflər ortaya atmışdılar. Ancaq Azərbaycanda dünya standartlarına uyğun ordu quruculuğu döyüş meydanında bu mifləri dağıtdı.

44 günlük Vətən müharibəsində qazanılan qələbə ordumuzun, dövlətimizin nüfuzunu daha da artırdı. Ölkə başçısı qürurla, fəxarətlə “Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayı, “Zəfər qurultayı” keçirilməsini böyük fəxr hissi ilə bəyan etdi. Çünki tarixi Zəfərdən sonra ilk dəfə idi ki, dünya azərbaycanlıları birgə toplaşır, qurultay keçirirdi. Dövlət başçısı 2003-cü ildə seçkiqabağı platformasında verdiyi vədə əməl etdi: “Mən hər bir azərbaycanlının prezidenti olacağam”. 19 il sonra dünya azərbaycanlılarının qarşısında, azad Şuşada çıxış etdi.

Şuşa Zirvəsində dövlət başçısı Qarabağda qazanılan ədalətli qələbəmizdən danışarkən bəyan edib ki, Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə, öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyil. Prezident onu da qeyd etdi ki, ötən illərdə beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu ağır vəziyyətlə barışdırmaq məqsədi güdürdü.

Bu gün reallıq belədir ki, dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq… Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq”.

Ölkəmiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması, bərpa edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir.

Elşən SƏFƏROV,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …