Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“UŞAQPULU MƏSƏLƏSİNİN BU QƏDƏR UZADILMASI ANLAŞILAN DEYİL…” – “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir”

Son günlər ölkə gündəmində daha çox müzakirə olunan məsələlərdən biri də uşaqpulu mövzusudur. Bu məsələ iqtisadi, sosial mövzu olmaqdan çıxıb bütün ölkənin mövzusuna çevrilib. Uşaqpulu verilməlidirmi? Dövlətin buna maddi imkanı varmı? Qərar qəbul olunarsa uşaqpulu nə qədər və hansı əsaslarla müəyyənləşməlidir? Bu suallara cavabı Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ilə araşdırdıq.

Samir bəy, ilk sualı elə sadə şəkildə qoyaq: uşaqpulu verilməlidirmi?

-Azərbaycanda uşaqpulu verilməsinin uzun bir ənənəsi var. Sovetlər dönəmində bu ödəniş edilib. Azərbaycan cəmiyyətində yüksək mövqe tutan tanınmışlarımızın bir çoxu kasıb ailədən çıxıb və bu ailələrdə həmin uşaqpulu ciddi maddi dəstək olub. Mən doğulduğum cənub bölgəsində elə ailələr olub ki, 10-dan artıq uşaq böyüyüb bu ailələrdə. Həmin uşaqlar sovet vaxtı uşaq pulu ilə böyüyüb. Bir çox keçmiş SSRİ respublikalarında bu problem öz həllini tapıb. Məsələn, Rusiyada 1-ci uşağa bizim pulla götürdükdə 8 min manat, 2-ci və sonrakı uşaqların hər birinə 13 min manat, 3-cü uşaqdan sonra ev və ya torpaq sahəsi, həmçinin digər sosial imtiyazlar verilir. Bunun üstünə hər uşağa görə ayda 300 dolları da gəldikdə əməlli-başlı sosial yardım olur.

1-ci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Bu da müvafiq olaraq 2000 və 3000 dollar təşkil edir. Qazaxıstanda 1-ci, 2-ci və 3-cü uşağa görə 300 dollar, 4-cü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. 3 və daha çox uçağı olan ailələrə bir sıra başqa güzəştlər verilir.

Ukraynada ailədəki 1-ci uşağa görə ödənilən məbləğ 1800 dollar, 2-ci uşağa görə 3750, 3-cü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Eyni zamanda 1-ci uşağa görə 12 ay, 2-ciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödəyir. Bu faktlar Azərbaycan hökumətini düşünməyə məcbur etməlidir. Azərbaycan kimi neft ölkəsinin uşaqpulu məsələsini bu qədər uzatması anlaşılan deyil. Birmənalı şəkildə bununla bağlı müsbət qərar verilməlidir.

Geniş müzakirə olunan məsələlərdən biri də uşaqpulunun hansı qaydada verilməsidir…

-Bunun da örnəkləri var və bu örnəkləri araşdırıb birinin üzərində durmaq olar. Dünyada uşaqpullarının verilməsinin üç fərqli istiqaməti var. Bir qrup ölkələr uşaqpullarını ailədəki uşaqların sayına görə müəyyənləşdirirlər. Məsələn, hansı ölkələrdə ki, demoqrafik artım müşahidə olunur, o ölkələrdə uşaqların sayı artdıqca uşaqpullarının məbləği azalır. 

Hansı ölkələrdə isə demoqrafik artım yoxdur, o ailələrdə uşaqların sayı artdıqca uşaqpullarının məbləği çoxaldılır. Digər bir yanaşma ondan ibarətdir ki, uşaqpulları ailələrin gəlirliyi ilə əlaqələndirilir. Aztəminatlı ailələrə daha çox uşaqların qayğısını çəkmək üçün uşaqpulu adı ilə vəsait ödənilir. Uşaqpullarının məbləği həm də ailənin gəlirləri ilə əks mütənasiblik təşkil eləyir. Ailənin gəlirləri az olanda uşaqpullarını daha da çoxaldırlar. Üçüncü yanaşma uşaqların sayına görə vergi güzəştləridir. Daha doğrusu, ödənilmiş verginin bir hissəsinin geri qaytarılması praktikasıdır. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Yəni 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir. 6-10 yaşlı uşaqlara nisbətən çox, orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir.

Bu məsələ ilə bağlı dövlət rəsmilərinin əks arqumentlərindən biri vətəndaşlara ünvanlı sosial yardım verilməsidir. Bu yardımın verilməsi uşaqpulunun verilməsini təkzib edir?

-Çox cəfəng arqumentdir. Bunlar tamam fərqli məsələlərdir. Uşaqpulunu ünvanlı dövlət sosial yardımı ilə eyniləşdirmək və qarışdırmaq lazım deyil. Ünvanlı dövlət sosial yardımı nəyə görə verilir? Ona görə ki, o ailələrin çörək almağa, yeməyə, paltar almağa pulu yoxdur. Bir sözlə, ünvanlı dövlət sosial yardımı dolana bilməyən ailələrə verilir.

Söhbət isə uşaqpulundan gedir. Bu müavinətin ünvanı bəllidir-uşaqlar… Biz uşaqpulunun verilməsini uşaqların sağlam qidalanması, geyinməsi, böyüməsi üçün istəyirik. Söhbət uşağın yetişməsi, normal böyüməsi, inkişaf etməsi üçün vəsaitdən gedir. Bu, dövlətin demoqrafik vəziyyəti sağlamlaşdırması, əhali artımının stimullaşdırması, sağlam gələcəyə kapital yatırılması tədbiri kimi nəzərdən keçirilir. Son illərdə azuşaqlı ailələrin sayı artıb, artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, burada əsas səbəb sosialdır- yəni maddi çatışmazlıqdır. 80-ci illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 40 faizdir. 2 uşaqlı ailələrin çəkisi də azı 2 dəfə artıb. Azərbaycanda 15-49 yaş arası hər 1000 qadına düşən doğum sayı da sürətlə azalmaqdadır. Uşaq doğulmasına görə, birdəfəlik yardımın artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir. Bizdə bunu etmək üçün hər cür imkanlar var.

Digər bir əks arqument də uşaqpulunun verilməsi üçün vəsait çatışmamazlığı, maliyyə mənbələrinin olmamasıdır.

-Fikrimcə bu da bəhanədir. Hazırda Azərbaycanda 0-18 yaşlı uşaqların sayı 3 milyona yaxındır. Bu halda əgər orta hesabla bir uşağa 100 manat pul ayrılarsa, il ərzində 3 milyard manata yaxın vəsait tələb olunur. Əlbəttə bu az vəsait deyil. 

Amma dövlət büdcəsi üzərində bir balaca peşəkar redaktə aparılsa bu vəsait ortaya çıxar. Hazırda pandemiya ilə bağlı yaranmış sosial xarakterli problemlərinin xeyli hissəsini uşaq pulunun bərpa edilməsi hesabına həll etmək olar. Bu həm də post-pandemiya dövrü üçün də işləyə bilən ən yaxşı mexanizm kimi özünü göstərə bilər.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …