Əgər tərtəmiz bir küçədə gəzirsənsə, küçədə yol kənarında dilənən insanlar görmürsənsə bil ki, Naxçıvan şəhərindəsən. Naxçıvana ən azı bir dəfə gələn hər kəs arasında bu cümlələr tez-tez işlədilir.
Haqqında çoxlu mif və hekayələr eşitdiyim, Azərbaycanın tərkibində, amma ayrıca muxtar respublika olan Naxçıvanla tanış oldum. Tanışlığımız Azərbaycan Dövlət Turizm Agentliyi və Naxçıvan MR Turizm Departamenti tərəfindən təşkil edilmiş mediatur vasitəsilə iki gün müddətində baş tutdu. Ətrafımdakı insanlar və sosial şəbəkələrdəki yazılardan belə bir təsəvvür yaranmışdı ki, Naxçıvan Azərbaycanın “Şimali Koreyası”dır, oraya getmək qeyri mümkündür. Məhz bu təsəvvürümə görə, Naxçıvanı görmək mənə ikiqat cəlbedici gəlirdi.
İlk öncə deyim ki, Bakıdan Naxçıvana uçuş müddəti 1 saatdır. Əgər Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə bura gələcəksinizsə təktərəfli biletin qiyməti 50 manat, ümumilikdə gəliş-gediş qiyməti 100 manat təşkil edəcək. Yolboyu AZAL-ın əməkdaşları sizə çay/kofe, bulka və meyvə şirəsi təklif edir.
Naxçıvanda ilk tanış olduğum mənzərə burada süni qazonlara deyil, təbii ağaclara üstünlük verilməsi idi. İkinci məqam isə yolların təmizliyi, zibil qabı mədəniyyətinin olması idi. Yerdə siqaret kötüklərinə belə rast gəlmək mümkün deyildi.
Ən maraqlı tərəfi isə yol qıraqlarında dilənənlər, sənə tərəf qaçıb pul təĺəb edən istismar edilən azyaşlı uşaqlar gözə dəymirdi.
Səhər saatlarıını Naxçıvanın Saat Meydanında keçirdik. Klassik musiqilərin fonunda acı qəhvə ilə Naxçıvan səhərini Saat Meydanında qarşılaya bilərsiniz.
İki günlük müddətdə naxçıvanlılara və türk mətbəxinə məxsus təamlar daddıq. Naxçıvanda çöçə, avdıx, “sulu cəviz” ( zərif, sulu, qabıqları soyulmuş qoz), toy bozbaşı, yarpaq sarması və qoz mürəbbəsinin dadına baxılmalıdır. Buranın mətbəxi əsasən digər milli mətbəxlərdən öz böyük porsiyalarına görə fərqlənir.
Şəhərin mərkəzi küçələrində gəzərkən türk kinolarında gördüyünüz sarı taksilərə rast gələcəksiniz. Əgər Bakıdakı kimi oturduğunuz məkandan taksi çağırmaq istəyirsizsə 288-ə yığmaq kifayətdir.
Naxçıvanda Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, Yusif Küseyr oğlu türbəsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xanəgah Memarlıq Kompleksi, Naxçıvan Biznes Mərkəzi və Sahil Parkı ilə tanış olduq.
Şəhər Bakı kimi böyük olmadığından bütövlükdə şəhəri piyada belə gəzə bilərsiniz. Yəni o qədər balaca şəhərdir ki, Bayraq meydanından Möminə xatuna avtobusla 5-6 dəqiqəyə çatmışdıq.
“Xan sarayı”na gedəndə orada kiçik hədiyyələr mağazasını görəcəksiniz. Mağazanın sahibi Aygün Dünyamalıyeva tullantılardan-balıqqulağılar,banka, ağacqozaları və digər belə əşyalardan müxtəlif ev aksesuarları düzəldir. Zövqlü əl işləri ilə tanış olmaq və yaxınlarınıza kreativ hədiyyələr almaq istəsəniz mütləq oraya baş çəkin.
Naxçıvan deyəndə ağıla gələn Möminə xatun türbəsinin əzəmətini görmək və hiss etmək üçün sadəcə, divarlarına toxunmaq kifayətdir. Əsrlərdir qədimiliyini və özünü saxlayan bu türbənin necə hündür olmasına baxmaq üçün başınızı göy üzünə qaldırdığınızda Möminənin üzərindən süzülən Günəşin al şəfəqləri üzünüzə saçacaq.
Yolumuz Əlincə qalasınadır. Teymurilər dövlətinin banisi Əmir Teymurun 14 il zəbt edə bilmədiyi qala kimi tanınır.
İlk dəfə Əlincə qalasına qalxan insanlar 2 saata qədər vaxt sərf edə bilər. Qalaya qalxmaq üçün əvvəlcə təxmini iki minə yaxın, daha dəqiq desək 1747 pilləkanı qət etməlisiniz. Qalaya gələn yerli qonaq və xarici turistlərin ziyarətini asanlaşdırmaq üçün qayaların yarılaraq düzəldilməsi ilə bu pilləkanlar ərsəyə gəlib. Qala dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Əgər bu pilləkan yolu uğurla tamamlasanız, növbəti etapda qalan qayalıqları dırmaşmalısınız. Bunun üçün sağlam geyim və ayaqqabılara ehtiyacınlz olacaq. Amma qayaların pik ucunda açılan o möhtəşəm mənzərəni görmək üçün itirilən saatlar və tərə dəyər. Amma ən çətin hissəsi o qayalıqları üzü aşağı düşmək prosesidir. Əgər ilk dəfə dağ-qaya qalxırsınızsa mütləq bələdçilərdən yardım istəməlisiniz.
Naxçıvanı gəzdikcə yolboyu sizi nəhəng Haçadağı müşayiət edəcək.
Naxçıvanın axşamları isə özəlliklə sakit olur. Yerli insanlar deyir ki, soyuq fəsillərdə insanlar ev-eşiyinə tez yığışır. Amma əgər siz də payızın ilıq zamanında Naxçıvana gəlmisinizsə, işıqlı və sakit Naxçıvanın axşamlarını kəşf etməyinizi tövsiyə edirəm. Bunun üçün “Əyləncə adası” deyilən məkana baş çəkə bilərsiniz. Girişində rəngli, geniş çarxla qarşılaşacaqsınız. Uşaqlıq dövrünüzə səyahət etmək istəyirsinizsə, o çarxa minib zamanı “dondura” bilərsiniz.
Səfərimizin ikinci günündə “Badamlı” mineral sularının hazırlandığı zavoda baş çəkdik. Zavodda 64 yaşlı Vasif Əliyevlə tanış oldum. Deyir, sovet vaxtı hərbi xidmətini bitirdikdən sonra bu zavoda gəlib işləməyə başlayıb, elə o vaxtdan Badamlı qəsəbəsində yaşayır. Zavod bir müddət qəsəbədə fəaliyyətini dayandırdıqdan sonra o da Bakıya gəlib. Bakıda 15 il metro tunelində fəhlə kimi çalışıb. 2019-da Badamlı zavodu təkrar Şahbuzun Badamlı qəsəbəsində fəaliyyətə başlayanda, Vasif kişi də öz həyat yoldaşını da götürüb ata yurduna qayıdıb. Özünü Badamlının ən vəfalı sakini adlandırır.
Naxçıvan daha çox mövsimi turistik zona hesab edildiyindən yerli və xarici qonaqlar istənilən mövsümdə buralara səyahət edə bilmirdi. Artıq turistlərin ilboyu gələ biləcəyi regiona çevirmək üçün respublika ərazisində “Ağbulaq xizək mərkəzi” istifadəyə verilib. Ağbulaq kənd istirahət mərkəzinə getmək üçün kanatdan istifadə etdik. 1800 metr yüksəklikdə Naxçıvanın təbiətini, dağların əzəmətini kanatla daha yaxşı hiss etmək olurdu.
Burada kiçik adanın olmasından xəbriniz var idimi? Naxçıvanın Şahbuz rayonunda Batabat adlı şirinsulu bir gölü var. Çəmənliklərlə əhatələnmiş o gölün içində isə bir “üzən ada” var. Deyilənə görə, bu ada tez-tez yerini dəyişir. Amma göl ətrafında bir sıra tədbirlərə ehtiyac var. Görünür, insanlar orada dincəlməyə gələndə yeyib-içdikdən sonra tullantılarını özləri ilə götürməyə ərinirlər. Gölün ətrafındakı plastik butulka və şüşələr təmizlənsə ora cənnətə çevrilər.
Naxçıvanın məşhur müalicəvi ocağı-Duzdağa da baş çəkdik.. Mağara tipli, qaranlıq, hər tərəf duz qoxulu bir yer idi.
Bu dağ təkcə təmiz duzuna görə deyil, həm də şəfaverici xüsusiyyətinə görə tanınıb. 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində hazırda bronxial-astma və ağ ciyər-bronx sistemi xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar.
Fizioterapiya mərkəzinin içərisində otel də fəaliyyət göstərir. Müalicə kursu hər 6 aydan bir təkrarlanır.
Dini turizmi sevərlər üçün Əshabi-Kəhf adlı dini-mədəni abidə var. Hündür qayalıq, yaşıllıq, mini məscid və dağdağan ağacı. Ziyarətgahın bağındakı ağaçcların kölgəsində ətirli və təzə çayla müxtəlif çeşidli mürəbbələr dada bilərsiniz.
Naxçıvandan Bakıya qayıdarkən oranın yerli məhsullarından almaq istəsəniz “Sizin Market” adlı mağazaları var. Orada sırf Naxçıvan məhsulları satılır. Badam və digər meyvə qurularından hazırlanmış sucukları, bitki çay və qoz mürəbbələrindən ala bilərsiniz.
Səfər müddətində tanıdığım naxçıvanlılar mənə qarşı səmimi münasibət göstərdilər. Ləhcələri soyuq və qalın olduğu qədər, davranışları bir o qədər səmimi idi. Meqapolis şəhərlərdən qaçıb ruhunuza istirahət vermək istəsəniz “Şərq qapısı”nı döyməyiniz kifayətdir.
Samirə Əli