Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Üzünü belə görmədiyim ölüb-dirilmiş Ağdamdan 13 mart 2021-ci il REPORTAJI

Ceyhun Musaoğlu

Bir də baxdım quru cismim qalıb. Ruhum Ağdama sarı pərvaz etmişdi. Tez qayıtdı amma – uça-uça getmişdi, qaça-qaça qayıtdı. Cismindən nigaran idi, həm, “ürəyi dayanar birdən”- həyəcanı,  həm də gördüklərini yazdırmaq istəyi onu geri dönməyə vadar etmişdi. Sonradan pıçıltıyla dedi ki, əslində RUHLAR ŞƏHƏRİNDƏ qalmaq üçün getmişdi. Ruh ruhların içində azad olar, xoşbəxt olar. 

Sağ olsun, jurnalist ruhu olduğunu unutmayıb, murdar iblisin xarabaya çevirdiyi DÜNYANIN ƏN VARLI ŞƏHƏRİNİN xilası uğrunda qəhrəmanlıq göstərən Azərbaycan xalqına minnətdarlıq borcunun mindən birini mənə yazdıracağı reportajla ödəmək üçün geri dönüb. 

Martın 13-də cismindən çıxıb, Prezidentin tapşırığına əsasən işğaldan azad edilmiş Ağdam rayonuna gedən media nümayəndələri, QHT təmsilçiləri, bloger, ictimai fəallara qoşulmuşdu. 

Elə sevincliydi, deyirdi xarabalıqların necə cənnətə çevriləcəyini görüb gəlib. “Yaz, yaz” deyirdi. “Səni yaşadan mən deyiləmmi, yaz ki,  yerlə-yeksan edilən Ağdam jurnalistlərin gələcəyini, dərdini kainata anladacaqlarını, doğmaları ilə görüşəcəyini bilib yenidən yaranıb.

Xoş gəlmisən, ruhum. Ağdamın hər daşına dəyən qədəmlərin mübarək!  Danış. Danışılmayanları danış, yazılmayanları yazım.

– Əlbəttə görünmürdüm, onlarısa görürdüm. 28 ildən sonra 44 günlük Vətən müharibəsi QƏHRƏMANLARININ girovluqdan azad etdikləri Ağdamı ciyərlərinə çəkməyə, beyinlərinə hopdurmağa, torpağını qucaqlayıb xısın-xısın ağlamağa dolmuş söz adamları dalğın idilər. Aralarında o yurdda doğulanlar, yaşayanlar, böyüyənlər var idi. Viran qalan evini, küçəsini, məktəbini, uşaqlığını, gəncliyini, doğmalarının   məzarını görmək həsrətinin həyəcanında hərdən nəfəsləri kəsilir, hərdən ucadan danışır, hərdən elə susurdular, sanki heç vaxt danışmayacaqlar.  Barmaqaları telefonun düymələrində donub qalanları, gözlərini yumub xəyala dalanları, Qarabağın tarixini bir dəqiqəyə sığışdırıb tam təfsilatı ilə danışanları, xəyalın qanadında Vətən səmasında qeybə çəkilənləri, köks ötürənləri, ah çəkənləri, şirin gülüşünü qəfil yarıda saxlayıb kədərə bürünənləri DÜNYANIN VARINDAN YOX OLAN ƏN VARLI ŞƏHƏRİNƏ aparırdı mələyə dönmüş avtobuslar.  

Aralarında olduğumu kimsənin bilməsini istəmirdim. Çağrılmayan yerdə görünməzlər… Əksəriyyəti sənin beyin əkizlərindir, hələ ən doğma həmkarın da oradadır – bir “tık”dan hiss edərdilər, hiss edərdi. Beləcə ölçüyəgəlməz sürətlə uçub Uzundərədə – 2-ci Şəhidlər xiyabanında endim. İgidlər sağ idilər. Xoşbəxt görünürdülər. Hər birinin əllərini alnıma sıxmaq istədim. Nə əllərim vardı, nə alnım. Səndə qoyub gəlmişdim, cismim… 
Eləcə, onların nura boyanmış hüsnü camalına, qəddi-qamətlərinə tamaşa edirdim. Elə şövqlə danışırdılar, hər sözün əvvəlini də QƏLƏBƏ nidası bəzəyirdi, sonunu da. 

Erməni vəhşilərinin şəhərin girişində, 1991-ci ildə partlatdığı avtovağzalın səhralığındayam. Anidən ətraf zülmətə dönür, kainat vəhşətdən silkələnir, ardınca günəş çıxır, şüaları son model avtobusların şüşələrində bərq vurur. İkimərtəbəli avtovağzal binasının əzəməti heyranedicidir. Yerli sərnişinlər, turistlər binadan çıxıb avtobuslara, avtobuslardan düşüb binanın girişinə doğru fərəhlə addımlayırlar. Ticarət köşklərinin arxasında ucalan təpənin üzərində quraşdırılmış böyük monitorda avtovağzalın 3 mərhələyə bölümüş tarixini əks etdirən çarx göstərilir. Erməni terrorçularının törətdiyi partlayışdan əvvəlki təmtəraqlı, indiki hüznlü və böyük qələbəmizdən sonra bərpa olunmuş modern üslublu avtovağzal kompleksinin görüntüsü məkana daxil olanların diqqətini özünə çəkir. 

Bu da vandalların son daşına qədər söküb-dağıtdığı Ağdamın yox olan 50 nömrəli kənd orta texniki peşə məktəbi. Yer titrəyir, göy guruldayır, çöhrələrində məsum gülüşlü insanlar qucaqlarına tökülən daşları pambıq yüngüllüyü ilə hörə-hörə məktəb ucaldırlar. 5 mərtəbəli bina hazırdır. Açılış olub, tələbələr sənət öyrənməyə gəliblər. Həyətdə meyvəli ağacların, əlvan güllərin əhatəyə aldığı sexlər, müxtəlif növ təlim maşınları, bu vasitələrdən yararlanan təcrübəçi gənclərin bir-birinə şirin ləhçəylə, “qaqam” müraciətləri və usta müəllimlərin nəsihət məzmunlu fikirləri, müxtəlif alətlərdən təşkil olunan ansanblda hər çalğıçının ifa etdiyi fərqli musiqilərin yaratdığı vahid sənət əsərinə bənzəyir. Onlar ağdamlıdırlar, sənətkarlıq məharətləri yüksəkdir.

Növbəti məkan şəhərin xəstəxanalar kompleksinin viran qaldığı ərazidir. Unutmuşdum, sən də soruşmursan ki, səfər proqramını haradan bilirəm. Ruham da, ağdamlı həmkarlarından biri, proqramda ona doğma olan yer adlarını əlləri əsə-əsə ucadan oxuyanda eşitmiş, anındaca əzbərləmişdim.  

Xəstəxanalar da yoxdur. Əminəm: murdar xislətliləri cəzalandıran Azərbaycan əsgərini yetişdirən xalq elə bu yerdə daha möhtəşəm xəstəxana quracaq. Xəstələnənləri görkəmi, yaşıllığı, tibbi heyətinin peşəkarlığı, insanlığı ilə sağaldacaq xəstəxana. İçəri girənlərə inam, çölə çıxanlara həyat bəxş edən xəstəxana…

Quş südünə qədər tapa bildiyimiz məşhur Ağdam pasajı, şəhər bazarı torpağa çevrilib. Tən ortasındayam. Burulğan başlayır, keçmiş gülə-gülə sağdan, gələcək sevinə-sevinə soldan gəlir. Görüşürlər, əvvəl dərdləşirlər, sonra birləşirlər. Bazar günüdür, Ağdam bazarında iynə atsan yerə düşməz, hər kəs axtardığı malı tapa bildiyinə görə məmnundur. Əlbəttə, əlbəttə pandemiya da bitib, korona da Qarabağın cazibəsi qarşısında əriyib.

Sağlığında orijinallığına görə  şöhrəti qonşu ölkələrə çatan Çay evinin yandırılmış cəsədini görəndə dözə bilmədim: elə bağırdım ki, o füsunkar tikili peyda oldu. Həminki idi. 

Eh… nə deyim axı sənə, Ağdamın işğalından əvvəl bir dəfə də olsun bu möcüzə şəhərdə olmamısan. Ortancıl qardaşın könüllü döyüşmək üçün 1992-ci ildə evdən gizlin Ağdama gedəndə də ardınca atan düşmüşdü. Çay evinin yalnız şəkillərini göstərmisən mənə. Hə, həminkidir. Yerin altından qəhrəman soydaşlarımın çiyinlərində peyda olur. Eynisidir. Qapıları taybatay açıqdır, oturmağa boş yerlər az olsa da var. Çayxana azərbaycanlı kişilərin rahatlıq məkanıdır. Dincəlin ağdamlı igidlər, o qədər zülm çəkmisiniz ki…  Rahatlıq haqqınızdır, o da halalınızdır. 

Uçurdulmuş cümə məscidinə girə bilmirəm. Tarixi abidələr üzərində bir cızıqlıq kənar müdaxilə görəndə belə, dözməyi bacarmıram. Ruhların da ürəyi partlaya bilir. Mənə nə var: bir əlçiməm, sən yazıqsan. Məscidin divarlarının bəlkə də bütün nöqtələrinə toxuna-toxuna həndəvəri dolanıb, elə kandarındaca sənin dilində kainata dua oxuyuram: “Həyatlarını və sağlamlıqlarını yurdlarımızın azadlığına qurban edənləri, əbədi zirvədə saxlamaq əzmimizə zərrə də xələl gəlməyə imkan vermə, yaradan”.

Mərkəzi meydandayam. Burada Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dram Teatrının, İcra Hakimiyyətinin binası olub. Teatrın girişinin sütunları qalıb. Vicdansız mənfur erməni terrorçuları mədəniyyət məbədini gəmiriblər. Haqq dünyasında olan əməkdar artist Tofiq Qarayevin əzəmətli səsini eşidirəm. Vaqif rolundadır. “Vicdan dedikləri bir həqiqətdir, beşiyi, məzarı əbədiyyətdir”… Vicdansızların həqiqəti olmur, böyük sənətkar! Vicdanlı adamlar onlara həqiqəti əvvəl sözlə, qanmayanda dəmir yumruqla diktə edirlər! İndi eşitdiyimsə Qacarın səsidir –  görkəmli aktyor Məmməd Əmirlinin ifasında: “Bu qılınc olmasa, yeyərlər məni”. Erməni vəhşilərini  vaxtında qılınclamadıq deyə Qarabağı yedilər. Qılıncımızı qaldırdıq, haqq zərbəsiylə işğala son qoyduq. Yeni tamaşanın rejissoru da bizik, ssenari müəllifi də, oyunçuları da. 

Sənə deyirəm, heç kim eşitməsin, cismim mənim. İndi torpağa gömülən o illərin Ağdam İcra Hakimiyyətinin dağıdılmış daşları arasında teatr bileti tapdım. Üstünün yazıları yox idi, hansı tamaşa olduğu bilinmirdi, bircə “D” hərfinin soluxmuş bənizindən teatr bileti olduğunu zənn etdim. Saxlayaq, tarixin simvolik biletidir, göstərsək yəqin yeni binada qoyulan ilk tamaşaya buraxarlar bizi. Möhtəşəm tamaşa olacaq. Adını da təxmin edirəm: “Xoşbəxtlik saçan AĞDAMlılar”. Alqışlar dayanmır, aktyorlar səhnədə, tamaşaçılar zalda bir saatdan artıqdır alqışların sədaları altında göz yaşlarına hakim kəsilə bilmirlər. Zalın qapıları açılır, böyük izdiham bir cərgəylə Qarabağ xanlarının abidələr kompleksinə və İmarət qəbiristanlığına doğru yol alır. Ağ damlalar, incə-incə nur damlalar yollarına su çiləyir onların. Abidələr bir-bir dikəlirlər, canlanırlar, qəbiristanlıq çıraqbana dönür.  

Alqış səsləri qəfil susur. Hamı eyni anda, eyni tonda, eyni tezlikdə köks ötürür. Göyün ətəyinə bu sözlər yazılır: “Qarabağı  işğaldan qurtaran orduna şükür, xalqım!”. 

Bilirsən də, sənə görə qayıtmalıyam, mənsiz heç kimsən. Proqram çərçivəsində ziyarətinə gedəcəyim yerlərsə qalıb hələ. “Qarabağ” futbol klubunun “İmarət” stadionundayam. “İmarət”dən əsər-əlamət yoxdur.   Heyvan kimi ot örtüyünü də zibilxana mədələrinə ötürüblər. Tarixin küçələrində yesir günündə veyillənirlər axı, qapıların dirəklərindən özlərinə koma düzəldiblər, azərkeşlərin oturacaqlarından xarabalarında stul kimi istifadə ediblər. Bədbəxtlərin heç vaxt heç nəyi olmayıb. Azərbaycanlınınsa varıdır. Buyurun, ağdamlılar “İmarət”i özləri tikirlər, iş bugünə qədər tikinti sektorunda qeydə alınmayan sürətlə gedir. Bir ay qalıb, “Qarabağ”ın oyunu olacaq. Ağdamın komandası Çempionlar Liqası çərçivəsində İtaliyanın “Yuventus” komandası ilə görüşəcək. …Qolllll, oyunun sonuncu dəqiqəsində “Qarabağ” rəqibin qapısından top keçirdi. Şərhçi stadionda elan edir: Qolu 92-ci dəqiqdə Milli Qəhrəman Allahverdi Bağırov vurub. Şəhidlər əbədi yaşayırlar, bu da növbəti təsdiq. “Qarabağ”ın oyunçuları meydana “hər birimiz Allahverdi Bağırovuq” deyərək çıxıblarmış… 

Son zərbəni yenə Azərbaycan vurdu. Son və həlledici zərbəni. Nəticədə verdiyimiz çörək burunlarından gəldi ermənilərin. Bərəkətə həqarət edənlər cəhənnəmlikdir. Gör Çörək Muzeyini nə hala salıblar… 

Muzey XIX əsrin sonlarında rayonda məşhur nəslin təmsilçisi Məhəmməd Qarayevin inşa etdirdiyi dəyirmanın ərazisində 1982-ci ildə tikilib. Dəyirman mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunub. Kompleksə karvansara da daxil olub.   

Bu faktları sən oxumusan mənə. Muzeyin qapılarının açıldığı zalın ortasında  fəvvarə ,“Sünbül” kafesi, mətbəx, iki yeməkxana, sərgi salonlarını bəzəyən 30-cu illərdə toxumu qatışıqdan ayıran “Triyer” maşını, əmək alətləri – xış, taxıldöyən  lövhə, bıçaq, oraq, II əsrə aid  əl dəyirmanı (“kirkirə”), “çarçar” adlandırılan taxıldöyən, ikinci yarusda cürbəcür un məmulatı, müxtəlif regionlara məxsus çörək növləri, qədim kuzələr, taxıldan hazırlanan eksponatlar, faşizmə qarşı müharibə illərində uşaqlara verilən çörək kartoçkaları, buğda toxumlarından hazırlanmış Azərbaycan xəritəsi, Əfətli kəndi ərazisindəki təpədə qazıntı işləri zamanı aşkar olunan, eramızdan əvvəl VII minilliyə aid daşlaşmış buğda toxumları… terrorçu dövləti Ermənistanın 1992-ci il avqustun 12-də saat 16:40-da atdığı mərmi nəticəsində darmadağın olub. Muzeyin 1500-ə qədər eksponatı yanıb külə dönüb. 

Küldən gördünüz necə od törədi?.. Ocağımız sönmədi, əksinə, alovlandı və Qafqazı terrora çuğlayan quldurları əbədi yandırıb yoxa çıxardı. Çörək yerə düşəndə azərbaycanlı onu götürüb öpər, gözlərinə toxundurub hündür yerə qoyar. Ənənəmiz pozulmaz: Çörək muzeyini yenidən ucaldarıq. 
Birinci Şəhidlər Xiyabanına yön alanda arxaya dönüb dəyirmanın yerinə bir də baxdım, vallah gözümə görünəni deyirəm – bəsirət gözüdür inanın: adamlar yük maşınlarından qədim dəzgahlar boşaldırdılar, eksponatlardır yəqin…

Şəhidlər Xiyabanında qəhrəmanlarımızın məzarları canlanıb. Goreşənlərin yerini düzənlədiyi qəbirlərdə uyuyanların nəsihəti ilə haqqın təntənəsinə nail olandan sonra şəhidlərimiz qələbə mərasimi keçirilər. Qəhrəmanlar onları ziyarətə gələnləri böyük şövqlə qarşılayırlar. 

Qarağacı qəbiristanlığını ziyarət də var proqramda. Qəbiristanlığın özü yoxdur. Ərazisi başdan-başa şumlanıb. Dünyasını dəyişənlərin nöqtə boyda nişan yerləri də qalmayıb. Qalmayb? Səhv oldu, üzürlü say cismim, yurdumun halı halımı xarab edib, yanlış qənaətə gəldim. Necə yəni dünyasını dəyişənlərin nöqtə boyda nişan yerləri də qalmayıb. Elə deyil. Biz Vətən müharibəsində qalib gəlmişik. Ağdam qalibdir, bu yurdun hər nöqtəsi həyatda olmayan ağdamlıların nişan yeridir. Onlar hər yerdə var. Qarağacı qəbiristanlığının abidələşəcəyi günə az qalıb. O abidə regionu erməni vandalizminin cəngindən məhz Azərbaycanın qurtardığına  növbəti sübut olacaq. 

Ağdamdan ayrılmağıma dəqiqələr qalıb. Proqramda əksini tapan sonuncu məkanın qarşısındayam. Şahbulaq qalası. Mənfur düşmən ha əlləşib, qalanın bizə məxsusluğunu dəyişə bilməyib. Qala o murdarlara necə sinə gəribsə, ona çırpılıb cilk-cilik olublar. 

Qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. “Şahbulaq qəsri” adı ilə tanınan abidə iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metrdir. Kompleksin yeganə girişi Şərq tərəfdəndir. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb. Hazırda Şahbulaq qəsr kompleksindən, təpə üzərində ucalan qala və məscid binası qalıb. 

Odur, dahi Xudu Məmmədov yazdığı bayatını pəsdən deyə-deyə, qalanın pillələri ilə qalxır. 

Bu qala bizim qala, 
Həmişə bizim qala
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.

“İziniz qaldı deyə onun açdığı cığırla Qarabağa qayıtdıq, Xudu müəllim”.   Xoşbəxtlyə bax, eşitdi deyəsən. Əllərini göyə açıb şükr edir. Qaladan Ağdamın seyrəngahına çıxan Xudu Məmmədovu Yurd Tanrısı ilə başa-başa qoyub geri dönürəm. Bir-birinə söyləyəcəkləri o qədər pünhan mətləblər var ki.

Sözün yaratmaq möcüzəsinə tapınan həmkarlarını gətirən avtobuslar indi çatıb. Partlayış səslərinə diksinirəm. Sən belə səsləri çox eşitmisən. Mühəndis – istehkamçılar azərbaycanlını Qarabağa həsrət qoymaq istəyən ermənilərin basdırdıqları minaları zərərsizləşdirirlər. Qarabağı işğalçılardan təmizlədiyimiz kimi, qarış-qarış məhv edirik minalanmış əraziləriı. Naxış-naxış fəth edirik yurdlarımızı. 

Birləşmişik – cism və ruh. Reportajımızı bitirmişik, redaktə mərhələsi qalıb. Dəyərli imza sahiblərinin səfər təəssüratlarını oxuyuruq.  Hisslərinizi mükəmməl yazmısız, başıbəlalı jurnalistikamızın bəlalı başlı jurnalistləri. Yazdıqlarınızla Ağdamı yaratmısız, yaşatmısız, anlatmısız – əsas odur. O reportajların hər cümləsi haqq düşünənlərin ürəyində çiçək açır, nahaq danışanların gözünə ox olub batır.

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …